LAYİHƏ: "Rəşad Sadıqovu mənə görə milliyə çağırmamışdılar”

“Rəşad Sadıqovu mənə görə milliyə çağırmamışdılar”

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində üçüncü yazını dəyərli oxucularına təqdim edir. Ötən iki yazımızda təcrübəli mütəxəssis Sabir Əliyevə, daha sonra isə, PRO kateqoriyalı gənc məşqçi Azər Bağırova müraciət etmişdik. Həmsöhbətlərimizlə birlikdə uşaq futbolunun vəziyyətindən, istedadlı uşaqların seçilməsi və düzgün inkişaf etdirilməsindən danışmışdıq. Bu dəfəki yazımızda mövzunu daha bir təcrübəli mütəxəssislə davam etdirəcəyik. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi futbolda da müəyyən mənada durğunluq və çətinliklər özünü hiss etdirməyə başladı. Zaman keçdikcə həm müstəqilliyimizi bərkitməyi, həm də dirçəliş yoluna qədəm qoymağı bacardıq. Sovetlər dönəmində futbolumuz Anatoli Banişevski, Ələkbər Məmmədov, Nazim Süleymanov, Vəli Qasımov kimi istedadları ilə öyünürdü. Kövrək addımlarını atan müstəqil Azərbaycan futbolunda da belə parlaq simalar yavaş-yavaş ortaya çıxmağa başladı. Müasir dövrdə Azərbaycan futbolu ilə maraqlananlar hamısı Ceyhun Sultanov, Rəşad Sadıqov və Vaqif Cavadovu tanıyır. Bu üç nəfərlə yanaşı neçə-neçə istedadlı futbolçu var ki, onların üzə çıxmasında, əsl peşəkar kimi yetişməsində əməkdar məşqçi Vaqif Paşayevin əməyi danılmazdır. İyulun 9-da 64-cü doğum gününü qeyd edəcək Vaqif müəllimlə söhbətimizə körpü salmaq elə də çətin olmadı. Sonradan onu da vurğuladı ki, ürəyi doludur, danışmağa sözü çoxdur...

“Yaxşı uşaq məşqçisi olmaq üçün Allah vergisi lazımdır”

 Ənənəyə uyğun olaraq Paşayevə də ilk sualımızı istedadlı uşağın fərqləndirilməsiylə bağlı ünvanladıq. İllərini bu sahəyə həsr edən, Azərbaycana neçə-neçə istedadlı futbolçu qazandıran mütəxəssis bu işin öz sirrinin olduğunu vurğuladı: - Özümdən danışmağı sevmirəm. Amma ümumiyyətlə, uşaq futbolunun öz incəlikləri var. Kənar adam bunu o qədər də hiss edə bilməz. Uşağın istedadını hiss etməyin, onu vaxtında fərqləndirməyin də öz sirrləri var. Buna Allah vergisi də demək mümkündür. Əvvəl özündə hansısa bir istedad olmalıdır ki, digərində də bunu görə və üzə çıxara biləsən. Mənim ilk qəbul etdiyim qrup 1978/79-cu illərdə anadan olan uşaqlardan ibarət idi. Balacalar böyük həvəslə topun dalınca qaçırdılar, çalışırdılar ki, nəsə etsinlər. Ceyhun Sultonovu görən kimi onun digərlərindən fərqləndiyini hiss etdim.

Əmin idim ki, Ceyhun gələcəkdə adından söz etdirəcək, böyük futbolda sözünü deməyi bacaracaq. Həmin vaxt onun 12-13 yaşı vardı. Fiziki cəhətdən elə də gözə çarpmırdı. Ondan daha cüsəlli, boy-buxunlu olanlar da məşqlərə qatılırdılar. Amma Ceyhunda olan istedad, bacarıq məni cəlb edirdi. Yanımdakı mütəxəssislərlə də dərhal fikrimi bölüşdüm. Futbol diliylə də fikrimi həmin mütəxəssislərə izah etdim. Söhbət təkcə Azərbaycan çempionatının elitasında oynamaqdan getmir. Futbolçuda özünəməxsus keyfiyyətlər olmalıdır. Eyni fikir məndə Rəşad Sadıqovu görəndə də oyandı. 1982/83-cü il təvəllüdlü uşaqları qəbul etdim və Rəşadı dərhal fərqləndirdim. Vaqif Cavadovla bağlı fikrimi də onun ilk məşqlərini görəndən sonra atasına da demişdim. İndiyə qədər bu mövzuda yanıldığım olmayıb.

 - Sonuncu “kəşfiniz” elə Vaqif olub, yoxsa gələcəyinə böyük ümidlə yanaşdığınız adları yenə də görə bilmisiz?

 - “Sumqayıt”da əvəzedici komandada işləyəndə klubda almaniyalı çalışdırıcı var idi. Adı da Bernhard Raab. Həmin əcnəbi mütəxəssis Bəxtiyar Həsənəlizadəni komandadan uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, ondan heç vaxt futbolçu olmayacaq, onu görəndə mənim qarnım ağrayır. Mən klubun prezidenti Kamran Quliyevlə görüşdüm. Xahiş etdim ki, Bəxtiyarı əvəzedici komandada saxlasınlar, “Sumqayıt”dan uzaqlaşdırmasınlar. Quliyevə dedim ki, almaniyalı çalışdırıcı burda ömrü boyu olmayacaq, amma biz Azərbaycandayıq. Mən əmin idim ki, Bəxtiyardan yaxşı futbolçu olacaq. Sağ olsun, klub prezidenti məni dinlədi, Bəxtiyar da ümidlərimi doğrultdu. İndi klub köhnə heyətdən üç nəfərlə yeni müqavilə imzalayıb ki, onlardan da biri Həsənəlizadədir. 21 yaşadək futbolçulardan ibarət millidə də oynayıb, özünü isbatlayıb. İndi mənə deyirlər ki, sən olmasaydın Bəxtiyar “Sumqayıt”dan gedəcəkdi. Bəlkə də həvəskarlar liqasının səviyyəsinə düşərdi. Çünki özünə inamını itirmişdi, psixoloji zərbə almışdı. Öz üzərində çalışsa, əsas milliyə qədər yüksələcəyinə də inanıram.

- Deməli, gələcəyə ümidlə baxa bilərik. Amma istedadları itirməmək şərti ilə.

 - Əlbəttə, bizim istedadlı futbolçu sarıdan problemimiz yoxdur. İstedadla birlikdə uşaqda digər keyfiyyətlərdə olmalıdır. Baxırsan ki, bir futbolçu U-17, U-19 komandalarında əla oyun sərgiləyir. Elə ki, əsas komandaya keçmək məqamı gəldi, həmin uşaq itib-batır. Hazırda “Sumqayıt”ın əvəzedici komandasında məsləhətçi işləyirəm. Hər gün belə hallarla qarşılaşıram, uşaqlarla tərbiyəvi söhbətlər etməyə çalışıram. Aşağı yaşda “parlayan”, özündən razı olan birinə deyirəm ki, sən bu gedişlə əsas komandada oynaya bilməyəcəksən, səni orada görə bilmirəm. Dərhal inciyir, nəticə çıxarmaq əvəzinə küsür. Uşaqda xarakter olmalıdır, əsl döyüşçülər kimi vuruşmağı bacarmalıdır. Bu gün özünüz də görürsüz, Rəşad istər “Qarabağ”da, istərsə də millidə meydana çıxa bilməyəndə hansı fəsadlar olur. Çünki Sadıqov əsl liderdir. Ondan indiki gənclərin və yeniyetmələrin öyrənəcəyi çox şey var. Digərləri məndən inciməsin. Düzdür, artıq yaşına və zədələrinə görə əvvəlki kimi oynaya bilmir. Amma liderlik keyfiyyətlərinə görə onu əvəz edən yoxdur. Komandanı öz arxasınca aparmağı bacarır. Ceyhunda da bu cür bacarıq var idi. Ona baxırdı, digərləri də meydanda can qoyurdu.

“Mən Azərbaycan çempionu olmaq istəmirəm”

 Söhbətimizin davamında Vaqif müəllim uşaq məşqçilərindən və komandalarından nəticə tələb olunmasının da ciddi problem olduğunu vurğuladı:

- Mən hər bir yeni işə başlayanda ilk şərtimi deyirəm. Heç vaxt çempion olmağa can atmamışam. Mənim işim çempion komanda hazırlamaq yox, Azərbaycan futbolu üçün uşaq yetişdirməkdir. Azyaşlı uşaqlara da bunu aşılamağa çalışmışam. Demişəm ki, siz çempion olmağa tələsməyin, ən əvvəl yaxşı futbolçu olun. Ondan sonra pul da qazanacaqsınız, titul da. Həmişə arzum olub ki, milli komandamız oynayanda tribunada oturub meydandakı yetirmələrimin uğuruna tamaşa edim. Düzü, ən azı 7-8 yetirməmin millidə oynamasını arzulamışam. Bu arzum Türkiyə ilə oyunda qismən həyata keçib. Tariximizin vacib qələbələrindən birini qazandığımız oyunda mənim üç yetirməm meydanda idi. Söhbət Rəşad Sadıqov, Vaqif Cavadov və Saşa Yunisoğludan gedir. Qələbə qolunu da Rəşad vurdu. Bizim futbolumuzda başqa belə bir fakt yoxdur. Özümü çox xoşbəxt hiss edirdim.

-Sanki durğunluq dövrünə qədəm qoymuşuq. Yeni Rəşad, yaxud Ceyhun yetişdirə bilmirik...

 - Bəli, təəssüf ki, belədir. Həmin səviyyədə futbolçu hələlik görmürəm. Cavanlar, yeniyetmələr telefona çox aludə olublar. Baxıram ki, məşqə gəlirlər əllərində telefon. Məşqdən çıxan kimi də dərhal telefonu götürürlər. Gözü zəif olan adam kitaba, qəzetə necə baxırsa, onlar da az qalırlar telefonun içinə girsinlər, onu gözlərinə yapışdırırlar. Bütün fikirləri telefondadır, bilmirəm orda nə axtarırlar. Məşqin bitməyini gözləyirlər ki, tez telefonu götürsünlər. Fikirləri məşqdə, topda və məşqçidə yox, telefonda qalır. Aşağıdan yuxarı elə də istedadlı futbolçu gəlmir. Haradan Rəşad, Ceyhun çıxacaq? Bir az istedadı olanlar da elə danışırlar, elə hərəkətlər edirlər ki, mən deməyə söz tapmıram. Bu cür uşaqlar üçün də futbol axırıncı yerdə dayanır. Deyirəm ki, siz gələcəkdə futbolçu olmaqla yaxşı pul qazana bilərsiz, amma tələsməyin. Görürəm ki, onlar məşhurlaşmaq üçün tələsirlər, amma bu yolda əziyyət çəkmək istəmirlər.

- Gənc nəslin əsas problemlərindən birinin telefon olduğunu dediniz. Amma yəqin ki, bu yeganə problem deyil...

- İndiki uşaqlara deyirəm ki, topu qəbul edəndə onu kor-koranə özünüzdən uzaqlaşdırmağa çalışmayın. Nədə ki, onunla artıq hərəkətlər etməyin ki, rəqib topu sizdən alsın. Bir başınızı qaldırın, ətrafa baxın və fikirləşin. Qərar verə bilməmək ciddi problemdir. Sanki beyinlərin evdə qoyub məşqə gəlirlər. Özü də etdikləri səhvi onlara deyirsən, izah edirsən ki, onu təkrarlamamaq üçün nə etmək lazımdır. Amma baxırsan ki, yenə eyni hal yaşanır. Bir oyunçuya eyni sözü 4-5 dəfə təkrar deyirsən, nəticə olmursa, deməli, ondan böyük uğur gözləməyə dəyməz. Rəşadla Ceyhuna bir dəfəyə nəyisə irad tuturdum. Dərhal da görürdüm ki, onu aradan qaldırmaq üçün əl-ayağa düşürdülər. Çalışırdılar ki, təkrarlanmasın. Beləcə pillə-pillə yüksəlirdilər. Düzgün ötürmə verə bilməmək də ciddi problemdir. Topu vaxtında ötürmək əvəzinə onunla daha 5 addım atarsansa, rəqib sənə çatacaq və topsuz qalacaqsan. Bizim vaxtımızda indiki qədər futbol göstərmirdilər. İndi ayrıca futbol kanalları var. Məşhur klubların, futbolçuların oyununa baxmaq, nəsə öyrənmək çox asandır. İndiki gənclər bunu da etmirlər. Meydanı görmək bacarığı çox vacibdir. Bu da məşqlərdə səylə çalışmaq tələb edir. Digər məsələ prinsipiallıqla bağlıdı. İnsan hər bir işdə qarşısına məqsəd qoymalıdır və çalışmalıdır ki, ona çatsın.

Sizə bir əhvalat danışım. Rəşadı U-16 millisinə çağırmamışdılar. Həmin vaxt kimlərinsə mənimlə ədavəti var idi, gözləri götürmürdü. Qisasımı isə yetirmələrimdən alırdılar. Sadıqovun da yerinə başqa birini yığmanın toplanışına apardılar. Rəşad yanıma gəldi və söz verdi ki, hamıya güclü olduğunu, milliyə layiq olduğunu sübut edəcək. Gördüyü haqsızlıqlar onu sındırmadı, əksinə, bərkitdi. Rəşadın yerinə aparılan futbolçunun indi heç izi-tozu da yoxdu. Amma Rəşad Azərbaycan futbolunun liderinə çevrildi. Çox istərdim ki, digərləri də onun kimi olsun. 19 yaşında millidə oynadı, 22 yaşında kapitan seçildi. Heç vaxt da şöhrət onun başını gicəlləndirmədi.

“Rauf Əliyev meydana elə çıxırdı ki...”

 - Deyəsən, bizim futbolumuzun ən ağrılı yerlərindən biri də elə budur. Futbolçularımız şöhrətə və məşhurluğa çox tez məğlub olurlar.

 - Belə nümunələr yetərincədir. Qoy mənim sözlərimdən Rauf Əliyev və digərləri inciməsin. İlk vaxtlar Raufun oyununa baxanda çox sevinirdim. Deyirdim ki, illər sonra Azərbaycan futbolu əsl hücumçu yetirşdirib. “Qarabağ”ın oyunlarının birində onun stadiona necə girməyini gördüm və barmağımı dişlədim. Özündən çox razı idi və onun karyerasında enişin yaşanacağını düşünməyə başladım. Baxmayaraq ki, ilk vaxtlar hamının sevimlisinə və ümidinə çevrilmişdi. Azərbaycan çempionatında dövr edən pullar çoxlarının futbolunu öldürdü. Burda yaxşı qazandılar, ev-maşın aldılar, xaricə getmək haqqında düşünmədilər. Hansı ki, səviyyələrini artırmaqla daha çox məşhurlaşa, daha çox qazana bilərdilər.

- Sizin uşaq futbolunun incəliklərini, problemlərini yaxşı bildiyinizə şübhəmiz yoxdu. Deməli, həm də çıxış yollarını da o dərəcədə bilirsiz.

- Məşqçilərin üzərinə böyük yük düşür. Evdə valideyn, məşqdə isə məşqçi uşağın formalaşmasında əvəzsiz rol oynayır. Etiraf edək ki, bu gün layiq oldu, ya olmadı hamı kateroqiya alır və başlayır məşqçiliyə. Baxan yoxdu ki, bu adam uşaqla necə məşq keçir, öz biliyi və bacarığı necədir? Vəziyyət çox acınacaqlıdır. Uşaq və yeniyetmələrlə məşğul olanlar dərhal da nəticə qazanmağa can atırlar. Gələcəyi düşünmək yaddan çıxır. Nəticə vermək, işdə qalmaq üçün medal və kubok qazanmaq istəyi hər şeyi üstələyir. Daha düşünmürlər ki, bu günkü uşaq sabah böyüyəndə futbolçu ola biləcək, ya yox. Uşaq məşqçisinin birinci vəzifəsi Azərbaycan futbolu üçün kimi isə yetişdirməkdir. Hər mütəxəssis milli səviyyəsində bir futbolçu yetirşdirə bilsəydi, bu gün Prosineçki də belə çətin vəziyyətdə qalmazdı. Elə bir həddə gəlib çatmışıq ki, millidə gəlmələr üstünlük təşkil edir. Gələcəkdə necə olacağını düşünmək lazımdır. Nəticəni uşaq komandası yox, birinci komanda verməlidir. Əvəzedici heyət də daxil olmaqla digər bütün komandlar isə, gələcək üçün futbolçu yetişdirməklə məşğul olmalıdırlar. Bizdə uşaq məşqçisinə deyirlər ki, nəticə verə bilmədin, ərizəni yaz, işdən çıx. Belə olan halda məşqçiləri də qınamaq olmur, onlar da gərginlik içindədirlər. Uşaq komandaları arasında keçirilən yoldaşlıq oyunlarına baxsanız, elə bilərsiz ki, dünya çempionatının finalıdır. Uşağın tapşırığın verib, 90 dəqiqə onu izləmək lazımdır. Nə qədər çox səhv etsə, qorxulu deyil. Oyundan sonra səhvləri göstərib, onu düzəltməyin yollarını izah edirsən. İndiki məşqçilər meydançanın kənarından, dayanmadan uşaqlara yüksək səslə göstəriş verirlər. Belədə uşaq da robota çevrilir, gözləyir ki, məşqçi ona sağa və ya yola qaçmağa dair göstəriş versin. Sabah dolu tribunalar olanda məşqçinin səsi eşidilməyəndə həmin uşaq neynəyəcək? Mənim nəticəm yetişdirdiyim futbolçulardır, qazandığım aldadıcı medallar yox. “Real” Bakı futbol klubunu da bu düşüncəylə yaratmışdım. Heyf ki, maddi problemlər üzündən “Real”ın fəaliyyətini bir müddətlik dondurmağa məcbur olduq. Sizdən başqa kimsə soruşmur ki, ay Vaqif müəllim, illərdi futbolçu yetişdirmisiz. İndi nə üçün yeni istedadlar üzə çıxmır, problemlərdən necə qurtulaq? Bunu məndən soruşan yoxdu. Uşaq futbolunda çalışan məqçilərin də öz stimulları olmalıdır. Çoxları deyir ki, Vaqif Paşayevə Rəşad Sadıqov maşın bağışlayıb. Bəli, mənim üçün böyük mükafatdır. Amma maşından da əvvəl Rəşad, Ceyhun, Vaqif kimi futbolçuların yetişməsi, milli komandada oynaması mənim üçün fəxr idi. Onlar mənim adımı yüksəldib, yetirmələrimin sayəsində başımı dik tutmuşam, alnıaçıq gəzmişəm. Digər idman növlərində belə bir qayda var. Mükafat alan idmançının məşqçisinə də imtiyazlar verilir. Futbolda da elə olmalıdır. Millidə möhkəmlənən futbolçuların ilk məşqçiləri də qayğıyla əhatə olunmalıdır. Belədə uşaq məşqçiləri də bu işdə maraqlı olacaqlar, çalışacaqlar ki, yetirmələri irəliləsin.

Sözün əsl mənasında əməkdar məşqçi olan, bu adın qarşılığını artıqlamasıyla verən Vaqif Paşayevlə söhbətimizi burada yekunlaşdırırıq. Çox istərdik ki, klub rəhbərləri, futbolumuzun inkişafına cavabdeh olan səlahiyyət sahibləri, eləcə də gənc və yeniyetmə futbolçular təcrübəli mütəxəssisin sözlərindən nəticə çıxarsınlar. Biz isə Azərbaycan futbolunun problemlərini araşdırmağa və onların həlli yollarını göstərməyə davam edəcəyik.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir