PSJ braziliyalı futbolçunun transferini açıqlayıb

“Korintians”ın yarımmüdafəçisi Qabriel Moskardo rəsmən PSJ-nin futbolçusu olub.

Sportline.az Fransa klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə bağlayıblar. 18 yaşlı oyunçu qarşıdakı 6 ayı “Korintians”da keçirəcək və bundan sonra mövsümöncəsi hazırlıq üçün PSJ-yə qayıdacaq.

Müxtəlif mənbələrə görə, Fransa klubu braziliyalı futbolçu üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək. Mümkün bonuslara görə əlavə olaraq 2 milyon avro da ödənilə bilər.

Qeyd edək ki, cari mövsüm “Korintians”ın heyətində 22 oyuna çıxan Moskardo bu matçlarda məhsuldarlıq göstərməyib.

Transfermarkt portalına görə oyunçunun transfer qiyməti 15 milyon avrodur.