Nəriman Abdullayev: "Vəziyyət daha da çətinləşib"

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Sportline.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib.

Böyük məşqçi Nəriman Abdullayev saytımıza açıqlamasında Olimpiadaya lisenziya qaydalarının daha da çətinləşdiyini bildirib:

"Əvvəllər dünya çempionatının ilk 8 pilləsində qərarlaşan boksçular Olimpiya Oyunlarına vəsiqə qazanırdı. İndi bu qaydanı ləğv ediblər. Vəziyyət daha da çətinləşib. Bu il cəmi 2 turnir olacaq ki, yalnız onlarda fərqlənənlər Olimpiadada iştirak hüququ əldə edəcəklər. Çəki dərəcələri 10-dan 8-ə düşüb. Ümid edirəm ki, komandamız 8 lisezniyadan 6-nı qazanacaq".

Qeyd edək ki, toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.