Milli komandanın heyəti açıqlandı

Qadın boksçulardan ibarət seçmə komandamız Türkiyədə beynəlxalq yarışa qatılacaq.

Sportline.az xəbər verir ki, komanda baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə, İstanbulda təşkil olunacaq Boğaziçi turnirinə 3 idmançı ilə yollanacaq.

Qonşu ölkədəki turnirdə Məhsəti Həmzəyeva (57 kq), Məryam Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) gücünü yoxlayacaq. Komanda səfərə bu gün çıxacaq.

Yarışda ölkəni qadın boksçularla yanaşı, Türkiyədə təlim-məşq toplanışında olan kişilərdən ibarət yığma da təmsil edəcək. Kastamonu şəhərində hazırlıq keçən 13 idmançı – Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) uzun fasilədən sonra rinqə çıxacaq.

Boğaziçi turnirində Azərbaycanı hakim kimi isə Emin Qurbanəliyev təmsil edəcək.

Martın 16-da start götürəcək və 5 gün davam edəcək yarışda 29 ölkədən 202 (128 kişi, 74 qadın) boksçunun iştirakı gözlənilir.