İrəvandakı təxribata görə bayraq qadağası tətbiq olundu

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) idmançılara mükafatandırmaya öz ölkələrinin bayraqları ilə gəlməsinə qadağa qoyub.

Sportline.az xəbər verir ki, bu haqda IWF prezidenti Məhəmməd Calud "Inside the Games" portalına bildirib. Qurum Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycanın bayrağının yandırılmasından sonra belə qərar verib. Bundan başqa, 2022-ci ildə Albaniyada təşkil olunan yeniyetmələrin Avropa çempionatının mükafatlandırma məraasimi zamanı Ermənistan idmançısı tərəfindən Türkiyə bayrağına qarşı təxribat törədilib. Qərar verilərkən bu iki fakt əsas götürülüb.

Qərara əsasən, bundan sonra ağır atletika üzrə dünya və Avropa çempionatı zamanı medal qazanan idmançıların öz ölkələrinin bayraqları ilə mükafatlandırmaya gəlməsinə icazə verilməyəcək. Dövlət himni səsləndirilərkən bayraqlar yalnız zalda quraşdırılan monitorda nümayiş etdiriləcək. 

IWF prezidenti məsələ ilə əlaqədar bildirib: "Biz idmanı, dünyanı təmsil edirik, kimin daha güclü olması ilə bağlı mübahisələri deyil. Biz İrəvanda baş verənləri, eləcə də keçən il kiçik podiumda idmançıların bir-birini itələdiyi insidenti nəzərə alırıq. Bunlar idman deyil".

Xatırladaq ki, ötən ay İrəvanda keçirilən Avropa çempionatının açılışı zamanı Azərbaycan dövlət bayrağı yarışa akkreditasiya olunan bir erməni millətçisi tərəfindən yandırılıb. Buna etiraz olaraq, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə Azərbaycan millisi Avropa çempionatını tərk edib.