Məhəmmədrəsul Məcidov: "Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədir"
Almaniyanın Hamburq şəhərində boks üzrə dünya çempionatı başa çatıb. Mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb. Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?
- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdi. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.
- Həlledici döyüş necə keçdi?
- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.
- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?
- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.
- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...
- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.
- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.(apasport.az)