Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçilib

SportLine.az xəbər verir ki, Özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib. Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.

Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək. 

Konqresdə ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.

ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.

Qeyd edək ki, İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.

Azərbaycan Boks Federasiyasının məlumatı