Qadın boksçuların mükafat fondu açıqlandı

Qadınlar arasında boks üzrə dünya çempionatının yeri, vaxtı və mükafat fondu müəyyənləşib.

Sportline.az Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın əvvəlində Türkiyənin İstanbul şəhərində keçiriləcək. Mundialın dəqiq tarixi sonra açıqlanacaq.

AİBA prezidenti Umar Kremlev 12 çəki dərəcəsi üzrə keçiriləcək yarışın mükafat fondunun 2,4 milyon ABŞ dolları olacağını bildirib. Kişilərdə olduğu kimi, birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medalçılar isə 25 min dollar qazanacaq.

Bu, yarışın tarixində ən böyük pul mükafatıdır.

Qeyd edək ki, kişilər arasında dünya çempionatı oktyabrın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Mundial 13 çəki dərəcəsi üzrə baş tutacaq.