Uğur Özdəmir: "İtkilərdən dolayı oyunun çətin keçəcəyini bilirdik"
"İtkilərdən dolayı oyunun çətin keçəcəyini bilirdik".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Sumqayıt"ı 81-77 hesabı ilə məğlub edən "Xırdalan" klubunun türkiyəli çalışdırıcısı Uğur Özdəmir klubun mətbuat xidmətinə verdiyi açıqlamada səsləndirib.
Uğur Özdəmir: "Çox çətin oyun olacağını öncədən bilirdim. Çünki oyuna bəzi yerli və legioner oyunçularımız olmadan çıxmışdıq. Çox sadə müdafiə səhvləri ilə yadda qaldıq ki, bu, gedişatı daha da çətinləşdirdi. Bundan əlavə ilk period da daxil olmaqla bəzi anlarda yetərli əvəzetmə olmadığından komanda çox yorulur və konsentrasiya itkisi baş verirdi. Ümumiyyətlə öncədən planlaşdırdığımız bəzi oyun planlarını düzgün icra edə bilmədik. Son periodda komandam çox yaxşı oynadı. Oyundan-oyuna yaxşıya doğru gedən komandamız var. Buna görə matçı qələbə ilə başa vura bildik.
Bütün oyunçular qələbə üçün əlindən gələni etdilər. Cakori Arçi və Ceydon Seylsin oyunu çox kömək oldu. Fikrət Ələkbərov isə çox kritik anlarda bizi rahatlada bildi. Komandama təşəkkür edirəm. Rəqib komandaya uğurlar arzu edirik".
Qeyd edək ki, "Xırdalan" ilk turda "Şəki"yə 102-78 hesabı ilə qalib gəlmişdi.