Seçməmiz 2-ci oldu
Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub. Boks Federasiyasından SportLine.az saytına verilən məlumata görə, Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində 3 yoldaşlıq görüşü keçirib.
Yığmamız ilk qarşılaşmasında Rusiyanın ikinci komandası ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Qazaxıstan millisi ilə gücünü yoxlayan təmsilçimiz bu dueldən də qalib ayrılıb – 8:2.
Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevin rəhbərlik etdiyi yığma son qarşılaşmasında Rusiya-1-lə qüvvəsini sınayıb. Döyüş rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, komandamız turniri ikinci yerdə bitirib. Yığmamızın heyətində Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq) və Məhəmməd Abdullayev (+91 kq) keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar.
Qeyd edək ki, boksçularımızın Avropa birinciliyinə hazırlığının son mərhələsi oktyabrın 1-18-də Bakıda olacaq.
Qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.