Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

"Vüqar Həşimov Memorialı"nın 2022-ci ildə də keçirilməsi çox sevindiricidir. Rəqiblərimə ciddi yanaşıram, turnirin maraqlı idman mübarizəsi vəd etdiyini indidən deyə bilərəm".

Sportline.az xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı-2022"də iştirak edəcək Azərbaycan şahmatçısı Rauf Məmmədov yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

34 yaşlı qrossmeyster səkkizinci dəfə təşkil olunacaq turnirdə titullu və tanınmış şahmatçıların çıxış edəcəyini söyləyib. "Həm memorialda, həm də "Vüqar Həşimov" klubunun heyətində yer alarkən sanki Vüqarı hiss edir, onun dəstəyini duyuram. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb və müzakirə olunub".

Yarışa gənc şahmatçıların da qatıldığını xatırladan Rauf Məmmədov bildirib ki, heyətdə dünya, Avropa çempionatlarının və Olimpiadanın qalibləri yer alıb: "Mürəkkəb olacaq, amma şansımı normal qiymətləndirirəm. Ümumilikdə dünya şahmatı gəncləşib. Yetərincə güclü və titullu gənc şahmatçılar mötəbər turnirlərdə layqincə çıxış edir və mükafatçılar sırasında yer alırlar".

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.