Təbriz Həsənov : “Milliyə namizəd futbolçular daim meydanda olmalıdırlar” - LAYİHƏ

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 10-cu yazını dəyərli oxucularına təqdim edir.

Ötən yazıların birində bizimlə həmsöhbət olan Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov qarşıda duran əsas vəzifənin milli komandamızı Avro-2020-yə hazırlamaq olduğunu bildirmişdi. 3 il sonra keçiriləcək qitə birinciliyini qəbul edən şəhərlər sırasında Bakının da adının olması bizim bu çempionata marağımızı daha da artırır. Millimiz adını Avropa çempionatının final mərhələsində iştirak edən komandalar sırasına yazdıra bilsə, doğma azarkeşlər qarşısında uğurun davamını gətirə bilər. Deməli, AÇ 2020-nin seçmə mərhələsinə ikiqat əzmlə hazırlaşmalı, zamanı düzgün dəyərləndirib, daha da güclü komanda formalaşdırmalıyıq.

Gələn mövsüm nüfuzlu avrokubok yarışlarının final mərhələsinə ev sahibliyi etməyə iddialı olan paytaxtımız, artıq iki çətin sınaqdan üzüağ çıxmağı bacarıb. 2012-ci ilin 22 sentyabrından 13 oktyabrına qədər ölkəmizdə FİFA U-17 Qadınlararası Dünya Çempionatı keçirilib. Mundialın bir-neçə oyunu Lənkəranda təşkil olunsa da, əksər oyunlar Bakıdakı stadionlarda baş tutdu. Azərbaycanda keçirilən bu dünya çempionatı yüksək səviyyədə keçirildi, həm FİFA rəhbərliyi, həm də yarışın iştirakçıları paytaxtımızdan razı ayrıldılar. Ötən ilin may ayının 5-də isə Bakıda Avropa çempionatının açılış mərasimi öz möhtəşəmliyi ilə yadda qaldı. Bu dəfə Avropanın nüfuzlu futbol ölkələrinin yaşı 17-yə qədər olan futbolçularından ibarət yığma komandaları Bakıya toplaşmışdılar. U-17 Avropa çempionatının iştirakçıları arasında Azərbaycan millisi də vardı. Təbriz Həsənovun çalışdırdığı komandamız yalnız ilk görüşdə turnirin gələcək qalibi Portuqaliyaya məğlub oldu. A qrupunun ikinci görüşündə Belçikayla 1:1 bərabərə qalan millimiz son oyunda  Şotlandiyanı Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qolla məğlub  etdi.

U-17 millimizin qitə çempionatındakı çıxışı bizim üçün xeyli vacib idi. Çünki məhz həmin futbolçular Azərbaycan millisinin gələcəyi hesab olunurlar. 2020-ci ildə keçiriləcək qitə çempionatına qədər onlar püxtələşməli, millimizdəki nəsildəyişmə prosesində öz yerlərini tutmalıdırlar. Təsadüfi deyil ki, U-17-nin Şotlandiya ilə oyunundan sonra futbolçularla görüşən AFFA prezidenti, komanda üzvlərini xüsusi diqqətdə saxlamağın vacibliyini vurğulamış, onların düzgün inkişaf etməsi üçün nəzarətin artırılacağını demişdi. Bəs bu gün vəziyyət nə yerdədir? Ötən il Avropa çempionatında iştirak edən komanda hazırda Azərbaycanın U-19 millisi hesab olunur və elə Təbriz Həsənovun rəhbərliyi altındadır. İllərdir həmin futbolçuları nəzarətdə saxlayan mütəxəssislə söhbətimizə elə Avropa çempionatıyla bağlı xatirə və təəssüratlarını soruşmaqla başladıq. Daha sonra isə gələcək perespektivləri, qarşılaşdığı problemləri soruşduq.

                 “Bakıdakı Avropa çempionatı bizim üçün əvəzsiz təcrübə oldu”

-          Müasir Azərbaycan futbolu tarixində özünəməxsus yer tutan çalışdırıcılardan biri də sizsiniz. Qitə çempionatının final mərhələsində millimizlə birlikdə iştirak edən yeganə baş məşqçisiniz. Həmin Avropa çempionatı sizin xatirinizdə necə qalıb?

-          İstənilən məşqçi üçün böyük turnirlərin final mərhələsində iştirak etmək, güclü rəqiblərə qarşı komanda çıxarmaq həm şərəfli, həm də məsuliyyətli işdir. Azərbaycan olaraq da bizim üçün bir ilk idi. İndiyə qədər heç bir komandamız bu səviyyəli yarışda iştirak etməmişdi. Deməli, məsuliyyətin ağırlığını izah etməyə ehtiyac yoxdur. Bütün ölkənin nəzərləri bizim üzərimizdə idi. Çalışırdıq ki, bizə güvənənləri məyus etməyək. Qrupda topladığımız 4 xalla buna müəyyən mənada nail olduq.

-          Düzdür, millimiz bu cür turnirin debütantı idi. Bu baxımdan çempionluq və yaxud da mükafatçılar sırasına düşməyimiz xeyli çətin olardı. Amma ən azından qrupdan çıxa bilərdikmi?

-          Bu yarışların Azərbaycanda keçirilməsi özü bizim üçün həm təşkilatçılıq, həm də oyun baxımından yeni bir təcrübə idi. Bilirsiniz ki, final mərhələsində iştirak etmək üçün uzun yol qət etmək lazım olur. Biz isə ev sahibi olduğumuz üçün seçmə mərhələyə qatılmadan finalda iştirak hüququ qazanmışdıq. Komandanı əsasən təlim-məşq toplanışlarında və müxtəlif turnirlərdə bu yarışa hazırlayırdıq. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən də pis. Yaxşıdır ki, final mərhələsində iştirak edirsən. Amma pis tərəfi odu ki, rəsmi oyunlardan azad olmaq bir qədər psixoloji rahatlıq yaradır və birdən-birə Portuqaliya kimi rəqibin qarşısına çıxanda, gərginlik hiss olunur. Avropa çempionatında bizim ilkin hədəfimiz qrupdan çıxmaq idi. İlk oyunda Portuqaliyaya böyük hesabla uduzmağımız planlarımızı pozdu. Ən böyük təəssüfüm məhz bununla bağlıdır. Ümumilikdə götürəndə isə, bu çempionat həm biz məşqçilər, həm də futbolçular üçün böyük təcrübə oldu. Final mərhələsində iştirak edən komandaların hamısı Avropanın ən güclüləri idi. Bu mərhələdə iştirak etmək üçün əvvəl seçmələrdə, sonra isə elit mərhələdə uğurlu çıxış etmək tələb olunur. Turnirin gedişindəki açıqlamalarımda da demişdim, indi də o fikirdəyəm. Təqvim bizim əleyhimizə oldu. Portuqaliya millisi açılış oyunu üçün ən uğursuz rəqib idi. Onlarla daha sonra qarşılaşsayqdıq, psixoloji və fiziki baxımdan daha hazırlıqlı olardıq, uşaqlarda start həyacanı hiss edilməzdi. Portuqaliya bizdən sonra da bütün rəqiblərindən çox üstün görünürdü. Avstriya millisinin də qapısına 5 cavabsız top vurdular. Çempionluğa ən layiq komanda idilər. Bu il Gürcüstanda keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatında da əksəriyyət həmin heyətin üzvləri idi. Daha dəqiq desəm, əsas heyətin 8 üzvü Gürcüstanda da çıxış edirdi. Təsadüfi deyil ki, orada da portuqaliyalılar finala qədər yüksəldilər. Mən məğlubiyyətimizə başqa don geyindirmək istəmirəm. Amma reallıq budur ki, onlar çox güclü idilər və ilk oyundaca bizə rəqib oldular. Belə nüanslar yekun nəticəyə təsir edir. Biz turnirə çox yaxşı hazırlaşmışdıq. Qrupdan da çıxa bilərdik. İlk görüşdə Portuqaliya ilə qarşılaşmaq planlarımızı pozdu. Qrupdakı digər iki oyunda uduzmadıq, 4 xal topladıq. Bunun özü də bizim üçün yaxşı nəticə sayılmalıdır.

“Milliyə namizədlər əvəzedici komandada heyətə düşəndə sevinirik”

 

-          İndi həmin futbolçuların əksəriyyəti sizin rəhbərliyiniz altında U-19-da oynayırlar. Kimləri qeyd edə bilərsiniz ki, yaşına uyğun inkişaf edib, səviyyəsini artırmağı bacarıb?

-          Əfsuslar olsun ki, belələri elə də çox deyil. Avropa çempionatından sonra da onları nəzarətdə saxlayıram, oyunlarına baxıram. Onlar mən istəyən səviyyədə deyillər. Çoxunda inkişaf da yoxdur. Təkcə Fərid Nəbiyevin adını çəkmək olar. Bu yaxınlarda Praqa “Slaviya”sına yollanıb. Tez-tez özüylə də danışıram. Artıq Çexiyada üç oyunda meydana da çıxıb. Məşqçilər də ondan razı qalıb. Ürəkdən arzulayıram ki, Fərid orada daha uğurla çıxış etsin. Bunun üçün onun istedadı yetərlidir.

-          Çox maraqlı məqama toxundunuz. Əvvəllər də belə hallarla qarşılaşmışıq. Yeniyetmə vaxtı parlayan, istedadını büruzə verən futbolçu 19-20 yaşına çatandan sonra gözdən itməyə başlayır. Bunun səbəbi nədir?

-          Sırf bizim komanda ilə bağlı fikrimi söyləyə bilərəm. Biz U-17-ni məsul yarışa hazırlayırdıq. Ona görə də təlim-məşq toplanışları, beynəlxalq oyunlar tez-tez olurdu.  U-19-la bağlı vəziyyət isə heç də belə deyil. Yaxşı futbolçu, milli komandaya namizədlər öz komandalarında oynamalıdırlar, oradakı gərgin məşqlərlə və oyunlarla öz səviyyələrini artırmalıdırlar. Hazırkı mənzərə elə də xoş deyil. Nəinki əsas komandaya, milliyə namizədlər əvəzedicilərdə belə heyətə düşəndə mən sevinirəm. Heç olmasa orada oyun təcrübəsi qazanmaları vacibdir. Bir aydan sonra artıq seçmə mərhələnin oyunlarıdır. Rəqiblərimiz də çox güclüdür. Serbiya, İrlandiya kimi komandalara qarşı oynayacağıq. Bu oyunlara ciddi hazırlaşmaq lazımdır. Namizədlərin hamısını nəzarətdə saxlayıram. Onlarla bağlı planlarım, arzularım var. Amma əvəzedici komandaların oyunlarına baxmağa gedirəm və görürəm ki, milliyə namizəd heyətə düşməyib. Həmin andakı təəssüfümü sözlə ifadə edə bilmərəm. Bu yaşdakı futbolçu üçün oyun təcrübəsi çox vacibdir. Nə qədər oynasa, o qədər də hazırlığı yaxşı olacaq, formada qalacaq. Fərid Nəbiyevin adını təsadüfən çəkmədim. Çexiya Avropanın ən güclülərindən olmasa da, oranın özünəməxsus ənənələri var. “Slaviya” isə ölkə çempionudur. Vacib deyil Fransaya, Almaniyaya getmək. Bizim gənclər heç olmasa bu cür ölkələrə yollanmalı, orada oynamalıdırlar. Yalnız belə olan halda onların inkişafı sürətlənər, istedadları açılar.

-          Özünüz də qeyd etdiniz ki, yeniyetmə futbolçuların müəyyən yaş dövründən sonra sabit oynamasında, inkişafında problemlər var. Bu problemlər sizə daha yaxşı tanışdır. Deməli, onların həlli yolları üçün təklifləriniz də var?

-          Əvvəl də qeyd etdim. Biz Avropa çempionatına hazırlaşanda daim təlim-məşq toplanışlarında olurduq, müxtəlif turnirlərə yollanırdıq. Bunun sayəsində də uşaqlar daim yüksək səviyyədə məşq edir, bir yerdə komanda şəklində oynayırdılar. İnkişafa təkan verən amillər içində əsas yerlərdən birini məhz bu tutur. Problem həllinin iki yolu var. Birincisi belədir: Milli komandalar tez-tez bir yerə yığışmalı, təlim-məşq toplanışı və ciddi rəqiblərlə yoxlama oyunları keçirməlidir. Beynəlxalq oyunlar tam fərqlidir. Orada temp yüksək olur, psixoloji hazırlığa əvəzsiz köməyi dəyir. Əfsuslar olsun ki, Azərbaycan çempionatında rəqabət və gərginlik elə də yüksək deyil. Futbolçular böyük təzyiq hiss etmirlər. Nə qədər çox belə oyun keçirsə, futbolçu bir o qədər də psixoloji cəhətdən möhkəmlənir. İkinci variant isə milliyə namizədlərin hamısını bir komandaya toplamaq, hansısa çempionatda, misal üçün birinci dvizionda yarışa buraxmaq lazımdır. Şəxsi fikrimdir ki, ən azından bunu etmək vacibdir. Belədə biz millinin özəyini də yaratmış olarıq.

“Biz klublara təzyiq göstərə bilmərik”

 

-          Deyəsən, bu yaxınlarda AFFA rəhbərliyinin belə bir fikri var idi. U-17 üzvlərinin hamısını bir komandaya toplamağa çalışırdılar, amma alınmadı...

-          Bilirsiniz, bu elə məsələdir ki, klubları da qınamaq olmur. Belə bir modellə bağlı təklifimiz var idi. Amma klublar hamısı gəncləri buraxa bilməzlər. Onlar da öz gələcəklərini düşünürlər. Bütün yetirmələrini, gənc futbolçularını əldən buraxsa, sabah heyətlə bağlı problemlər yaşayacaqlar. Bunu da anlayışla qarşılamaq lazımdır. Səviyyəli gənclərin sayı elə də çox deyil. Olanlar da elə milli komandaya namizədlərdir. Təsəvvür edin ki, onları da əldən buraxdılar, özləri kimi oynadacaqlar? Limitin tələblərini də unutmaq olmaz. Mən belə bir model görürəm, amma onu həyata keçirmək xeyli çətindir. Nə millinin məşqçiləri, nə də AFFA rəhbərliyi hansısa kluba təzyiq göstərə, onları məcbur edə bilməz ki, siz gənc futbolçularınızı bizə verin, biz də komanda yaradaq dviziona buraxaq. Problem bir qədər qlobaldır. Klub rəhbərlərinin iştirakı ilə bu müzakirələr aparılmalı, qarşılıqlı razılaşma olmalıdır. Yalnız bu halda dediyim modelin reallaşdırılması mümkündür.

-          Limitlə bağlı müzakirələr bizim futbolda həmişə aktualdır. Həm Premyer Liqada, həm də U-19 komandalar arasındakı çempionatda. Siz necə düşünürsünüz, limit Azərbaycan futboluna nə verəcək?

-          Bir məqama diqqət yetirək. “Qarabağ”ın U-19 komandası son ölkə çempionudur. Rəşad Sadıqov xeyli yaxşı heyət də formalaşdırmışdı, dəfələrlə oyunlarına baxmışam. Amma komandanın əsas heyətində yalnız bir 1999-cu il təvəllüdlü futbolçu var idi, o da meydana sonradan çıxırdı. Qalan bütün futbolçular isə 1998-ci il təvəllüdlü idilər. Bunun da fəsadı Çempionlar Liqasında özünü göstərdi. Komandanın heyətindəkilərdən 1998-ci il təvəllüdlü yalnız üç nəfər Çempionlar Liqasında iştirak edə bilər. Qalanlarının yaşı tələb olunan həddi keçib. Məcbur qalan Rəşad Sadıqov yeni heyət formalaşdırmalı oldu. Bu səbəbdən də limitin tətbiqi vacibdir ki, çempion olan komanda növbəti mövsüm yeni heyət formalaşdırmaq məcburiyyətində qalmasın. Sayın müəyyənləşdirilməsi isə reallıqla uzlaşmalıdır. Həmin limit keçən ildən tətbiq olunsaydı, bu gün Rəşad Sadıqov da Çempionlar Liqası üçün yeni komanda yığmazdı. Onların bir-birinə uyğunlaşmasına indi zaman tələb olunur.

 

“Şans həmişə var, amma daha çox çalışmaq lazımdır”

 

-          Sonuncu sualımız 2020-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlıdır. Biz ora necə hazırlaşırıq? Final mərhələsinə vəsiqə qazana biləcək komanda formalaşdıra biləcəyikmi?

-          Sırf futbol və futbolçular baxımından danışsaq, mənə elə gəlir ki, U-19-a namizəd sayılan futbolçuların oyun təcrübəsi ilə bağlı problem həll olunmalıdır. Onlar oynamalıdırlar. Belədə özləri inkişaf edəcək, məşqçilərin də seçim imkanları artacaq. Futbolçu oynayaraq püxtələşməlidir. Bu gün Azərbaycanın aşağı yaş qruplarında əsas problem səviyyəli müdafiəçilərin və qapıçıların olmamasıdır. Əvvəlki illərə nisbətən hücumda və yarımmüdafiədə müəyyən rəqabət hiss olunur. Mərkəz müdafiəçisi isə yoxdur. Gələcəkdə millilərdə bunun fəsadını hiss edəcəyik. U-21-in oyunlarına da baxdım və həmin çatışmazlıq orada da görünür. Yaxşı müdafiəçilər hazırlamaq lazımdır. Qapıçılarla bağlı ciddi problem yaşanır. Bu istiqamətdə çox çalışmalıyıq. Qitə çempionatının finalına düşməyə şansımız var, ya yox sualının cavabını futbol prizmasından belə verərdim. Çox çalışmalıyıq. Şans həmişə var, bunu dəyərləndirmək lazımdır. Əsas millimiz seçmə mərhələdə 10 xal yığdı. Daha artığını da toplaya bilərdik. Bəzi məqamlarda nəsə çatmadı. Halbuki bir-neçə il əvvəl buna inanmırdıq. Görürük ki, futbolda hər şey mümkündür, şans da olur. Çalışmaq, məşq etmək, problemli mövqelərdə rəqabət yaratmaq lazımdır.

 

Təbriz Həsənovla söhbətimizi də nikbin notlarla yekunlaşdırdıq. İllərini Azərbaycan futboluna vermiş, yeniyetmələrin düzgün inkişafında xidmətlər göstərən mütəxəssis problemləri də sadaladı. Biz də həmin problemlərin həlli yolunda Təbriz Həsənov başda olmaqla bütün məşqçilərə uğurlar arzulayırıq. Bu istiqamətdə yazılarımız isə davam edəcək.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir