“Vüqar ömrünü şahmata həsr etmişdi”

Geridə qoyduğumuz iyul ayının 24-ü Azərbaycan idmanının ən parlaq simalarından olan Vüqar Həşimovun doğulduğu gün kimi yadda qalacaq. Fitri istedadı, yüksək intellekti, dərin zəkası ilə seçilən qrossmeysterin dünyadan vaxtsız gedişi onun şahmat taxtasındakı gözlənilməz gedişlərini xatırlatdı. Əksəriyyəti “mat” qoydu. SportLine.az “Qambit” layihəsi çərçivəsində Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva ilə unudumaz qrossmeysteri xatırlayır.

- Bir az Vüqar barədə danışardınız. Onu necə xatırlayırsınız?

- İdman sahəsindən yazan jurnalist olduğuma görə, mən Vüqar haqqında təkcə bir bacı kimi deyil, eyni zamanda, onu idman yarışlarında fərqli cəhətlərdən də tanıdığım üçün idmançı kimi də xatırlayıram. Adətən hər ailədə sonbeşiyi xüsusilə çox sevirlər. Vüqar da bizim ailəmizin sonbeşiyi idi. Bəlkə də, elə buna görə hamımızın ona olan sevgisində bir məxsusilik vardı.

Əslinə qalsa, Vüqar sakitliyi, mehribanlığı, sadəliyi ilə nəinki qohum-əqrəbanın, onu tanıyan hər kəsin sevgisini, hörmətini qazanmışdı. O, hamıya qarşı çox diqqətli idi, bütün özəl günlərdə heç kimi yaddan çıxarmaz, hətta xaricdə olanda da, oradan zəng edib ad günlərimizdə, bayramlarda bizi təbrik edərdi. Ona görə də Vüqar haqqında bu danışdıqlarımı təkcə bir bacının hissləri kimi deyil, eyni zamanda, onu yaxından tanıyanların, qohum-əqrəbanın, ailəmizin üzvlərinin düşüncələri, hissləri kimi qəbul etmək olar.
Bir şahmatçı kimi isə Vüqarı dərin düşüncəyə, zəngin intellektə, parlaq zəkaya, ensiklopedik biliyə malik şəxsiyyət kimi xarakterizə edərdim. Yəqin ki, təkcə mən yox, bütün idman jurnalistləri də Vüqarın güclü şahmatçı olduğu kimi, təvazökarlığını, nəcib insani xüsusiyyətlərini qeyd edərlər. O, şahmatı çox sevirdi və ona ürəkdən bağlı idi. Bundan başqa, mütaliə etməyi çox sevirdi. Hərdən bağda dincələndə onun sakit bir guşəyə çəkilib şahmata vaxt ayırdığını, mütaliə etdiyini görürdük. Yarışlardan əvvəl isə o, məşqlərə həddən artıq vaxt ayırır, gecənin gec saatlarına qədər məşq edirdi. O, hətta Avropa çempionu olduqda, digər titullar əldə etdikdən sonra da, şahmatdan uzaq durmur, daim öz üzərində çalışırdı.



- Necə oldu ki, Vüqar şahmatla məşğul olmağa qərar verdi? Onu bu idman növünə həvəsləndirən kim oldu?

- Biz hələ lap kiçik yaşlarında, ağlımız kəsəndən evimizdə şahmat taxtasını görmüşük. Həmin vaxtlardan şahmat taxtası daim bizim evdə masanın üstündə olub. Evimiz həmişə qonaqlı-qaralı olub. Evimizə gələn qonaqlar da tez-tez atamla, ya da bir-biri ilə şahmat oynayırdılar. Ona görə də şahmat bizim evdə ən çox sevilən idman növlərindən olub. Vüqar da lap uşaqlıqda şahmat fiqurları ilə oynayırdı. Lakin böyüdükcə o şahmata daha çox maraq göstərirdi. Atam Vüqarın şahmata sevgisini vaxtında hiss edərək ona dəstək oldu və düzgün istiqamətləndirə bildi. Nəticədə Vüqar şahmatla peşəkar səviyyədə məşğul olmağa başladı.



- Vüqarın ilk müəllimi kim idi? Şahmatın sirlərini kimdən öyrənmişdi?

- Vüqar ilk addımını Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında atmağa başlayıb. Az əvvəl də qeyd etdiyim kimi, Vüqara şahmatın sirlərini hələ heç 6 yaşı olmamış atamdan öyrənməyə başlayıb. Onun ilk müəllimi isə Kübra Bacarani olub. Düz bir il məşğul olduqdan sonra Vüqar ilk dəfə Azərbaycan çempionatında iştirak etdi. Həmin birincilikyə təcrübəli şahmatçıların qatılmasına baxmayaraq, çempion tituluna məhz Vüqar layiq görüldü. Elə həmin ildən (1995-ci il) Vüqar Azərbaycanı dünya və Avropada təmsil etməyə başladı. Onun ilk beynəlxalq uğuru 1996-cı ildə Sloveniyada keçirilən Avropa çempionatı oldu. Vüqar 9 oyundan 7,5 xal toplayaraq qitə birinciliyində 1-2-ci yerləri bölüşdürdü. Daha sonra isə elə həmin il İspaniyada dünya çempionatında iştirak edən Vüqar gümüş medalla kifayətlənməli oldu. O, hətta həmin turnirin qalibi olan hindistanlı Pentala Harikrişnaya da qalib gəlmişdi. Vüqar 1996-cı ildən sonra qatıldığı bütün beynəlxalq miqyaslı turnirlərdən mükafatsız qayıtmayıb.



- Vüqar şahmatdan əlavə idmanın hansısa növü ilə məşğul olurdu? Onun hansı hobbiləri var idi?

- Vüqarın hobbisi kino və musiqi idi. Hətta kinoya olan həvəsini nəzərə alaraq, Hollivudda qısametrajlı filmə məsləhətçi dəvət olunmuşdu. Qeyd edim ki, Vüqar, həmçinin filarmoniyada təcrübəli müəllimlərdən musiqi dərsləri alırdı və praktik həyatda da onları müvəffəqiyyətlə həyata keçirirdi. Dünya bəstəkarlarının əsərlərindən kiçik hissələri ifa edirdi. Ən çox sevdiyi idman növləri isə futbol, böyük tennis, stolüstü tennis və bilyard olub. Vüqar tennis dərsləri ilə Bakı Tennis Akademiyasında təcrübəli məşqçilərin rəhbərliyi altında məşğul olub.



- Yəqin ki, asudə vaxtlarında evdə dost-tanışla da şahmat oynayırdı. Qohumlarla, dost-tanışla oyunlar necə keçirdi? Yəqin ki, xoş xatirələr var...

- Vüqarın səviyyəsində dost-tanışın olmadığı üçün qardaşım Sərxanla (beynəlxalq usta) şahmat oynamağa daha çox üstünlük verirdi. Çünki o, hər zaman güclü və sağlam rəqabətə üstünlük verib. Onların qarşılaşmaları da hər zaman gərgin mübarizə şəraitində davam edib. Vətəndə olanda günün çox hissəsini hazırlıqlara ayırırdı. Vüqarın çox güclü kompüter analiz mərkəzi var idi. Hansını ki, Vüqar idarə edirdi, kompüter Vüqarı yox. “Nə? Harada? Nə zaman?” intellektual oyunlarına dəvət olunurdu. Vüqar da orada qonaq qismində iştirak edib, suallar verirdi.
O, öz ömrünü şahmata həsr etmişdi. Təəsüf ki, Vüqar Azərbaycanda az olduğundan onunla doyunca ünsiyyət də olmurdu. Amma çox maraqlı həmsöhbət, şən, olduğu hər bir məclisə rəng qatan, bütün stolüstü oyunların mahir ustası olub. Onun söhbətləri üçün, başına gələn macəraları danışmaq üçün çox darıxıram.



- Vüqar Azərbaycan şahmat tarixinin ən güclü simalarındandır. İstər komanda, istərsə də fərdi yarışlarda tarixi uğurlara imza atıb. Bəs, hansı arzuları var idi ki, gerçəkləşdirə bilmədi.

- Deməzdim ki, Azərbaycanın, o dünyanın ən güclü şəhmatçılarından olub. Vüqar şahmat yolunda çox mürəkkəb, maneələrlə dolu yol keçib. Əslində, onun arzuları çox idi. Onun əsas həyat prinsipi də hər bir arzusunu, məqsədini yüksək səviyyədə həyata keçirmək idi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevlə görüş zamanı ulu öndərin verdiyi tapşırığı – Dünya Şahmat Tacını Azərbaycana qaytarmağa çox çalışırdı. Vüqarın əsas arzusu bu idi. Bu məqsədə çatmaq üçün də onun çox böyük planları var idi. Təəssüf ki, onun arzuları yarımçıq qaldı.

- Ailənizdə Vüqarın davamçıları varmı? Onun şahmata həvəsləndirdiyi kimləri tanıyırsınız?

- Ailəmizdə Vüqarın davamçıları mənim qızım Nərmin və qardaşım oğlu Ayxandır. Vüqarın uşaqlar üçün təşkil etdiyi master-klaslar onlarda şahmata böyük həvəs yaradırdı. Bu məqsədlə də daim bölgələrdə, xüsusilə də Gəncədə təmənnasız master-klasslar, seanslar keçirir, uşaqlarla fikir mübadiləsi aparır, onlara öz məsləhətlərini verirdi. O, bu işdən xüsusi zövq alırdı. Bildiklərini paylaşmaq, bir insana kömək edə bilmək onu son dərəcə məmnun edirdi. Ümid edirəm ki, onun bu arzusu yeni istedadların üzə çıxmasına öz töhfəsini verəcək.
Bu gün Vüqar aramızda olmasa da, onun xatirəsi, qələbələri daim qəlblərdə, onu sevənlərin yaddaşında əbədi olaraq qalacaq. Bizim ailəmizdə də onun yeri daim görünür. Vüqar gözəl insan, səmimi həmsöhbət, qayğıkeş qardaş idi.

Tural Xudiyev
Qambit | SportLine.az 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir