"Qarabağ" "Sürix" səddini adlasa...

“Qarabağ” bu gün çətin vəzifənin öhdəsindən gəlməlidir. 

Azərbaycan çempionu Bakıda əldə etdiyi 3:2 hesablı üstünlüyü qoruya bilsə, Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələcək. 

Bu isə artıq qrupda yerini təmin etmək deməkdir. Belə ki, Çempionlar Liqasının III təsnifat mərhələsində oynayacaq klublar ən azı Konfrans Liqasının qrupunda yerini təmin edir. 

"Qarabağ" "Sürix"i keçsə, "Ferentsvaroş" - "Slovan" cütünün qalibi ilə qarşılaşacaq. 

Çempionlar Liqasının III təsnifat mərhələsində də uğur qazansaq bu turnirin, əks təqdirdə isə Avropa Liqasının pley-offunda mübarizə aparmalı olacağıq. Bu da qrup mərhələləri öncəsi son səddir.

Çempionlar Liqasının pley-offunda qələbə bu turnirin, məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə deməkdir. Avropa Liqasının pley-offunda qələbə həmin yarışın, məğlubiyyət isə Konfrans Liqasının qrupuna vəsiqə verir. 

Bir sözlə, “Qarabağ” “Sürix”i keçsə, daha nüfuzlu turnirin pley-offunda oynayacağı dəqiqləşəcək və 2014/15 mövsümündən başlayaraq ardıcıl 8 dəfə qrupda oynayan komandamız 9-cu nailiyyətini qazanacaq. 

“Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, altı dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb, ötən mövsüm isə ilk dəfə bu səddi adlayaraq pley-offa yüksəlməyi bacarıb.