Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib
Azərbaycan Milli Karate Federasiyası 2022-ci ilin yekunu ilə bağlı hesabat verib.
Sportline.az xəbər verir ki, il ərzində qazanılan 159 medaldan 63-ü qızıl, 37-si gümüş, 59-u bürünc olub.
Milli üzvlərinin yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa və dünya çempionatında, həmçinin V İslam Həmrəyliyi Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə göstərdikləri nəticələr nəzərə alınıb.
İdmançılar Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasının rəsmi yarışlarında Gənclər Liqasında 2 qızıl, 2 gümüş və 2 bürünc, Seriya A turnirində 1 qızıl, 1 gümüş, 4 bürünc, Premyer Liqada 4 qızıl, 3 gümüş, 5 bürünc, müxtəlif mötəbər beynəlxalq yarışlarda isə 18 qızıl, 7 gümüş, 15 bürünc medal qazanıblar.
Karateçilər həmçinin yeniyetmə və gənclərin Avropa çempionatında 3 qızıl, 2 bürünc medal, bu yaş qrupları üzrə dünya çempionatında 2 qızıl, 2 bürünc medala sahib olublar. Böyüklər Avropa çempionatında 1 gümüş, 2 bürünc, eləcə də Para-Karate üzrə qitə çempionatında 2 qızıl, 1 gümüş, V İslam Həmrəyliyi Oyunlarında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.
Bundan başqa, milli üzvləri Dünya Şotokan Federasiyasının (WSF) Avropa çempionatında 17 çempionluq, 11 ikincilik, 18 üçüncülük əldə edib, Dünya çempionatında isə 13 qızıl, 9 gümüş və 6 bürünc medalla yadda qalıblar.
Sentyabrda Bakıda ilk dəfə təşkil edilən Karate1 Premyer Liqa seriyası turniri WKF tərəfindən ilin ən yüksək səviyyəli turniri kimi qiymətləndirilib. Bakıda növbəti səfərdə olan WKF-in prezidenti Antonio Espionos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub, Azərbaycan karatesinin yüksək səviyyədə inkişafını və dünya karate ailəsində böyük nüfuza malik olduğunu qeyd edib.