Məhəmmədrəsul Məcidov: "Ən azı 5 medal qazanacağımıza əminəm"

“Rəqibim çox təcrübəli idi. Üç Olimpiada keçmişdi. Döyüş asan alınmadı, amma qalib gələ bildim”. SportLine.az xəbər verir ki, bu sözləri boks seçməmizin üzvü Məhəmmədrəsul Məcidov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

Olimpiayadaya hazırlıqdan danışan boksçumuz uğurlu nəticəyə inamını gizlətməyib: “Komanda şəklində yarışa yaxşı hazırlaşmışıq. Bu baxımdan, hətta komanda hesabında birinci yeri tuta bilərik. Pərəstişkarlarımızın və idmansevərlərimizin etimadını doğrutlmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Komandamızın aktivinə, ən azı, 5 medal yazdıracağımıza əminəm”.

Növbəti mərhələdəki rəqibi haqda fikirlərini bölüşən Məcidov, “Qazaxıstan təmsilçisi İvan Diçko ilə qarşılaşacağam. Kifayət qədər təcrübəli və güclü rəqibdir. İndiyədək onunla iki dəfə qarşılaşmışam və hər ikisində qələbə qazanmışam”, - deyə bildirib.

Təşkilatçılıqdan razılığını ifadə edən boksçumuz, “Atletlər kəndində xırda məişət problemləri ilə üzləşdik. Həmin problemləri də özüm həll etməyə çalışıram”, deyə sözləyib.