Kamran Şahsuvarlı "qızıl"ı əldən verdi
Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb. Azərbaycan Boks Federasiyasından SportLine.az saytına verilən məlumata görə, bu gün baş tutan final mərhələsində rinqə yığmamızın üzvlərindən 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı çıxıb.
Həlledici görüşədək 3 rəqibinə qalib gələn Olimpiya mükafatçımız ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə 25 yaşlı boksçumuz Avropa çempionatını gümüş medalla bitirib.
Qeyd edək ki, Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya da qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələniblər.