Ənənə işiğı ardınca bölgələrə: Lənkəran Şahmat Məktəbi

Azərbaycanda zəngin ənənəyə malik idman növlərindən sayılan şahmatın populyarlıq səviyyəsi ona marağın kəmiyyəti ilə ölçülə bilər. Digər idman növlərində olduğu kimi, şahmatla məşğul olanların da əsas hissəsi paytaxt Bakını təmsil edir. Bəs, bölgələrdə vəziyyət nə yerdədir? SportLine.az saytı “Qambit” layihəsi çərçivəsində bu mövzuya müraciət edib. Bu dəfə sizə ölkənin tanınmış idman ocaqlarından biri kimi tanınan Lənkəran Şahmat məktəbi haqqında məlumat verəcəyik.

Azərbaycanda fəaliyyət göstərən böyük şahmat məktəblərindən biri də Lənkəran şəhərindədir. Təməli 1981-ci ildə ildə qoyulan idman ocağının keçdiyi yol heç də asan olmayıb. İlk illərdən yol yoldaşı olduğu problemlərə “üz verməyən” Lənkəran şahmatçıları çətinliklərə sinə gərərək məktəbin ənənəsini yaratmağı bacarıblar. Məktəbin direktoru İdrak Dadaşovun sözlərinə görə, hazırda fəaliyyət göstərən 30 qrupda 30 məşqçi 280 şagirdə şahmatın sirrlərini öyrədir. Məşqlər həftədə 3 dəfə keçirilir. Yaş həddinə gəldikdə isə, məşğələlərdə 5 yaşdan 16 yaşadək şagirdlər iştirak edirlər. Lənkəranda şahmata olan maraq yalnız şahmat məktəbi ilə məhdudlaşmır. Eyni zamanda şəhərin, eləcə də müxtəlif  kəndlərin orta təhsil ocaqlarında da əsas şahmat məktəbinin filialları fəaliyyətdədir.



Tarixə nəzər salaq: 1981–ci ildə Lənkəran şəhər şahmat məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərməyə başlayıb. Məktəbin binası 1 direktor və 5 sinif otağından ibarət olub. 1993-cü ildə şahmat məktəbi üçün inşa olunan yeni, 2 mərtəbəli bina 1 ildən sonra, 1994-cü ilin sentyabr ayında şahmatçıların istifadəsinə verilib. Ən qədim idman növlərindən birinə olan maraq tezliklə bəhrəsini verməyə başlayıb. Onlarla şagird dərin zəka tələb edən şahmatın sirrlərinə yiyələnmək məqsədi ilə məktəbin qapısını döyüb. 1991-ci ildə məktəbin istedadlı şagirdlərindən sayılan Rəşad Bayramov 10 yaşadək şahmatçılar arasında Azərbaycan birincilyinin finalında III yeri tutaraq Avropa birinciliyinə vəsiqə qazanıb. O, elə həmin il Slovakiyanın Bratislava şəhərində keçirilən Beynəlxalq şahmat turnirində 10 yaşadək şahmatçılar arasında I yeri tutmaqla etimadı doğruldub. Lənkəran məktəblilərinin uğurları bununla tükənməyib. Necə deyərlər, ardı gəlib. Xüsusi ilə respublika daxili yarışlarda sözügedən məktəbin yetirmələri daim mükafatçılar sırasında yer alıblar. Vüsalə Həsənova 1993-cü ildə 16 yaşadək qızlar arasında Azərbaycan birinciliyinin finalında II yeri tutaraq Avropa birinciliyində iştirak hüququ qazanıb. Ümumiyyətlə 90-cı illərdə Lənkəran şahmat məktəbinin yetirmələri müntəzəm olaraq qatıldıqları bütün yarışlarda diqqəti cəlb etməyi bacarıblar. İlk illərdə respublikadaxili yarışlarda göstərilən nəticələr beynəlxalq yarışlarda təkrarlanmasa da Samir Hüseynov, Rəşad Bayramov, Cəmil Hüseynov Rəşad Bayramov, Vüsal Həsənov və digər istedadlı şahmatçıların qitə birincilikləri və müxtəlif beynəlxalq yarışlarda qazandığı təcrübə gələcək üçün mühüm əhəmiyyət daşıyırdı. 1998-2004-cü illər məktəbin yetirmələri üçün uğurlu illər kimi yadda qalacaq. Məhs həmin illər ərzində məktəbin mükafatlar kolleksiyasının sıraları genişlənib. Rəşad Bayramov müəllimlərinin “üzünü ağ edib”. 1998-ci ildə 16 yaşadək oğlanlar arasında Azərbaycan çempionatının finalında III yeri tutaraq bürünc medala sahib olub. Həmin il Naxçıvanda H. Əliyeva şərəfinə keçirilmiş yarışda isə I yeri tutub. 2001 – ci ildə Qubada təşkil olunan şahmat olimpiadasında 2-ci yerlə kifayətlənən Əlizamin Cəfərli Yunanıstanın Kalitea şəhərində keçirilən Dünya Çempionatına qatılmaq hüququ qazanıb. Onun daha bir yadda qalan çıxışı 2005-ci ilə təsadüf edir. Yunanistan Porto-Karaş şəhərində məktəblilərin dünya çempionatında seçmə komandamızın şərəfini qoruyan istedadlı şahmatçı 16 yaşadək idmançılar arasında gümüş medala sahib çıxıb. 



Lənkəran məktəbliləri komanda yarışlarında da diqqəti cəlb etməyi bacarıblar. Onlar 2003-cü ildə Respublika Şahmat Olimpiadasında II yerə layiq görülüblər. Lənkəran məktəblilərinin daha bir uğuru bu günlərdə Rusiyanın Həştərxan şəhərində keçirilən yarışda qeydə alınıb. Sayca 11-ci olan beynəlxalq turnirdə Azərbaycan bu yarışda Lənkəran şahmat məktəbinin yetirmələri – Hacıəli Əhədzadə, Kənan Əhədzadə və Nəriman Ağayevlə təmsil olunub.

13 yaşadək şahmatçıların mübarizəsində qələbə uğrunda yarışan Hacıəli Əhədzadə 9 oyundan 8 xal toplamaqla bütün rəqiblərini qabaqlayıb. Həmin yaş qrupunda çıxış edən Nəriman Ağayev isə 3-cü pilləyə sahib olub. Digər istedadlı idmançı Kənan Əhədzadə 8 xalla 2-ci pillədə qərarlaşıb. 

Göründüyü kimi, müəyyən nəticələr, gələcəyə ümid verən göstəricilər yetərincədir. Amma, hələ ki, ciddi nailiyyətlər, aşağı yaş qruplarındakı uğurların böyüklərin yarışlarında təzahürünə rast gəlmirik. Əksəriyyət üçün şahmat həvəsi həvəskar səviyyəni aşa bilmir. Beləcə, əsas uğurlarımız yenə də paytaxt idmançılarının aktivinə yazılmaqdadır. Görünür, bölgələrdə şahmatın inkişafına hesablanan proqramlara daha ciddi yanaşmaq, islahatlar aparmaq lazımdır. Əks təqdirdə, vaxtilə Aynur Sofiyeva kimi idmançıların yetişdiyi bölgə şahmat məktəblərindəki susqunluq hələ uzun müddət davam edəcək.

Tural Xudiyev
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir