Seçməmiz beynəlxalq turnirdə iştirak edəcək
Fevralın 19-25-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri təşkil olunacaq. SportLine.az xəbər verir ki, 69-cu dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
Azərbaycan kişi boksçuların turnirində çıxış edəcək. Yığmamızın məşqçilər korpusu yarışda 7 idmançını sınaqdan keçirəcək. “Strandja” turnirində Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) mübarizə aparacaqlar.
Ölkəmizi Bolqarıstanda hakim kimi Fikrət Hacıyev təmsil edəcək.
Yığmamız Boks Mərkəzindəki təlim-məşq toplanışını sabah başa vuracaq. Komandamız ilin ilk beynəlxalq yarışına fevralın 17-də gecə saatlarında yollanacaq.
Qeyd edək ki, “Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.
Azərbaycan Boks Federasiyasının məlumatı