"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin reqlamenti bəlli olub.
Sportline.az xəbər verir ki, bu barədə yarışın baş hakimi Lütfiyar Rüstəmov superturnirə həsr olunmuş mətbuat konfransında açıqlama verib.
O bildirib ki, 10 şahmatçı dairəvi sistemlə rapid və blits üzrə mübarizə aparacaq. Yarışın ilk 3 günündə rapid üzrə 9 tur oynanılacaq. Hər şahmatçı 1 gündə 3 tur keçirəcək. Bir günlük fasilədən sonra 10 şahmatçı bir-biri ilə 2 dəfə qarşılaşmaq şərti ilə blits üzrə ümumilikdə 18 turda qüvvəsini sınayacaq.
Rüstəmovun sözlərinə görə, xalların hesablanması qaydası barədə yaxın günlərdə məlumat veriləcək: "Ya hər qələbə üçün 3, heç-heçəyə görə 1 xal veriləcək, yaxud da rapiddə qaliblər 2, sülhə razılaşanlar 1 xal, blitsdə isə qələbə qazananlar 1, heç-heçə edənlər 0,5 xal qazanacaqlar".
Qeyd edək ki, "Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turniri 17-24 dekabrda "Fairmont" hotelində təşkil olunacaq.