Kamran Şahsuvarlı: "Özümə inana bilmirəm"
Boks seçməmizin üzvü Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarındakı qələbədən sonra fikirlərini bölüşüb. SportLine.az idmançının müsahibəsini təqdim edir:
- Birdən-birə iki dünya çempionunu məğlub etdiniz. Belə bir nəticəni gözləyirdiniz?
- Elə bilirəm, yuxudayam. Hələ də özümə inanmıram.
- Döyüşünüz necə keçdi?
- Rinqə çıxmazdan öncə həyəcanlı idim. Çox fikirli idim və necə vuruşacağımız bilmirdim. İlk raunddan sonra rəqibin taktikasına tam bələd oldum və döyüşümü ona uyğunlaşdırdım.
- İndi hamı sizi bürünc mükafatçı kimi təbrik edir. Bəs siz hansı medal üçün Rioya gəlmisiniz?
- Bunu da özüm üçün böyük uğur sayıram. Ancaq hər bir idmançının olduğu kimi, mənim də ən böyük arzum, Olimpiya çempionu olmaqdır. Məqsədimə çatmaq üçün axıra kimi çalışacağam.
- Azarkeşlər arasında belə bir fikir səslənirdi ki, Kamran Şahsuvarlı - Zanibek Alimxanuli duelinin qalibi çempion olacaq. Sizin bu fikrə münasibətiniz necədir?
- Yəqin, kənardan elə görünür. Özümə inamım var. Qismət nədirsə, o da olacaq.
- Rəqibinizlə bir dəfə qarşılaşmışdınız...
- Qazaxıstanda yaşayanda 17 yaşım olarkən onunla qarşılaşmışdım. Həmin vaxt uduzmuşdum. Bu gün, ilk növbədə, həmin məğlubiyyətin əvəzini çıxmaq barədə düşünürdüm. Əsas məqsədim isə, bütün Azərbaycan xalqının etimadını doğrultmaq idi.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi