Rizvan Fərzəliyev: "Arxayınam ki, qrup mərhələsinə vəsiqə qazanacağıq"

"Yanvarın 13-dən toplanışdayıq. Özbəkistanla iki yoxlama oyunumuz olacaq. Yanvarın 24-dən 25-nə keçən gecə isə Xorvatiyaya yollanacağıq. İlk oyunumuz meydan sahibi - Xorvatiyaya qarşıdır. İlk oyunda çətin rəqiblə düşməyimizin yaxşı və pis tərəfləri var. Ona görə pisdir ki, ev sahiblərinə qarşı oynayacağıq. Məqsədimiz 1-ci, ya da 2-ci yerlə qrup mərhələsinə adlamaqdır. Yaxşı məşqlər keçmişik, komanda hazırdır. Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq".

Sportline.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev dünya çempionatının elit-raund mərhələsinin oyunlarından öncə təşkil olunan brifinqdə deyib.

O, qrupdakı bütün komandaların şanslarını bərabər olduğunu söyləyib. "Hamısı Avropanın öndə gedən komandalarıdır. Hansınısa favorit kimi qeyd etməzdim. Şansları bərabər görürəm. Təcrübə baxımımdan komandamıza güvənirəm. Arxayınam ki, qrup mərhələsinə vəsiqə qazanacağıq".

Təcrübəli oyunçu Rusiya yığmasını favorit hesab etmədiyini vurğulayıb: "Deməzdim ki, Rusiya millisi favoritdir. Yaxın keçmişdə bu komanda ilə turnirlərdə qarşılaşmışıq. Sırf hansısa cəhətdən bizdən üstün olduqlarını deməzdim. Təcrübələri çoxdur, amma biz də onlardan geri qalmırıq. Çalışacağıq qrupda layiqli yerlər uğrunda mübarizə aparaq. İlk oyunda var gücümüzlə oynayacağıq. Xorvatiyanın yaxşı şanslarının olduğunu deyirlər. Həm meydan sahibləridir, həm də yaxşı oyunçuları var. Onlara qalib gəlsək, 2-ci, 3-cü oyunda bizi heç-heçə də qane edə bilər. İlk oyunda Xorvatiya ilə düşməyimiz bu cəhətdən yaxşıdır".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq.