Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

H.Heyədrov 1/8 finalda kosovolu Dardan Çenadan üstün olub. O, 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.  Heydərov yarımfinalda türkiyəli Bilal Çiloğlunu məğlub edib. O, finalda Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək. Gürcüstanlı cüdoçu 2012-ci il Olimpiya çempionudur.

Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanıb. O, bunların 4-də çempion olub, birində isə gümüş medal əldə edib. H.Heydərov 1 dəfə isə dünya çempionu olub.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 7 cüdoçusundan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.