İtaliya klubları narazılıq edirlər

İtaliya A Seriyasının bəzi təmsilçiləri, mövsümün bərpası ilə bağlı tərtib olunmuş tibbi protokola etiraz edirlər.
 
Sportline.az xəbər verir ki, "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoriya" və "Cenoa" bu səbəbdən məşqlərin bərpasına tələsmir.
 
Protokolda bir futbolçu və ya heyət üzvündə koronavirus aşkar ediləcəyi təqdirdə, bütün komandanın 15 gün müddətinə karantinə alınmalı olduğu qeyd edilib. Sözügedən klublar bu bənddən narazıdılar. Onlar Bundesliqada təsdiqlənmiş protokolun tərəfdarıdılar. Almaniyada koronavirusa yoluxma halında yalnız yoluxmuş oyunçu karantinə göndərilir, digərləri isə testdən keçirlər.
 
A Seriyası rəhbərliyinin mümkün protokol dəyişiklikləri ilə bağlı İtaliya Futbol Federasiyası və İtaliya İdman Həkimləri Federasiyasının rəsmiləri ilə müzakirə aparacağı gözlənilir.