Seçməmiz Dünya çempionatına yollanır
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidentləri Süleyman Mikayılov və Rövşən Hüseynov dünya çempionatına yollanacaq milli komandanın üzləri ilə görüşüb. Azərbaycan Boks Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yığıncaqda boksçularla yanaşı, ABF-in baş katibi Nağı Səfərov, yığmanın rəisi Anar Məmmədov və məşqçilər korpusu iştirak ediblər. Komandanın hazırkı durumu ilə maraqlanan S. Mikayılov Almaniyanın Hamburq şəhərində keçiriləcək mundialda hər bir boksçumuzdan uğurlu çıxış gözlədiyini bildirib. O, əvvəlki dünya çempionatında olduğu kimi bu dəfə də yığmamızın azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib. Komandanın baş məşqçisi Leonid Loivski təlim-məşq toplanışlarının plana uyğun getdiyini və milli üzvlərinin yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, dünya çempionatına lisenziya qazanan hər bir boksçu mundialda medal qazanmaq gücündədir. Yığma üzvləri Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Hamburqda mükafata iddialı olacaqlarını deyiblər. Baş katib Nağı Səfərov və vitse-prezident Rövşən Hüseynov da komanda üzvləri ilə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, lazımı təlim-məşq toplanışı keçən millimiz son analoji yarışlarda olduğu kimi bu dəfə də ölkəmizi layiqincə təmsil etməyə hazırdır. Ardınca gənclərdən ibarət yığmanın baş məşqçisi Vaqif Şirinov komandası barədə məlumat verib. O bildirib ki, Avropa birinciliyinə hazırlaşan heyətdə güclü boksçular cəmləşib və parlaq gələcək vəd edirlər. Qeyd edək ki, dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına yollanmayacaq. Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər. |