“Səfər sindromu”na son qoyduğumuz oyun - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində dördüncü yazını təqdim edir. Budəfəki yazımızda Çexiya ilə səfərdəki oyundan söhbət açacağıq. Həmin qarşılaşmaya xüsisi diqqət ayırmağımız heç də səbəbsiz deyil. 2016-cı ilin oktyabr ayının 11-də Çexiyanın Ostrava şəhərindəki stadionda keçirilən bu qarşılaşma Azərbaycan millisinin seçmə mərhələnin startında keçirdiyi uğurlu oyunların pik nöqtəsi idi.
Millimizdən fərqli olaraq çexlər dünya çempionatının seçmə oyunlarına heç də yaxşı başlamamışdılar. İlk turda Şimali İrlandiyanı qəbul edən Çexiya doğma meydanda qolsuz bərabərliyə razı olmuşdu. Təqvim qrupun şəksiz favoriti Almaniyanı artıq ikinci turda Çexiyaya rəqib etmişdi. 0:3 hesablı məğlubiyyət Karel Yarolimin əhvalını əməlli-başlı korlamışdı. Millinin baş məşqçisi Çexiya mətbuatının tənqid hədəfinə çevrilmiş, azarkeşlərin komandaya inamı sarsılmışdı. Belə bir məqamda Azərbaycanla oyuna hamı ikiqat məsuliyyətlə yanaşır, çexlər qələbə və qol sevinci həsrətinin məhz Ostravadakı qarşılaşmada sona çatacağına inanırdılar. Rəqibdən fərqli olaraq, bizim düşərgədə işlər qaydasında gedirdi. Millimiz ilk iki oyunda maksimum nəticə qazanmış, üstəlik Kamran Ağayevin qoruduğu qapının toru bir dəfə də olsun silkələnməmişdi. Komandamız topladığı 6 xalla “C” qrupunda 2-ci pilləni ələ keçirmiş, bütün dünyanın diqqətini üzərinə toplamağı bacarmışdı. Analitiklər Çexiya ilə oyunu həm də ona görə gözləyirdilər ki, “Niyə də yox?!” şüarının nə qədər ciddi olub-olmadığını müəyyənləşdirsinlər, Azərbaycan millisinin gücünə obyektiv qiymət versinlər. Azərbaycanla görüşə qədər Çexiya qol vurmağı bacarmadığından çoxları bu oyunda böyük hesab qeydə alınacağının, çexlərin ilk iki oyundakı uğursuzluqları unutduracağının proqnozlarını verirdi. Amma millimizin futbolçularında özünəinam yaranmış, bizimkilər səfərə uğurlu nəticə qazanmaq üçün yollanmışdılar.
Çexlərlə oyun öncəsi bizi narahat edən əsas məqam "səfər sindromu" ilə bağlı idi. Uzun müddətdir ki, beynəlxalq arenada çıxış etməyimizə baxmayaraq, həmişə bu məqam bizim üçün ciddi problem sayılıb. Millimiz evdə istənilən rəqiblə başabaş mübarizə aparıb, 90 dəqiqə “silahı” yerə qoymayıb. Ümidlənmişik ki, artıq döyüşkən futbolçularımız, mübariz komandamız var. Bakıda hansısa rəqibdən xal aldıqdan sonra uğurun davamının gələcəyinə inanmışıq. Amma növbəti oyunda rəqib meydanında oynayan futbolçularımız özünə bənzəməyib. Rəqibin azarkeşlərinin qarşısında oynamağın verdiyi həyacanı boğa bilməyiblər. Səfər sindromunun Ostravada da özünü göstərəcəyindən, ilk iki oyunda qazanılan 6 xalla azarkeşləri sevindirən millimizin acı məğlubiyyətə uğrayacağından çəkinsək də, biz slovenyalı Matej Juqun final fiti ilə daha bir tarixi qarşılaşmanın sevincini yaşadıq.
Prosineçki kimlərə güvənmişdi?
Ostravadakı oyunda millimizin baş məşqçisi Robert Prosineçki Ramil Şeydayevi ilk dəfə start heyətdə meydana buraxmışdı. Bu isə çalışdırıcının ilk iki oyunda meydana sonradan daxil olan Ramildən razı qaldığına işarə idi. Zədəli Rəşad Sadıqovun yoxluğunda komandamızı meydana kapitan kimi digər “Qarabağ”lı Rahid Əmirquliyev çıxarmışdı. “Çərçivə”də adəti üzrə Kamran Ağayevə güvənən Prosineçki bu üç futbolçudan başqa aşağıdakı oyunçuları start heyətə daxil etmişdi: Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Namik Ələskərov, Ruslan Qurbanov, Dmitri Nazarov.
Oyunun gedişində hər üç əvəzetmə imkanından istifadə edən Prosineçki 71-ci dəqidədə Namiqin əvəzinə Ağabala Ramazanovu oyuna qoşdu. Bu addım oyuna yeni nəfəs gətirməklə yanaşı ilk yarıda sarı vərəqə alan Ələskərovun “qırmızı”dan qorunmasına hesablanmışdı. Çünki 35-ci dəqiqədə hakimin xəbərdarlıq etdiyi Namiqin hər hansı bir ehtiyatsız hərəkəti komandamızı azlıqda qoya bilərdi. Prosineçkinin 87-ci dəqiqədə Araz Abdullayevi Ruslanın, bundan üç dəqiqə sonra isə Eddi İsrafilovu Şeydayevin əvəzinə meydana buraxması isə, daha çox vaxt udmağa, çexlərin oyununu “soyutmağa” hesablanmış addım idi.
Meydana çıxan futbolçuların adlarına və çıxış etdikləri mövqelərə baxanda Prosineçkinin əsasən müdafiənin qeydinə qalmağı hədəflədiyini anlamaq çətin deyildi. Onun bu istəyi də başadüşülən idi. Əvvəlcədən qeyd etdiyimiz kimi, ilk iki oyunda qələbəyə və qola həsrət qalan çexlərin ilk dəqiqələrdən irəli atılacağı, erkən qolla millimizin oyun sistemini pozmağa çalışacağı gözlənilənilirdi. Bizim futbolçuların adət etmədiyi soyuq hava və güclü yağış da bu işdə onlara kömək edəcəkdi. Prosineçki müdafiəni etibarlı qurmaqla irəlidə Dmitri Nazarovun standart vəziyyətlər zamanı “öldürücü zərbələrinə”, Ruslan Qurbanovun sürətinə, Namik Ələskərovun cinahdan reyd edib, uzun ötürmə verməsinə və özünü sübut etmək eşqiylə alışıb-yanan Ramil Şeydayevin istedadına, qolçuluq bacarığına güvənirdi.
Futbolçular baş məşqçisinin etimadını doğrultdular
Qarşılaşmanın gedişatı Prosineçkinin heyət seçərkən səhvə yol vermədiyini göstərdi. Düzdür, statistik göstəricilər bütünlüklə çexlərin tərəfində idi. Bu üstünlük əsasən topla oynama faizində özünü göstərirdi. Belə ki, topun oyunda olduğu müddətin 62 faizində onu çexlər özlərində saxlamışdılar. Millimizin üzvləri isə qalan 38 faizlik müddət ərzində topla oynamışdılar. Çexlərin “çərçivə”yə gedən beş zərbəsinə cəmi bir dəfə cavab verə bilmişdik. Qapı istiqamətində gedən topların nisbətində də böyük fərq var idi: çexlərin 9 belə zərbəsinin qarşılğında cəmi üç dəfə hədəfi nişan almağa çalışmışdıq.
Bütün bu rəqəmlər meydan sahiblərinin böyük üstünlüyünün göstərici kimi qəbul olunmamalıdır. Çünki Prosineçkinin seçdiyi taktiki sxemin fonunda rəqəmlərin bu cür fərqli görünməsi də qanunauyğunluqdur. Millimiz aqressiv rəqibə qarşı ehtiyyatla oynamağa məcbur idi. Statistik göstəricilər fərqli olsa da, qazanılan xal sayı eyni oldu. Yəni, oyunda qol vurulmadığından Çexiya kimi Azərbaycan da meydandan bir xalla ayrılmışdı. Topu rəqibə verən millimiz daha çox diqqətlə müdafiə olunmağa, rəqibin qəfil həmlələri zamanı səhvə yol verməməyə çalışırdı. İmkan düşdükcə əks-hücum qurmağımız, rəqibi həyacanlandırmağımız da öz yerində.
Çexlərin erkən qol vurmaq istəyi reallaşmadıqdan sonra onların aqressivliyinin artacağını yaxşı bilən futbolçularımız sona qədər müdafiədə səhvsiz oynamağı bacardılar. Düzdür, 11-ci dəqiqədə Kamran topu tordan çıxardı. Amma zərbə vurulan anda yan xətt hakiminin oyundan kənar vəziyyətə işarə edən bayrağı havada olduğundan Juqun qolu qeydə almadı. Bundan 22 dəqiqə sonra qapımız qarşısında yenidən təhlükə yarandı. Xoşbəxtlikdən təhlükəli nöqtədən yerinə yetirilən cərimə zərbəsindən sonra top qapının üstündən keçdi. Oxşar vəziyyətdə Nazarovun yerinə yetirdiyi standartdan sonra isə top çexlərin qapıçısı Tomas Vaclikdə qaldı.
Bu heç-heçə sayəsində xalını 7-yə yüksəldən komandamız “C” qrupunda ikinci pillədəki yerini qorudu. Ostravada qazanılan bir xal təkcə turnir cədvəlindəki mövqeyimizə görə vacib deyildi. Komandamız çexlərə uduzmamaqla yeni seçmə mərhələyə verilən uğurlu startın heç də təsadüfi olmadığını isbatlamağı bacardı. Artıq azərbaycanlı azarkeşlər komandamıza böyük ümidlərlə yanaşır, qonşu Rusiyada keçiriləcək dünya çempionatına yollanmağın, orda komandamızı dəstəkləməyin hesablarını aparırdılar. Rəqiblər də komandamızı ciddi qəbul etməyin vacibliyini anlayır, Azərbaycanla görüşə məsuliyyətlə hazırlaşırdılar. Bəlkə də bu amil gələcəkdə bizim zərərimizə işlədi. Hələlik isə biz göyün yeddinci qatında idik. “Səfər sindromu”na son qoyduğumuzu düşünür, uğurlu seriyanın davam edəcəyinə inanırdıq.
Fərrux İsmayılov: “Kənardan səslənən tərifləri hər futbolçu düzgün qəbul edə bilmir”
Komandamızın uğurlu startı, ümumilikdə seçmə mərhələdəki çıxışı, eləcə də Çexiya ilə oyundan sonra yaranmış əhval-ruhiyyə barədə millimizin sabiq hücumçusu Fərrux İsmayılovla söhbətləşdik. Qeyd edək ki, hazırda “Vətən” futbol məktəbinin U-16 komandasını çalışdıran İsmayılov milli komandamızın heyətində 31 dəfə meydana çıxıb və 4 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.
Millimizin sabiq hücumçusuyla söhbətə seçmə mərhələni dəyərləndirməklə başladıq. İsmayılov da 10 xal topladığımız seçmə mərhələni qənaətbəxş saydığını bildirdi:
- Sözün düzü, 10 xaldan daha artıq toplaya bilərdik. Biz kənardayıq, komandanın daxilində nəyin baş verdiyini bilmirik. Ən doğrusunu məşqçilər korpusunda olanlar bilir. Amma görünən o idi ki, bizim potensialımız daha artığına imkan verir. Komandanın daxilində hansısa psixoloji gərginlik, yaxud da kiçik səhvlər belə bəzən məqsədə çatmağa mane olur. Bizdə də vəziyyət buna bənzədi. İlk üç oyunda 7 xal toplayandan sonra hamımız ümidlənmişdik. Düşünürdük ki, bütün seçmə mərhələ ərzində belə davam edəcəyik. Mərhələyə əla start vermişdik. Ola bilsin ki, azarkeşlərdəki böyük inam hissi futbolçulara da təsirini göstərdi. Onlar da özlərinə həddindən çox inanmağa başladılar, güclərini düzgün qiymətləndirmədilər. Bu da hardasa arxayınçılığa səbəb oldu. Kənardan xeyli təriflər səslənirdi. Artıq deyirdilər ki, biz qrupda Almaniyadan başqa hamıya qalib gələcəyik. Özüm də futbolçu olmuşam, bilirəm ki, bəzən yersiz arxayınçılıq da problemlər yaradır. Hər futbolçu bunu həzm edə bilmir. Psixoloji baxımdan bəziləri bunu normal qəbul edir, yenə də öz üzərində çalışmağa davam edir. Bəziləri isə bunun altından çıxa bilmir, özünü “ulduz” hiss etməyə başlayır. Bundan sonra isə onun futbola münasibətində, məşqlərində soyuqluq yaranır. Məncə, seçmə mərhələyə başladığımız kimi davam edə bilməməyimizdə bu məqamın rolu oldu, yersiz arxayınçılıq əngələ çevrildi.
- Siz özünüz də millidə çıxış etmisiniz, bu cür hallar sizə də tanışdır. Xüsusiylə Çexiya ilə oyundan sonra bizdə belə bir fikir fomalaşmışdı ki, “səfər sindromu”na da son qoymuşuq, bundan sonra işimiz daha asan olacaq. Səfərdə də evdəki kimi oynayıb, rəqiblərdən xal alacağıq. Amma bunu bacarmadıq. Səbəb nə idi?
-Düzgün qeyd etdiniz. “Səfər sindromu” azərbaycanlı futbolçu üçün həmişə psixoloji bir sədd sayılıb. Bizim futbol oynadığımız vaxt da, ondan əvvəl də belə idi. İndi də bunun fəsadları hiss olunur. Səfərdə çıxış edəndə arzulayırdıq ki, bizə iki qoldan çox vurmasalar yaxşı olar. İndi vəziyyət dəyişməlidir. Şərait başqadı. Futbolçuların beynəlxalq oyun təcrübəsi də əvvəlkindən xeyli fərqlənir. Millinin, yaxud da klubların heyətində yetərincə oyunlara çıxırlar. Üstəlik, xaricdə keçirilən təlim-məşq toplanışlarında yoxlama oyunları keçirilir. Belə olan halda Çexiya ilə oyundakı səfər heç-heçəsi sürpriz sayılmamalı idi. Gözümüzün önündə bir “Qarabağ” nümunəsi var. Biz Ostravadakı oyundan sonra eyforiyaya qapılmaq əvəzinə daha da ciddi olmalı idik. Görün neçə illərdi ki, “Qarabağ” düzgün yoldadır, inamla irəliləyir. Milli də bu özünəinamdan yararlanmalı idi. Qazanılan 7 xaldan sonra millinin heyətinin formalaşdırılmasında da problemlər hiss olunmağa başladı. Kimi isə milliyə layiq olmadığı halda komandaya çağırırdılar. Amma buna daha çox haqqı çatanlar kənarda qalırdı.
Eddi İsrafilovun İspaniyadan bura gəlib-getməsinə xarici valyuta ilə nə qədər pul xərclənirdi. O da gəlirdi ehtiyatda otururdu, 2-3 dəqiqə meydana çıxırdı. Elə onun əvəzində yerli gənclərdən birini milliyə çağırmaq lazım idi, onu da hər dəfə 3-5 dəqiqə meydana buraxmaqla püxtələşdirərdik. Almeyda səviyyəli futbolçudur. Yaş artıq öz sözünü deyir. Onu daha əvvəllər milliyə cəlb edə bilsəydik, bizə çox faydası dəyərdi. İndi əvvəlki kimi oynaya bilmir. Eyni diqqət yerli gənclərə göstərilməlidir. Gəlmələrin komandaya götürülməsinə etirazım yoxdur. Amma elə futbolçuları götürməliyik ki, Nazarov kimi millimizə xeyir versinlər. Bütün bunların fonunda biz seçmə mərhələdə sabit çıxış etməli idik. Səfərdə daha çox xallar qazanmalı idik. Çexiya ilə oyundan sonra elə bir vəziyyət yarandı ki, millimiz əvvəlki illəri xatırlatmağa başladı. Artıq ev oyunlarında qələbə qazanmağa çətinlik çəkirdik. Sürətli eniş başlamışdı. Azərbaycanlı futbolçuların psixologiyası bir başqadır. Onu yerli mütəxəssislər daha yaxşı bilir. Bu mənada milli komandaya elə azərbaycanlı məşqçi rəhbərlik etməlidir. Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunması o enişin qarşısını almalıdır.
- Çexiya ilə oyundan sonra psixoloji səddi keçdiyimizi düşünürdük. Amma sonra baş verənlər bu düşüncəni də sual altına saldı. Siz necə düşünürsünüz, o heç-heçə təsadüf idi, ya sonradan baş verənlər sürpriz oldu?
- Çox qəliz vəziyyət yarandı. İlk baxışdan düşünmək olar ki, sonradan baş verənlər qanunauyğunluq, Çexiyadakı heç-heçə isə təsadüf idi. Amma bu cür düşünməklə də Ostravadakı oyunda əziyyət çəkən futbolçuların və oyunu düzgün quran məşqçinin zəhmətinə qarşı ədalətsizlik edərik. Düzdür, çexlərin qol vurmaq imkanları var idi. Ümumən isə biz onlara öz oyunlarını oynamağa imkan vermədik. Futbolçularımız zonaları yaxşı bağlamışdılar. Prosineçki komandanı meydana düzgün taktika ilə çıxarmışdı. Avropanın istənilən yerində futbolçuya hərəkət üçün geniş zona versən, o səni çaş-baş salacaq, çətin vəziyyətdə qalacaqsan. Biz çexlərlə oyunda rəqibə çox yaxın oynayırdıq. Bu cür nüanslar xeyrimizə oldu. Bakıda çexlər daha yaxşı görünürdülər, nəinki öz meydanlarında. Məşqçinin tapşırığı da ola bilər, futbolçular da öz aralarında belə oynamaqla bağlı razılaşa bilərlər. Bunu Çexiya ilə səfərdə bacardıq. Qalan oyunlarda isə həmin oyun sistemini qorumaq mümkün olmadı. Bir-neçə oyunda toparlandıq, motivasiyamız yüksək idi. Sonradan bunu görə bilmədik.
Fərrux İsmayılovla söhbətimiz də bir həqiqəti təsdiqləyir ki, Çexiya ilə oyundan sonra inamımız birəbeş artmışdı. Uğurlu seriyanın davamına çox inanırdıq. Amma bizim saydığımızla fələyin, daha doğrusu rəqiblərin saydıqları üst-üstə düşmədi. Digər oyunlarda baş verənlərdən isə növbəti yazılarımızda bəhs edəcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir