"Qarabağ"la oyun üçün hansı tapşırığı verib?
SSKA bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a qarşı Bakıdakı ilk görüşdəki taktiki sxemə sadiq qalacaq.
Sportline.az xəbər verir ki, bu barədə "Tema Sport" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, komandanın baş məşqçisi Xristo Yanev David Pastor və Ancelo Martino ilə xüsusi söhbət edib. Braziliyalı və argentinalı futbolçular cavab görüşündə cinah yarımmüdafiəçisi (wing-back) funksiyasını yerinə yetirəcəklər. Onlardan həm müdafiədə etibarlı çıxış etmək, həm də hücumlara fəal qoşulmaq tələb olunub.
Bildirilir ki, Yanev ilk matçın epizodlarını futbolçularla təhlil edib. Həmin qarşılaşmada Pastor və Martino eyni rolda çıxış etsələr də, oyunun əvvəlində ehtiyatlı davranmış, sonradan isə özlərini daha rahat hiss etmişdilər.
Qeyd olunur ki, bolqar mütəxəssis yenə üç mərkəz müdafiəçisi və sıx yarımmüdafiə xətti ilə oynayacaq. Onun Bakıdakı matçın start heyətini də böyük ölçüdə qoruyacağı gözlənilir. Yeganə mümkün dəyişiklik hücum xəttində ola bilər. Belə ki, bazar ertəsi "Botev Plovdiv" üzərində 3:2 hesablı qələbədə iki qol vuran Joel Tsvarts əsas heyətə namizəd olsa da, start "11-lik"də hazırda yaxşı formada olan Yoannis Pitas və Leandro Qodoyun meydana çıxmaq ehtimalı daha yüksək qiymətləndirilir.
Yarımmüdafiədə oyunun qurulması yenidən Stefano Sensiyə həvalə olunacaq. "Botev Plovdiv"la görüşdə komandasının geri dönüşündə mühüm rol oynayan italiyalının yenə əsas fiqurlardan biri olacağı gözlənilir. Jordao və Ebonq isə rəqibin yarımmüdafiəçilərinə qarşı mübarizə aparacaqlar.
Müdafiədə diqqət mərkəzində Bakıdakı ilk matçın ən yaxşı futbolçusu seçilən Jan-Filip Qbamen olacaq.
Mənbə onu da qeyd edir ki, SSKA futbolçuları dünən Pançarevodakı klub bazasında keçirilən son məşq zamanı yüksək əhval-ruhiyyədə olublar.