Rio-2016: Boksçularımızın rəqibləri bəlli oldu

XXXI Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, milli komandamızın üzvlərinin də rəqibləri bəlli olub.

Tarixində ilk dəfə 4 illiyin ən möhtəşəm yarışında bütün komanda ilə təmsil olunan dəri əlcək ustalarımızdan ilk rinqə çıxan Teymur Məmmədov olacaq. 81 kq çəki dərəcəsində mübarizə aparacaq son Olimpiya Oyunlarının bürünc mükafatçısı avqustun 7-də ukraynalı Denis Solonenko ilə qarşılaşacaq.

Ondan bir gün sonra Abdulqadir Abdullayev mübarizəyə qoşulacaq. 91 kq çəkidə yarışan boksçumuzun rəqibi fransalı Pol Omba Bionqolo olacaq.

75 kq çəkidə çıxış edəcək Kamran Şahsuvarlı isə avqustun 9-da ilk görüşünə çıxacaq. Onun rəqibi çinli Minqqanq Jao olacaq.

İlk mərhələdən azad olan Albert Səlimov da avqustun 9-da mübarizəyə qoşulacaq. 60 kqçəkidə mübarizə aparan Dünya çempionatının gümüş və Avropa Oyunlarının qızıl medalçısının rəqibi hələ ki bəlli deyil.

Bu tarixdə daha bir boksçumuz rinqə çıxacaq. Superağır çəkidə yarışan (+91 kq) Məhəmmədrəsul Məcidov mərakeşli Muhammed Arjaoui ilə münasibətlərinə aydınlıq gətirəcək.

56 kq çəkidə döyüşən təmsilçimiz Cavid Çələbiyev isə ilk görüşünə avqustun 11-də çıxacaq. O, Qazaxıstan idmançısı Kayrat Yeraliyevlə mübarizədə kimin daha güclü olmasını müəyyənləşdirəcək.

Həmin gün daha bir idmançımız Lorenzo Sotomayor da məharətini göstərəcək. 64 kq çəki dərəcəsində yarışacaq Avropa Oyunlarının qızıl medalçısının rəqibi ukraynalı Volodimir Matviiçuk olacaq.

Avqustun 11-də 3-cü boksçumuz da rinqə çıxacaq. Belə ki, ilk mərhələdən azad olan Dünya çempionatının bürünc, Avropa Oyunlarının isə qızıl medalçısı Pərviz Bağırov da Olimpiadada debüt döyüşünü keçirəcək. 69 kq-da yarışan döyüşçümüzün rəqibinin kimliyi ilk mərhələdən sonra bəlli olacaq.

Mötəbər turnirdəki yeganə qadın boksçumuz Yana Alekseyevna döyüşlərə birbaşa 1/4 finaldan start verəcək. O, avqustun 15-də rinqə çıxacaq. 60 kq çəkidə mübarizə aparan Avropa Oyunlarının qızıl medalçısının rəqibi hələ ki bəlli deyil.

İlk mərhələdən azad olan daha bir dəri əlcək ustamız – Elvin Məmişzadə də (52 kq) həmin gün ilk döyüşünü keçirəcək. Dünya çempionumuzun ilk rəqibinin kimliyinə birinci turun döyüşlərindən sonra aydınlıq gələcək.

Ən yüngül çəkidə (49 kq) mübarizə aparacaq Rüfət Hüseynovun ilk mərhələdəki rəqibi isə namibiyalı Matias Hamunyela olacaq. Bu görüşün tarixi hələ ki müəyyənləşməyib. Təmsilçimiz bu rəqibini geridə qoyacağı halda Qazaxıstan idmançısı Birjan Jakipova rəqib olacaq.