Sabir Əliyev: “Əfran İsmayılovu düzgün yetişdirməyiblər” - LAYİHƏ

SportLine.az saytı oxucularının görüşünə yeni layihə ilə gəlir. AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə reallaşacaq bu dəfəki layihədə Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılmasına və onların mümkün həlli yollarının göstərilməsinə çalışacağıq.

Bundan əvvəlki layihələrdə daha çox tariximizi araşdırmağa çalışdıq, həm ümumi Azərbaycan futbolunun, həm də ölkəmizin idman həyatında özünün əhəmiyyətli yerini tutan 80 yaşlı “Neftçi”nin keçdiyi tarixi yola yeni bir işıq saldıq. Şübhə etmirik ki, bu çərçivədə qələmə aldığımız və sizə təqdim etdiyimiz 24 yazıda yetərincə maraqlı faktlarla tanış oldunuz, tarixin səhifələrini bizimlə birlikdə vərəqlədiniz. 

Artıq gələcəyə baxmaq zamanıdır. 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edən ölkələrdən biri olmağımız, bizdən ölkə futbolunun gələcəyinə daha diqqətli və həssas yanaşmağı tələb edir. Ötən ilin mayında paytaxtımız Bakıda təşkil olunan 17 yaşadək futbolçuların qitə çempionatı, bizim üçün əhəmiyyətli təcrübə oldu. Həm təşkilatçı ölkə kimi özümüzü isbatlaya bildik, həm də Təbriz Həsənovun çalışdırdığı komandamız qitənin nəhəng futbol ölkələrinin iştirak etdiyi yarışda topladığı 4 xalla bizi sevindirdi. Deməli, Azərbaycan futbolunun gələcəyinə nikbin nəzərlərlə baxmaq üçün ciddi əsaslar var. Yetər ki, həmin gələcəyin düzgün təməllər üzərində formalaşmasına, bərkiməsinə diqqət yetirək. Yetişməkdə olan istedadlı gəncləri qorumağı bacaraq, onları şöhrətin baş gicəlləndirici zirvəsindən çəkindirib, karyera yüksəlişinə yönəldək. 
Əsl futbolçu necə olmalıdır? Onu başqalarından fərqləndirən hansı keyfiyyətləridir? Həmin keyfiyyətlərin düzgün inkişafı, istedadlı uşağın gələcəkdə böyük futbolçuya çevrilməsi üçün nə etmək lazımdır? Bu qəbildən olan suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət edəcəyik. İlk müsahibimiz Azərbaycan futboluna neçə-neçə tanınmış adların bəxş edilməsində, istedadlı futbolçuların tapılıb üzə çıxarılmasında böyük xidmətləri olan Sabir Əliyevdir. Hazırda “Sumqayıt”ın Futbol Akademiyasında U-10, U-11 və U-12 komandaları üzrə koordinator kimi çalışan Sabir müəllim SportLine.az oxucuları üçün uşaq futbolunun incəliklərindən həvəslə danışdı, uzun illər ərzində topladığı təcrübəsini bölüşdü və sonda Azərbaycan futbolunun əsas problemlərini sadaladı.

“Seçdiyim uşaqların 90 faizi sonradan böyük futbolda sözünü deyə bildi”

Sabir Əliyev söhbətinə lap uzaqlardan, uşaq məşqçisi kimi işə başladığı ilk günləri xatırlamaqla körpü saldı:

- Mən elə ilk gündən məşqçilik fəaliyyətimə uşaqlarla başlamışam. Uşaq futbolu bir növ, mənim özüm üçün də böyük bir həyat yoludur. Balacalarla işləyə-işləyə özüm də bu sahədə püxtələşmişəm. Onların psixologiyasına, fiziki imkanlarına daha yaxından bələd olmuşam. Özümdən asılı deyil, artıq elə bir vərdişim formalaşıb ki, yolla gedəndə də hansısa məhəllədə, yaxud həyətdə futbol oynayan uşaqlar görəndə ayaq saxlayıram, uzun müddət onlara göz qoyuram. SSRİ dönəmində “Spartak” cəmiyyəti var idi. İlk fəaliyyətim məhz həmin cəmiyyətdə başlayıb. Bunun nə vaxt baş verdiyini təsəvvürünüzə gətirməyiniz üçün 3 futbolçunun adını çəkəcəm: Adil Mahmudov, Adil Şükürov və Mübariz Orucov. İndi hər biri, həm futbolçu, həm də məşqçi kimi ad qoyublar, özlərini sübut etməyi bacarıblar. Mahmudov özü “Azərbaycanın Əməkdar Məşqçisi” adını alıb. Sonradan Tofiq Abbasov məni “Xəzər”ə dəvət elədi, onun köməkçisi oldum. Həmin müddətdə uşaq futbolundan uzaq düşmüşdüm. Baxmayaraq ki, Tofiq mənim uşaqlıq dostum idi. Yenə də böyüklərin futboluna öyrəşmək mənim üçün çətin idi. Amma neynəyə bilərdim, üzərimə götürdüyüm işi layiqincə yerinə yetirməyə çalışırdım. Abbasov “Xəzər”dən ayrılandan sonra onun yerinə Telman Salahov təyin olundu. Sonra o da getdi və mən 1989-cu ildə “Xəzər”in baş məşqçisi oldum. Baş məşqçi kimi ilk işim komandada islahatlar aparmaq idi. Dərhal heyətə yeniyetmə və gəncləri dəvət etdim. Mütləq əksəriyyəti də elə doğma şəhərimizin yetirmələri idi. İşim təkcə əsas komanda ilə yekunlaşmırdı. Hər gün Sumqayıtdakı uşaq futbol məktəblərinə baş çəkirdim və gələcək vəd edən uşaqlara göz qoyurdum, özüm üçün qeydlər aparırdım. Onlardan bir-neçəsini “Xəzər”ə dəvət etdim və ayrıca məşqlər keçməyə başladım. Bu gün hamının tanıdığı Kamal Quliyev, Azər Məmmədov, İsmayıl Məmmədov, Vüqar İsmayılov, Zaur Hidayətov da həmin futbolçuların arasında idilər. Səmimiyyətimə inanın, mənim həmin vaxt seçdiyim uşaqların 90 faizi sonradan özünü futbolçu kimi isbatladı, elitada oynayan komandalarda özünə yer tapa bildi.

- Bizi maraqlandıran və cavabını bilmək istədiyimiz sual da məhz budur. Siz bir təcrübəli mütəxəssis kimi istedadı olan uşağı necə müəyyən edirsiniz? O, başqalarından hansı xüsusiyyətlərinə görə fərqlənir?
 

- İnsanlar fərqli olduğu kimi, uşaqlardakı istedadlar da eyni olmur. Biri topla davranışına görə seçilir, digəri sürəti və cəldliyi ilə. Başqa birisi meydanı yaxşı görür, ansamblı idarə etməyi bacarır, futbolun fəlsəfəsini anlayır. Bu keyfiyyətlərin hamısını özündə cəmləşdirə bilən uşaq isə gələcəkdə ulduz olur (gülür). Əlbəttə, universallığı hamıdan tələb edə bilmərik. Vacib olan odur ki, həmin uşaqla düzgün məşq prosesi keçəsən, onun bu xüsusiyyətlərini inkişaf etdirməyi bacarasan. Mütəxəssis nəzarətində məşq etməyən azyaşlıdan topla ustalar kimi davranmağı tələb etmək olmaz. Sürəti və cəldliyi olan həmin uşaq topla səliqəli davranmağı, müxtəlif futbol elementlərini düzgün yerinə yetirməyi zamanla, məşq prosesində öyrənməlidir. Bunun üçün uşaq məşqçiləri ona səbrlə yanaşmalı, həmin uşağın güclü və zəif tərəflərini düzgün müəyyənləşdirməlidirlər. Sizə bir olmuş hadisə danışım. 2001-ci ildə “Kimyaçı”nın baş məşqçisi idim. Stadiondan çıxıb evə gedərkən gördüm ki, məhlələrin birində gənclər asfaltın üstündə futbol oynayırlar. Onlardan biri diqqətimi cəlb etdi. Həmin uşaq asfalt üstünə yıxılırdı, “yay” kimi dərhal ayağa qalxırdı, topun dalıyca qaçırdı. Sürəti də əla idi. Biri-iki epizodda topla davranışına da fikir verdim, gördüm ki, hazır futbolçudur. Oyun qurtardı, yaxınlaşdım onu səhər məşqə dəvət etdim. Söhbət Ruslan Poladovdan gedir, 21 yaşına qədər doğru-düzgün məşq etməmişdi, futbol oynamamışdı. 3 il sonra “Gənclərbirliyi”ndən “İnter”ə, daha sonra da “Xəzər Lənkəran”a transfer olundu. Neçə illər yüksək səviyyədə futbol oynadı.

“Rahid Əmirquliyevi 17 yaşında elitada əsas heyətdə oynatdım”

- Bilirik ki, sizin sayənizdə istedadını açmış, sonradan məşhurlaşmağı bacarmış futbolçular təkcə Sumqayıtda yaşayanlar olmayıb.
- Futbolu oynayan futbolçunun özüdür. Mənim onlara köməyim o olur ki, öz məsləhətimi verib, istedadını düzgün istiqamətləndirim. Bir də futbolçunu itirib-batırmamaq önəmlidir. Uşağa da, yeniyetməyə də oynamağa, özünü göstərməyə şans vermək lazımdır. Mən “Şahdağ”a gələndə Rahid Əmirquliyevin istedadını, oynamaq həvəsini dərhal hiss etdim. 2006-cı ildə Rahidin cəmi 17 yaşı vardı. U-17 komandasında oynayırdı. Həmyaşıdlarından həm sürətinə, həm də texnikasına görə fərqlənirdi. İş qabiliyyəti yüksək idi. Onu əsas komandaya dəvət etdik. İlk oyunlarda sona yaxın 10-15 dəqiqə meydana çıxırdı. Arif Daşdəmirovu da onunla birlikdə aşağı yaş qrupundan dəvət etmişdik. Hər ikisi etimadı doğrultdu. Sonradan milli komandaya qədər yüksəldilər. Mahir Şükürov da “Kimyaçı”da elə parladı. Mən 2000-ci ildə əsas komandanı çalışdıranda Mahir U-19-da məşq edirdi. İlk məşqini izlədim. Texnikası zəif idi, amma fiziki cəhətdən çox hazırlıqlı görünürdü. Əsas heyətin məşqlərinə qatıldı, gündən günə artırmağa başladı. “Kəpəz”lə kubok oyununda ona ilk dəfə şans verdim və Mahirin vurduğu qolla 1:0 qələbə qazandıq. Sonrasını özünüz bilirsiz.
 

- Son illərdə sanki bir durğunluq dövrü keçiririk. Yeni istedadların üzə çıxması prosesi sanki bir qədər zəifləyib, əvvəlki kimi sürətlə getmir.
 

- Mən AFFA-da seleksiyaçı məşqçi kimi çalışırdım. 2010-cu ildə Tovuza getmişdim. Orada Budaq Nəsirovu gördüm. Hələ onda yaşı da xeyli az idi. “Turan”ın əməkdaşları ilə söhbətimdə bildirdim ki, onun yaxşı gələcəyi var. Keyfiyyətləri dərhal məni cəlb etdi. Xarakterini də dəyərləndirdim. Zaman göstərdi ki, haqlı imişəm. Sözümün canı odur ki, Azərbaycanın hər bir bölgəsində istedadlar var. Onar futbolu sevirlər, oynamağı bacarırlar. Bizim elə bir guşəmiz yoxdu ki, orda istedadlar olmasın. Mən bunu öz gözlərimlə görmüşəm. Qoy gənc mütəxəssislər məndən inciməsinlər. Hazırda çox ciddi məşqçi problemimiz var. Uşaq məşqçilərinin səviyyəsində problem var. Uşaqlarla düzgün iş aparılmalıdır. Biz bu gün Avropa ölkələrinin çempionatlarına baxırıq. Həmin ölkələrdə uşaqlar topla əla rəftar edirlər, düzgün məşqlər keçirirlər. Futbolun sirlərini uşaqkən öyrənməlisən. Çünki uşağın beyni ağ kağızdır, necə yazsan elə də qalacaq. Bu mənada məşqçilərin üzərinə yük düşür. Bu yaxınlarda özüm də Zaqrebdə “Dinamo”nun bazasında oldum. Xorvatiyadakı uşaq məşqçiləri hədsiz savadlılıdılar və öz işlərini çox sevirlər. Bizimkilər də nəsə etmək istəyirlər, amma buna savadları çatmır. Mən Sumqayıtdakı “Təhsil” cəmiyyətinin məşqçilərini görürəm. O məşqçilərin hamısının özlərinin öyrənməsinə ehtiyacı var. Uşaq futbolunda çalışan məşqçi mütləq özü futbolçu olmalıdır. Özü həmin hissləri yaşamalıdır ki, sonradan uşaqlara düzgün ötürsün. Uşaq məktəblərinə məşqçi götürərkən buna diqqət etmək lazımdır. Futbolumuzun inkişafını istəyiriksə, uşaqları hər məşqçinin yanına göndərmək olmaz. Belələri onların istedadını məhv edirlər.

“Əfran İsmayılovu düzgün yetişdirməyiblər”

- Uzun müddətdir uşaq futbolunun içindəsiniz. Necə düşünürsüz, gələcəyə ümidlə baxa bilərikmi?


- Uşaqdan əvvəl o uşağı yetişdirəcək məşqçiləri üzə çıxarmalıyıq. Onlar da öz işlərini sevərək görməlidilər. Məşqçi futbolda gedən yenilikləri bilməlidir. “Mən hər şeyi bilirəm” deyən məşqçidən uzaq qaçmalıyıq. 70 yaşım var, mən belə bu sözü dilimə gətirə bilmərəm. Millimizin Şimali İrlandiya ilə oyununu izlədim. 90 dəqiqə ərzində nə qədər qol vəziyyətimiz oldu, amma heç birini reallaşdıra bilmədik. Rəqibin əlinə bir fürsət düşdü, onu da qola çevirdilər. Yenə də uduzan biz olduq. Oyunumuz əla idi. Millimizin üzvləri dinamik oynayırdılar. Amma azı üç real qol vəziyyətini boşa verdik. Sadə oyun elementləridir, onu da uşağa məktəbdə öyrətmək lazımdır. Yoxsa, gəlib belə məqamlarda topu sol əvəzinə sağ tərəfə vuracaq. Əfran İsmayılov yaxşı futbolçudur, cinahda yaxşı keçidləri var. Qoy məndən inciməsin. Onun uşaq vaxtı düzgün yetişdirilməməsi indi özünü göstərir, son nöqtəni qoyanda doğru qərar verə bilmir. Bu artıq ustalıq məsələsidir. Qapıçı ilə üzbəüz qalır, topu düz onun üstünə vurur. İndi Əfranı öyrətməklə deyil, uşaq ikən başa salmaq lazım idi ki, qapıçıyla təkbətək çıxanda soyuqqanlı olmalısan, topu onun üstünə yox, boş olan küncə vurmaq lazımdır. Hər şey güclə, sürətlə həll olunmur. Günah Əfranda deyil, ona futbolu öyrədənlərdi. Söhbət təkcə ondan getmir. Demək istədiyim odur ki, Əfran kimi çox istedadlı uşaqlarımızın beyninə ilk gündən vacib elementlər düzgün çatdırılmalı, vərdişlər formalaşdırılmalıdır. Belə olsaydı, indi Əfran Avropada oynayardı. Eləcə də onun kimi neçə-neçə futbolçular. Bizim problemimiz odur. Gələcəyə ümidlər baxmaq, Əfran kimi istedadları lazımi səviyyəyə çatdırmaq üçün həmin problemləri həll etməliyik.

İstənilən sahədə uğur, inkişaf möhkəm təməldən, güvənli bünövrədən asılıdır. Futbolda da həmçinin. Uşaq futbolundakı bütün problemləri bir yazıya sığışdırmaq mümkün olmasa da, müəyyən məqamlara işıq salmağa çalışdıq. Növbəti yazılarda bu mövzunu yenidən diqqətdə saxlayacaq, digər mütəxəssislərin də fikirlərini təqdim edəcəyik.  

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir