Rafael Ağayev İslamiada və Bakıda keçiriləcək yarışa qatılmayacaq

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Türkiyənin Konya şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında və Bakıda baş tutacaq Premyer Liqa yarışında iştirak edə bilməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a titullu karateçinin özü məlumat verib.

O, "Karate Kombat"da döyüşü zamanı əlinin sındığını bildirib: "Rəqibin başına zərbə vuranda sağ əlimin sümüyü çatlayıb. Gipsə qoyulmuşdu, yenicə açılıb. Bu səbəbdən, tələbəm Fərid Ağayev bu yarışlarda iştirak edəcək".

Qeyd edək ki, Azərbaycan Milli Karate Federasiyası 2 - 4 sentyabrda Heydər Əliyev adına İdman Sarayında keçiriləcək Premyer Liqa yarışı üçün 9 kişi kumiteçini - Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər üçü 67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Murad Hacızadə (hər ikisi +84 kq) sifariş ərizəsinə salıb.