Məhəmmədrəsul Məcidov: "Birinci yer uğrunda mübarizə aparacağıq"

İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) Azərbaycan Boks Federasiyasının rəsmi saytına müsahibə verib. 

SportLine.az xəbər verir ki, mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında yığmamızın heyətində yer alacaq boksçu bu yarışa hazırlığından və hədəflərindən danışıb.

- İslam Həmrəyliyi Oyunlarına cəmi 4 gün qalır. Təcrübəli boksçu kimi komandanın hazırlığını necə qiymətləndirərdiz?

- Çox yaxşı məşqlər keçirik. Yeni ukraynalı baş məşqçimiz Leonid Loivskinin rəhbərliyi altında təlim-məşq toplanışımızı davam etdiririk. Öncə Bakıda, ardınca Qəbələdə hazırlıqda olduq. İndi yenidən Bakıda məşqlər keçirik. Çox güclü komandamız formalaşıb. Hazırlığa əsasən deyə bilərəm ki, İslam Həmrəyliyi Oyunlarında komanda hesabında da birinci yer uğrunda mübarizə aparacağıq. Hədəfimiz də budur.
 
- Bəs öz hazırlığınız nə yerdədir?

- Mənim müəyyən problemlərim vardı. Diz qapağımın altındakı zədəyə görə əməliyyat olunmuşdum. Bu üzdən bir müddət normal məşq də edə bilmirdim. Artıq bir neçə aydır ki, həmişəki qaydada məşq edib hazırlaşıram. Düşünürəm ki, hər şey qaydasında olacaq.

- Hazırkı formanız nə səviyyədədir? Özünüzü yarışa tam hazır hesab edirsizmi?

- Xeyli müddətdir heç bir yarışda iştirak etməsəm də, İslamiadaya hazıram. Təbii ki, elə vaxtlar olub ki, indikindən daha hazırlıqlı olmuşam.

- Rio Olimpiadasından sonra yarışlara qatılmamısız. Təxminən 9 aylıq fasilənin ardından doğma divarlar arasında döyüşə çıxmaq çətin olmayacaq ki?

- Bəli, Riodan sonra heç bir yarışda iştirak etmədim. Uzun müddət ümumiyyətlə məşqlərdən kənar qalmışdım. Dizimdəki əməliyyat, həmçinin digər problemlər buna səbəb olmuşdu. Əslində heç bir yarış asan olmur. Mən də çalışacağam ki, uğurlu çıxış edim. Artıq neçə vaxtdır məşqlərə başlamışam, sınaqçı rəqiblərlə gücümü də yoxlamışam. Özümü yaxşı tərəfdən göstərməyə çalışacam.

- Azarkeşlər hər bir yarışda sizdən medal gözləyirlər. Bu dəfə hansı mükafat sizi qane edəcək?

- İstənilən halda, hədəfim birinci yerdir. Yarışın qalib olmaq uğrunda mübarizə aparacam.

- İslamiadaya gələcək boks yığmalarının heyəti hələ tam dəqiqləşməyib. Bəs siz necə, rəqibləriniz barədə məlumat əldə edə bilmisizmi?

- Açığı, hansı ölkədən hansı boksçunun gələcəyi barədə hələ məlumatlı deyiləm. Amma çəkimdə Mərakeş, Türkiyə və Qazaxıstandan güclü idmançıların olduğunu bilərəm. Onların Bakıya gələcəkləri isə dəqiq deyil. Hətta hansı çəkidə neçə nəfərin mübarizə aparacağı da dəqiqləşməyib.

- İslam Həmrəyliyi Oyunlarından sonrakı planlarınız nədir?

- Hər hansı planlar qurmaq üçün vaxtımız yoxdur. Çünki İslamiadadan cəmi 3 həftə sonra Avropa çempionatı başlayacaq. Qitə birinciliyi dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Avqustun sonunda Almaniyada start götürəcək mundiala vəsiqə qazanmaq üçün Avropa çempionatında mütləq iştirak etməliyəm.