İlham Əliyev: “Bu, onu göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir”
“Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanıb. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu, onu göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir”. SportLine.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür: “Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Biz güclü idman dövlətləri arasındayıq. Biz bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan idmançıları özlərini məişətdə də, döyüş meydanlarında da ləyaqətlə aparırlar: “Rio Olimpiya Oyunlarında bəzi hallarda hakimlərin ədalətsizliyi və deyə bilərəm ki, saxtakarlığı ilə üzləşərək onlar emosiyalara yol vermədilər, özlərini ləyaqətlə apardılar. Onlar üçün bu, ən ağır mənəvi zərbə idi. Çünki onların qələbəsi bütün dünyanın gözü qarşısında kobudcasına, həyasızcasına, biabırcasına əllərindən alınıb. Amma görün bizim idmançılarımız özlərini necə ləyaqətlə aparırlar. Bu, onu göstərir ki, bizim idmançılarımızın çox güclü mənəvi dayaqları var. Onlar gənc nəsil üçün də nümunədirlər və onların davranışı - mən onların fəaliyyətini də, həyatını da izləyirəm - cəmiyyətdəki hərəkətləri bizi çox sevindirir”.
Dövlət başçısı qeyd edib ki, Rioda müstəqil Azərbaycan bayrağı 18 dəfə dalğalanıb: “Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik, bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir”.