"Sotomayoru siyahıdan silmək tezdir" - Millinin baş məşqçisi
Boks üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Vaqif Şirinov "Report”n suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Ötən həftə keçirilmiş kişi boksçular arasında Azərbaycan çempionatını necə dəyərləndirərdiniz?
- Bəzi gənclərdən xoşum gəlsə də, yarış narahatlıq doğurdu. Aparıcı boksçuların il ərzində yarışlarda iştirak etmədikləri aşkar hiss olunurdu. Əsas narahatlıq lider boksçuların yarışa davamlılığı və döyüş bacarıqlarının zəif olmasıdır. Dünya boksundan geri qalırıq. Gənclərin ötən müddətdə bir sıra beynəlxalq turnirlərdə iştirakı ölkə çempionatında da özlərini yaxşı tərəfdən göstərmələrinə imkan verdi. Bu mənada Məhəmməd Abdullayev və Nicat Həsənovu qeyd edərdim. Eləcə də digərləri maraqlı işlədilər.
- Ölkə çempionatı yığmanın heyətini formalaşdırmaq baxımından nə dərəcə önəmlidir?
- Heyət aparıcı boksçular və gənclərdən formalaşır. Onları bir daha ölkə çempionatında iş başında gördük. Yarışdan sonra bəzi boksçularda zədələr var, bərpa prosesi keçəcəklər. Bəziləri isə "Qəbələ” və "Neftçi” idman klublarının tərkibində beynəlxalq turnirlərə yollanacaqlar. Artıq yığmada cavanları da irəli buraxmaq lazımdır. Millinin heyəti bir çox çəkidə yenilənə bilər. Bu mənada lider boksçular mövqelərini qorumağa çalışmalıdırlar. Əks halda, onların yerlərini gənclər tutacaq.
- 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorentso Sotomayorun Azərbaycan çempionatında 3-cü yeri tutması və yarımfinalda çox pis formada uduzması bir qədər gözlənilməz alındı. Bu idmançıya nə olub?
- Sotomayor beynəlxalq səviyyədə nəticə verən idmançıdır. Onu siyahıdan silmək tezdir. Lorentsodakı təcrübə heç bir idmançımızda yoxdur. Sotomayorun üzərində işləyəcəyik. Onun problemi "ulduz xəstəliyi"nə tutulmasıdır. Bu barədə özü ilə həm bizim, həm də psixoloqu tərəfindən söhbətlər aparılıb və çox şeyi başa düşüb.
- Belə davam etsə, Sotomayorun yığmadan birdəfəlik kənarlaşdırılma ehtimalı varmı?
- Xeyr. Qeyd etdiyim kimi, onunla işləyəcəyik. Bir görüşdə uduzmaqla boksçunun üstündən xətt çəkmək düzgün deyil. Bəzən bu cür məğlubiyyətlər böyük qələbələrə yol açır. Özü də çox şeyi başa düşüb, səhvlərinin fərqindədir.
- Millinin liderlərindən sayılan Məhəmmədrəsul Məcidov ölkə çempionatında iştirak etmədi. Səbəb nədir?
- O, hazırda Azərbaycanda deyil. Yarışda iştirak etməməsinin səbəbi dizindəki zədə və ailə problemləridir. Dizindəki əməliyyatdan sonra ağrıları var. Ona görə istirahət etməsinə icazə verdik. Özü ilə söhbətim olub, 2019-cu il yanvarın 7-də Göygöl Olimpiya Kompleksində start götürəcək təlim-məşq toplanışına qatılmalıdır.
- Ümumiyyətlə, Teymur Məmmədov, Elvin Məmişzadə kimi boksçular da ölkə çempionatına qatılmadılar. Bu cür idmançılar niyə kənarda qalır?
- Məmişzadə son günlərə qədər bizimlə məşq edirdi. Sadəcə, çəkisini 300-400 qram aşağı sala bilməyib. Məndə də belə bir qayda var ki, hər kəs öz çəkisində çıxış etməlidir. Həm də yarışdan bir gün qabaq hərarəti var idi deyə, çəkisini salmaq üzərində də çalışa bilməyib. Məmmədova gəlincə, onun burnunda problemi var, mənə əməliyyat olunacağını deyib.
- Leonid Loivski baş məşqçi postunda 2 il çalışdı. Sizcə, ukraynalı mütxəssis etimadı doğrultdu?
- Onun işini yüksək qiymətləndirirəm. Çox yaxşı mütəxəssisdir, komandanın inkişafında böyük əziyyəti var. Məsələn, işlədiyi qısa müddətdə Məhəmmədrəsul Məcidov üçüncü dəfə dünya çempionu oldu, Kamran Şahsuvarlı mundialda bürünc, Avropa çempionatında gümüş medal qazandı.
- Bunadək gənclər millisinə rəhbərlik etmisiniz. Yeni nəslə böyük ümidlər bəsləyə bilərik, yoxsa bir çox idman növlərində olduğu kimi, burada da cırlamşa gedir?
- Bu gün gənclərimizin lider boksçularla eyni səviyyədə işləmələri mənə xoş gəlir. Azərbaycanda yaxşı gənc boksçular var, yeni nəsil yetişməkdədir. İşlər düzgün qurulsa, nailiyyətlər də olacaq. Zəifləməkdə olan bəzi lider boksçular cavanlarla əvəzlənməlidirlər. Bu proses geç-tez getməlidir. Hələlik liderlərimiz də pis deyil. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına az qalıb. Əlimizdəki idmançılardan maksimum faydalanmalıyıq. Azərbaycan çempionatı boksçular üçün özlərini görmək baxımından da faydalı oldu. Hər kəs öz çatışmazlığını bildi.
- "Tokio-2020”yə qədər hansısa əcnəbi idmançının milliləşdirilməsi mümkündürmü?
- Planda belə bir məsələ yoxdur. Azərbaycan çempionatının mükafatçıları və lider boksçularımızla işləyəcəyik. Beynəlxalq yarışlara ən güclü olanlar gedəcək.
- "Tokio-2020”də idmançılar 8 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Hazırda komandanın çəkilərə uyğun şəkildə formalaşdırılması necə gedir?
- Komandanı yenidən formalaşdırmaq lazımdır. Böyük həcmli məşqlərimiz olacaq. 91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidovla ölkə çempionatında qızıl medal qazanan Məhəmməd Abdullayev rəqabət aparacaq. 81 kq-da Rauf Rəhimovla Pedro Alfonso, 69 kq-da Sotomayorla Elnur Süleymanovu qeyd edərdim. Həmçinin 75 kq-da Kamran Şahsuvarlı yer alıb. Nisbətən zəif çəkilərimiz var. Məsələn, 49 kq-da problem hiss edilir. 52 kq-da Məsud Yusifzadə hərbi xidmətdə olduğu üçün yaxşı hazırlaya bilməmişik. 56 kq-da Tayfur Əliyevlə Ümid Rüstəmov hələ beynəlxalq yarışlar üçün tam yetişməyiblər. Oxşar problem 60 kq və 64 kq-da da var. Çatışmazlıqları aradan qadırmaq da bizim üzərimizə düşür.
- Son vaxtlar boksun olimpiadanın proqramından çıxarılma məsələsi müzakirə olunmaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında bəzi məsələlərdə narazılıqlar var. Hakimliklə bağlı bir çox ölkələrdən şikayətlər getdiyi üçün problem yaranıb. IOC bu cür narazılıqların olmamasına çalışır. Həmçinin Qafur Rəhimovun AIBA-nın prezidenti seçilməsi IOC tərəfindən müsbət qarşılanmayıb. Ona görə də boks üzrə beynəlxalq yarışlar dayandırılıb. Belə vəziyyətdə AIBA-nın müstəqil turnirlər keçirəcəyi gözlənilir. Lakin həmin Avropa və dünya çempionatları olimpiadaya lisenziya verməyəcək. Yəqin ki, bu gedişlə IOC-a tabe olacaq yeni Beynəlxalq Boks Federasiyası yaradılacaq. Hələlik IOC tərəfindən AIBA-nın bütün işləri dayandırılıb.