Tofiq Musayev: "UFC-də iştirak etmək hər idmançının arzusudur"
"UFC-də iştirak etmək hər idmançının arzusudur".
Sportline.az xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev mətbuat konfransında deyib.
35 yaşlı idmançı yarışa çox yaxşı hazırlaşdığını söyləyib:
"Rəqibimi analiz etmişəm. Ölkəmi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Yaş mənim üçün sadəcə bir rəqəmdir. Yaş barədə düşünsəydim, UFC-yə gəlməzdim".
O, rəqibi haqqında da danışıb:
"Düşünürəm ki, mənə layiqli döyüşçüdür. Həmişə ciddi rəqiblərlə mübarizə aparmaq istəmişəm. Öz döyüşümü göstərmək niyyətindəyəm. Rəqib də məni ciddiyə almalıdır. Düşünürəm ki, bir-birimizə layiqli rəqibik"
T. Musayev hazırkı rəqiblə döyüşə kökləndiyini söyləyib:
"Bundan sonra nələrin olacağını deyə bilərəm. Düşünürəm ki, bizdən sonra da bir çox azərbaycanlı idmançılar UFC-yə düşməyə can atacaqlar".
Azərbaycanlı döyüşçü heç vaxt hansısa rəqibdən imtina etmədiyini söyləyib:
"Bunu özümə yaraşdırmaram. Oralbaidən güclü döyüşçülərdən də imtina etmərəm".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. T. Musayev Qırğızıstandan olan Myktybek Orolbai ilə üz-üzə gələcək.