“Həmin qolu karyeramın ən yaxşı qolu seçərdim”
Azərbaycan Futzal Federasiyasının rəsmi saytına “Korifeylərimiz” rubrikası altında müxtəlif illərdə millimizin və klublarımızın formasını geyinmiş, oyunu, davranışı ilə rəğbət qazanmış futzalçılarla müsahibələr təqdim olunur.
Sportline.az xəbər verir ki, növbəti qonaq millimizin sabiq üzvü Rəcəb Fərəczadə olub. Onunla müsahibəni təqdim edirik:
- Sənin adın gələndə daha çox hər dəfə futzal üzrə millimizin Ermənistanla keçirdiyi oyun yadıma düşür. 2008-ci ildə baş tutmuş matçı xatırlayırsan?
- Elə oyunu unutmaq olar? Qrupda onlarla qarşılaşacağımızı bildiyimiz dəqiqədən oyuna qədər həyəcansız günümüz olmadı. İnanın ki, yatanda da bu matç haqda düşünürdük. Çox həssas məqam idi: torpağımız işğal altında olduğuna görə onlarla qarşılaşma bizim üçün sanki parket üzərində bir “döyüşə” bənzəyirdi. Ancaq qələbə qazanmalı idik. Heç-heçə variantı haqda düşünən belə yox idi. Bu yolda canımızı vermək bahasına olsa da, məqsədimizə çatmalıydıq. Əlbəttə, şadam ki, görüşdə hesabı açdım. Karyeramda o qədər qol vurmaşam ki, ancaq həmin qolu heç vaxt unutmayacam. Sorgu keçirsəydilər, həmin qolu “karyeramın ən yaxşı qolu” seçərdim.
- Bu qədər həyəcanlı olmaq oyununuza maneə yaratmırdı?
- Bəzən mane olurdu, ancaq həyəcanlanmamaq da mümkün deyildi. Birinci hissədə rəqib müdafiədən çıxmağa çalışırdı. Ötürmə edəndə səhvə yol verdilər. Topu ələ keçirdim, dərhal zərbə endirdim və qol oldu. Zalda da bizi kifayət qədər azarkeş dəstəkləyirdi. Almaniyada, Niderlandda, Çexiyada, Slovakiyada yaşayan həmyerlilərimiz matçı izləyirdilər. Qoldan sonra onların necə sevindiklərini gördük. Qol sayəsində özünəinam da artdı və artıq rəqibi udmaq bir yana, böyükhesabla yenəcəyimizə əmin idik.
- Həmin vaxt komandada gərginlik, oyunçular üzərində təzyiq çox idi?
- Yaşımızın elə dövrü idi ki, situasiyanı kiminsə bizə izah etməsinə ehtiyac yox idi. Hər şeyi dərk edirdik. Özümüzdə gərginlik var idi, amma bunu büruzə verməməyə, kənar təzyiqdən qaçmağa çalışırdıq. Zaur müəllim (Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov) bütün oyunlarda olduğu kimi, bu matçda da yanımızda idi və dəstəyini əsirgəmirdi. Ümumiyyətlə o, bir qurum rəhbəri olmaqla yanaşı, həm də futzalçıların dostu idi. Məsləhətləşirdik, təkliflərimizi deyirdik, o da dinləyirdi, öz məsləhətlərini verirdi. Matçdan əvvəl səhər gəzintimiz oldu, rəhbərlik çalışdı ki, bir qədər deyib-gülməklə oyunçulardakı gərginliyi azaltsın. Çünki oyun haqda o qədər düşünürdük ki, gecə də gözümüzə yuxu getmirdi. Oyun günü səhərə qədər demək olar, yatmamışdım. Şükürlər olsun ki, yekun istədiyimiz kimi oldu və 9:1 hesabı ilə qələbə qazandıq.
- Oyundan əvvəl, oyun zamanı və oyundan sonra hansısa xöşagəlməz hallar yaşanmışdı?
- İstər-istəməz onlar bizi provakasiyaya çəkməyə çalışırdılar. Rəqibin azsaylı azarkeş qrupu var idi zalda. Onlar komandalarının bu şəkildə məğlub olacaqlarına inanmırdılar. Hesab 2:1 bizim xeyrimizə olan zaman tribunada müəyyən hərəkətlər etməyə, bizə təzyiq göstərməyə çalışdılar. Ancaq etdikləri əka-nəticə verdi. Ardıcıl qollar gəldi. Həmin anda bizim düşərgədə məşqçimizin işi daha çətin idi. Çünki hamı meydana çıxmaq, oyunun iştirakçısı olmaq, gözündəki qığılcımı, daxilindəki “vulkanı” qol vurmaqla söndürmək istəyirdi. İnanın, əlavə iki hissə də keçirilsəydi, hamımız oynamağa hazır idik.
- UEFA vəziyyəti nəzərə alıb komandaları nəinki ayrı oteldə, hətta fərqli şəhərlərdə məskunlaşdırmışdı..
- Bəlkə də buna görə həm oyundan əvvəl, həm də sonra komandalar arasında dava-dalaş, insident, hansısa xöşagəlməz hadisə baş vermədi. Məncə, eyni oteldə qalsaydıq, bəlkə də oyundan sonra onlar bu yenilginin əvəzini çıxmaq üçün mütləq provakasiyaya əl atacaqdılar. Bu qələbədə Zaur müəllimin də əməyi danılmaz idi. Sanki 5-ci oyunçumuz idi. Oyun ərzində dəstəkləyirdi, səhv edəndə imkan vermirdi ona görə məyus olaq, gərginləşək. Qələbə qazanmağımızı çox istəyirdi. Qələbəyə görə necə sevindiyini inidyə qədər xatırlayıram. Bəlkə də hansısa nəticəyə görə bu matçın yekunundakı qədər sevinməyib.
Bir faktı da deyim. 17 yaşımdan Ruslan Abdullayev, Asəf Namazov kimi məşqçilərin rəhbərliyi altında futbol üzrə milli çempionatın oyunlarında iştirak etmişəm. Söhbət 1997-98-ci illərdən gedir. Həmin vaxt Gəncə, Şəmkir, Tovuz kimi bölgələrdə güclü komandalar və onların heyətlərində böyük potensiala malik gənc futbolçular yer alırdı. Gəncə kimi yerdə 15-16 min azarkeşin qarşısında meydana çıxırdım və 17 yaşım olmasına rəğmən zərrə qədər də həyəcanlanmırdım. Ən böyük həyəcanı futzalda ermənilərə qarşı keçirdiyimiz oyunda yaşamışam. Hər imkandan maksimum istifadə etməyə çalışırdıq ki, onları məyus edək. Yenə deyirəm, 15-20 min azarkeş qarşısına dəfələrlə çıxsam da, heç vaxt belə həyəcan keçirməmişəm.
- Futzalla böyük futbol arasında çox get-gəl elədin. Qərarını dəyişməyinə nə səbəb olurdu?
- 17 yaşımdan milli çempionatın oyunlarında iştirak edirdim və ən gənc futbolçulardan biri idim. Açığı, həmin vaxt heç futzal haqda düşünmürdüm. Sadəcə hadisələrin axarı məni bura gətirdi. 1998-ci ildə hərbi xidmətə yollandım. Əsgər kimi MOİK-in heyətində xidmət edirdim. Maddi baxımdan vəziyyətimiz yaxşı deyildi. Atamı 5 yaşım olanda itirmişəm, evimizin bütün ağırlığı anamın çiyinlərində idi. Həmin vaxt MOİK rəisi olan Natiq Əliyev ailə vəziyyətimi bildiyinə görə, eyni vaxtda futzal oynamağıma da şərait yaratdı, bununla da az da olsa gəlirim olsun, ailəmin ehtiyacını müəyyən qədər qarşılayım. Belə deyim də, futzala gəlişim məcburiyyətdən oldu. Məmmədqulu Zeynalov və Baba Əsgərovun təşəbbüsü ilə futzal oynadım, oynadıqca gördüm ki, alınır. Onu da deyim ki, futbolla futzal kənardan bir-birinə yaxın idman növü kimi qiymətləndirilsə də, tam fərqlidirlər. İstər sürət, istərsə də taktiki-texniki baxımdan fərqlər çoxdur. Ona görə də hər futbolçu futzal oynaya bilmir. Tanıdığım futbolçulardan Zaur Ramazanov, Mirbağır İsayev, Ceyhun Sultanov, Rəşad Abdullayev futzalı da yaxşı oynayırdılar.
- Sən futbolda da gələcək vəd edən oyunçu idin. Hətta bir dəfə səni ən perspektivli gənc futbolçu da seçmişdilər.
- 17 yaşında milli çempionatda oynamaq, hətta qol vurmaq hər adama qismət olmurdu. Yaşar Vahabzadə, Aydın Ələkbərov, Emin Quliyev, Nazim Əliyev, Ramiz Məmmədov, Fərrux İsmayılov, Musa Qurbanov kimi futbolçularla birgə əsas heyətdə meydana çıxırdım. Televziyada, qəzetdə haqqımda tez-tez xoş fikirlər səsləndirilir, perspektivli oyunçu kimi qiymətləndirilirdim. O dövrdə vəziyyə çox fərqli idi. Hər şey indiki qədər rahat deyil. MOİK-ə getməyimin səbəbi də “Dinamo”nun ovaxtkı rəhbərliyinin səhlənkarlığı üzündən oldu. Hərbi xidmətdə olan zaman isə iki idman oyununun arasında qaldım. Bilmirdim futbolçu olum, ya futzal oynayım. Futzalı oynamaq oradan alacağım pulla ailəmə kömək etmək baxımından vacib idi. Həm də o dövrdə belə toplanışların, vitaminlərin olmaması gənclərin inkişaf etmənə mane olurdu. Fikirləşirdim ki, hərbi xidməti başa vurduqdan sonra futzalla vidalaşar, başqa futbol klubunun birində oynayaram. Mən hərbi xidməti bitirənə qədər ölkəmizdə futbol çempionatı dayandırıldı. Həm də qısa vaxtda futzal üzrə Azərbaycan millisinə dəvət aldım. Onda cəmi 20 yaşım var idi.
2007-08-ci illərdə Zaur müəllimdən icazə aldım, onun razılığı ilə yenidən böyük futbola qayıtdım, “Standard”da özümü yenidən sınadım. Oyunum da pis alınmırdı, komandama kömək edirdim. Ancaq sünu meydançalar çox olduğuna görə, zədələrim sabit çıxışıma mane oldu. Süni meydanda məşq etdikdə, oynayanda tez-tez zədələnirdim. Hər dəfə də zədəmi sağaldıb geri qayıtdıqdan sonra əsas heyətə düşə bilsəm də, bu uzun çəkmirdi. Sabitlik olmurdu. Həmin ərəfədə də komandamıza yaxşı nəticə qazanmaq lazım idi. Heyətimizdə də legioner az deyildi. Üç il “Standard”da oynadıqdan sonra yenidən futzala döndüm və karyeramın sonuna qədər “Araz-Naxçıvan”da və Azərbaycan millisində çıxış etdim.
- Məsələn, “Dinamo”da oynadığın zaman Ceyhun Sultanovla hücumda əla tandem yaratmışdın...
- “Dinamo”da Ceyhunla bərabər Emin Quliyev, Fərrux İsmayılov kimi gənc futbolçular da var idi. Hətta yadımdadır, sorgu zamanı ilin 3 ən gənc futbolçusu sırasında düşmüşdüm. Mənimlə birgə Ceyhun Sultanov və Nadir Nəbiyev həmin siyahıda yer almışdı. Üç dəfə turun simvolik heyətinə salındım, bir dəfə isə turun ən yaxşı oyunçusu seçildim. Futbolçu kimi uğurlu karyera qura bilməməkdə özümün də səhvlərim oldu, bir tərəfdən də maddi durum mənim get-gələ saldı.
- Futzal millisinə dəvət olunmağın necə baş verdi? İlk oyunun hansı idi?
(davamı olacaq)