"İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
“Birinci hissə “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Rəqib ilk dəqiqələrdə təzyiqi artırdı".
Sportline.az xəbər verir ki, bu sözləri "Sürix"in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a Bakıda 2:3 hesabı ilə məğlub olduqları ilk oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, 3:3 hesabı ən layiqli nəticə olardı: "Rəqib oyun oynamağımıza imkan vermirdi. Amma ikinci hissədə şanslar yaratdıq, təzyiqə dözdük və ikinci qolu vurduq. Birinci hissəni “Qarabağ”ın, ikinci hissəni bizim aktivimizə yazmaq olar.
Hiss elədik ki, ilk hissədə rəqibi saxlaya bilmirik. “Qarabağ” topu çox yaxşı saxlayırdı. İkinci hissədə 3-4-3 sisteminə keçdik, cinahlara üstünlük verdik. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 ən layiqli nəticə olardı. Komandam uduzanda heç vaxt sevinə bilmərəm. Əsas nəticə ikinci oyundan sonra olacaq".
Çalışdırıcı bildirib ki, "Qarabağ"ın hazırda ölkə çempionatında oyunun olmaması Ağdam təmsilçisi üçün xüsusi üstünlükdür:
"Mənim qollara baxmağa hələ imkanım olmayıb. Bunu sabah təhlil edəcəyik. Əsas odur ki, ikinci hissədə komanda ruhunu itirmədi, dönüş etdi, qollarını vurdu. “Qarabağ”ın üstünlüyü odur ki, çempionat oyunu yoxdur, cavab oyununa rahat hazırlaşacaq. Bizim isə şənbə günü çempionat matçımız olacaq".
Fode "Qarabağ"ın oyununda yeni bir şey görmədiyini deyib: "Təzə bir şey görmədim. “Qarabağ”ı təhlil etdiyim şəkildə gördüm. Birinci hissədə bir epizodda penalti epizodumuz oldu, bəlkə də vermək olardı".
Mütəxəssis buraxdıqları 3-cü qolu belə şərh edib: "Belə səhvlərə yol vermək olmaz. Biz müdafiədə səhv elədik və qol buraxdıq. Amma bunun həlledici olmadığını düşünürəm".
Rəqibin baş məşqçisi "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin oyununu xüsusi qeyd edib: "Küləyin heç bir təsiri olmadı. Sürətli oyun izlədik. İkinci hissəni nəzərə alsaq, Şahruddin gözəl seyvlərlə komandasını xilas etdi. Birinci hissədə də bizim bəxtimiz gətirdi. Bəlkə də, 3:3 və ya 4:4 hesabı ədalətli nəticə olardı. Son olaraq qonaqpərvərliyə görə təşəkkür edirəm. Eyni qonaqpərvərliyi də biz Sürixdə göstərməyə çalışacağıq".