Şahmatçılar Quba toplanışını dəyərləndirib: "Bu, olimpiadada bizə kömək edəcək"
Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının Qubada təlim-məşq toplanışı başa çatıb.
Federasiyanın mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, 10 günlük hazırlıqda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abasov və Vasif Durarbəyli iştirak ediblər.
Toplanışla bağlı fikirlərini bildirən yığma üzvləri hazırlıqdan razı qaldıqlarını bildiriblər.
Q.Hüseynov bu cür toplanışın vacib olduğunu deyib: "Gündə 7 saat məşğul olurduq. İlin əsas şahmat yarışlarından biri Hindistanın Çennay şəhərində olacaq. Bu il olimpiadada rekord sayda 188 ölkə iştirak edəcək. Əsas məqsəd Ümumdünya Şahmat Olimpiadasından medalla dönməkdir. Əlimizdən gələni edəcəyik ki, Vətənə medalla qayıdaq".
V. Durarbəyli hazırlıq prosesini yüksək qiymətləndirib: "Bildiyiniz kimi, şahmatda hazırlıq iki hissədən ibarətdir: nəzəri və praktik. Çalışdıq ki, burada nəzəri hissəni həll edək. Olimpiada üçün müxtəlif hazırlıqlar quruldu. Şahmatçıların bir yerdə olmasında əsas məqsəd komanda ruhu yaratmaqdır. Yarışda ayrı-ayrı lövhələrdə oynasaq belə, komanda olaraq müsbət enerjinin yaranması faydalıdır. Ümid edirik ki, Qubada keçirdiyimiz hazırlıq olimpiadada bizə kömək edəcək”.
N.Abasov isə təlim-məşq toplanışında intensiv məşqlərin olduğunu söyləyib: "Ümid edirik ki, bu il ilk dəfə olimpiadadan Vətənə medalla geri dönəcəyik".
Azərbaycan millisinin hazırlığı Bakıdakı toplanışla yekunlaşacaq.
Qeyd edək ki, Hindistanın Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadası iyulun 28-də start götürəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında təmsil olunacaq.