İdmançımız erməniyə rəqib oldu, yarış dayandırıldı
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.
Sportline.az xəbər verir ki, birinci seansda Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Olimpiya mükafatçımız Lorenzo Sotomayor yarışda ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Sotomayor rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.
O, 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.
Amma yarış may ayınadək təxirə salınıb. Hazırda davam edən axşam sessiyasından sonra turnir rəsmən bağlı elan olunacaq.
"İşçi qrup artan məhdudiyyətlər və karantin tədbirləri fonunda tədbiri dayandırmağı və 60-dan çox ölkənin iştirakçılarına planlarını korrektə edərək evlərinə dönmələrini təmin etməyi qərara aldı. Olimpiadaya lisenziyaların may və iyun aylarında bölüşdürülməsini yekunlaşdırmaq üçün gündəlik vəziyyət qiymətləndirilməklə davam edəcək. Prioritet məsələ idmançıların oyunlara idman prinsipləri əsasında lisenziya qazanmalarıdır" deyə komitənin açıqlamasında bildirilir.
Mayın 14-də start götürmüş yarış martın 24-də yekunlaşmalı idi. Daha əvvəl turnirin azarkeşsiz keçirilməsi qərara alınmışdı.