LAYİHƏ: “300-400 manat maaş alan mütəxəssis başqa iş yeri axtarmağa məcburdur”

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində ikinci yazını dəyərli oxucularına təqdim edir. Ötən yazımızda təcrübəli mütəxəssis Sabir Əliyevə müraciət etmiş, onunla birlikdə uşaq futbolunun vəziyyətindən, istedadlı uşaqların seçilməsi və düzgün inkişaf etdirilməsindən danışmışdıq. Bu dəfəki yazımızda da həmin mövzunu davam etdirəcəyik.

 AFFA-nın “Futbola Qoşul” internet qeydiyyat sistemindən iyunun 13-də 115000-ci şəxs qeydiyyatdan keçdi. Deməli, Azərbaycanda azı 115 min nəfər futbolla məşğul olur. Bu rəqəmin böyük əksəriyyətinin yeniyetmə və uşaqlar olduğu şübhəsizdir. Düzdür, uşaq yaşlarından top oyununa həvəs göstərən, ayağına butsı, əyninə forma geyinən hər kəsin böyüyəndə peşəkar futbolçu olacağına təminat vermək çətindir. Amma ötən yazımızdakı müsahibimiz Sabir Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın hər bir guşəsində istedadlı futbolçuya rast gəlmək mümkündür. Vacib olan odur ki, həmin istedadlar vaxtında “kəşf edilsin”, peşəkar mütəxəssislərin nəzarəti altında püxtələşsin, futbolun sirlərinə yiyələnsin. Bu mənada bölgələrdə çalışan uşaq məşqçilərinin üzərinə xüsusilə böyük yük düşür. Çünki əyalətlərdəki yeniyetmələr, bir qədər diqqətdən kənarda qalır, belələrinin tapılıb üzər çıxarılması prosesi paytaxtdakılara nisbətən daha çətin baş verir.

 Sadaladığımız məqamlar barəsində söhbətləşmək üçün, bu dəfə, Azər Bağırovu seçdik. Yaşının az olmasına baxmayaraq, Bağırovun məşqçilik karyerası zəngin və rəngarəngdir. Gənc mütəxəssis, artıq, PRO kateqoriyalı məşqçilik lisenziyasına yiyələnməyi də bacarıb. Məşqçilik fəaliyyətinə 2011-ci ildə “Neftçi”də başlayan Azər bəy U-16 millisində almaniyalı mütəxəssis Nikolay Adamın köməkçisi kimi də çalışıb. Onu özümüzə həmsöhbət seçməyimizin əsas səbəblərindən biri də, o oldu ki, gənc mütəxəssis əyalətdə də çalışıb. 36 yaşlı çalışdırıcı, “Qəbələ”nin U-11, U-16 və əsas komandasındakı fəaliyyəti sayəsində, “qırmızı-qaralar”ın akademiyasındakı vəziyyətlə, bölgədəki uşaq futbolunun problemləri ilə yaxından tanış olmaq imkanı qazanıb. Hazırda “Qaradağ-Lökbatan”ın baş məşqçisi olan gənc mütəxəssis, buna qədər “Neftçi”nin U-19 komandasında və əvəzedici heyətində baş məşqçi olmağa da macal tapıb. Onunla söhbətimizdə bir çox maraqlı məqamlara toxunmaq imkanı qazandıq.

“Təvvəllüdün dəyişdirilməməsi çox vacibdir”

 

-          Sözsüz ki, azarkeşin və ya idman jurnalistinin futbola baxışıyla peşəkarların baxışı fərqli olur. Biz uşaq futboluna baxanda, əsasən meydanda ən bərk qaçanı, yaxud çox qol vuranı istedadlı sayırıq. Bəs, peşəkar futbol mütəxəssisi üçün istedadlı, böyük gələcək vəd edən uşaq necə olmalıdır?

-          Futbol topla oynanılır. Deməli, yaxşı futbolçu olmaq istəyən uşaq topla yaxşı davranmağı bacarmalıdır. Eyni zamanda futbol sürətli oynudu, həm də fiziki güc tələb edir. Yaxşı futbolçu olmaq üçün güclü və sürətli olmalısan. Bütün bu keyfiyyətlər zamanla, düzgün qurulmuş məşq proqramları ilə artırılır. Amma heç də hər şey məşqdən və ya məşqçidən asılı da deyil. Uşağın “qabında” nəsə olmalıdır ki, sonradan məşqlər sayəsində həmin keyfiyyətlər daha da artırılsın, püxtələşsin. Bütün bu kriteriyaları daha çox özündə cəmləşdirən uşaq digərlərindən fərqlənir, onun istedadlı olduğunu görməyə başlayırsan.

-          Uşağın üzərində düşən məsuliyyət payından əlavə valideynlərin və məşqçilərin öz məsuliyyəti var. Onların birinci növbədə görməli olduğu iş hansıdır?

-          Böyüklər üçün bu məqamın heç bir əhəmiyyəti olmur. Amma uşaq futbolunda yaş amili çox vacibdir. Uşağın yaşı heç bir halda saxtalaşdırılmamalıdır, təvəllüdünü göstərən sənədlər dəyişdirilməməlidir. Bunun fəsadları gələcəkdə çox ağır olur. Bəzən valideynlər də, məşqçilər də şüurlu surətdə buna gedirlər, nə boyda səhvə yol verdiklərini hiss etmirlər. Yaş amili uşaq futbolunda həlledicidir. İstənilən istedadlı uşağın inkişafı üçün onun öz yaşına uyğun dərəcədə “yüklənməsi” və öz yaşıdları ilə birlikdə futbol oynaması mühüm məqamdır. Hətta bir ilin içində ayların belə təsiri var. Eyni ilin yanvarında doğulan uşaqla noyabrda və ya dekabrda dünyaya gələn uşağın fiziki göstəriciləri eyni olmur. Buna diqqət etmək mütləqdir. İstedadı olan uşaq və ya yeniyetmə, müəyyən qədər özündən böyüklər arasında oynamaqla inkişaf edə bilər. Amma özündən kiçiklərlə oynayası olsa, onda tənbəllik və rahatlıq yaranacaq. Bəzən görürsən ki, bir uşaq topla əla davranır, meydanı yaxşı görür, lakin fiziki cəhətdən zəifdi, tez yorulur. Belədə mütləq fiziki gücün artırılmasına yönəlmiş məşqlərin sayını çoxaltmaq, həmin çatışmazlığı aradan qaldırmaq lazımdır. Yoxsa, müəyyən yaş həddindən sonra “fizika”nı düzəltmək çətin olur. Onda həmin keyfiyyətlərdən də yararlanmaq çətinləşir.

“Uşağı peşəkara çevirmək üçün əvvəlcə mütəxəssislər özləri peşəkar olmalıdır”

 

-          Yəqin razılaşarsız ki, bizim futbolun ən böyük problemlərindən biri də peşəkarlaşma ilə bağlıdı. Görürük ki, uşaq və yeniyetmə yaşlarında istedadı ilə göz oxşayan, meydanda xarüqələr yaradan hansısa futbolçu böyüdükcə “kölgəyə” çəkilir, itib-batır. Belələrinə kifayət qədər misallar çəkmək olar. Bunun qarşısını necə almalıyıq?

-          Avropa təcrübəsini öyrənərkən sizin sualınıza cavab tapırıq. Bizdə 15-16 yaşlı futbolçuya da uşaq gözüylə baxılır. Nəticədə həmin istedad da özünü uşaq kimi apararır, çox qiymətli zamanını itirir. Ərköyünlük, özündən razılıq halı artıq. Bayaq bu məqama əbəs yerə toxunmadım. İstedadı olana öz yaşıdları arasında oynamaq asandır. Bərkə-boşa düşmür, hamını aldada, geridə qoya bilir. Amma belə uşaq bir az özündən böyüklərlə oynasa, peşəkar futbolun çətinliklərini görsə, öz üzərində daha çox çalışmalı olduğunu da başa düşər. Avropada futbolçular var ki, 15-16 yaşlarından onlarla peşəkar müqavilələr imzalanır. Həmin futbolçular artıq əsas heyətlə birlikdə məşq edir, böyüklər arasında öyrənməyə, püxtələşməyə başlayır. Məşqçilər bu cür futbolçulara az-az da olsa meydana çıxmaq şansı yaradırlar. Siz özünüz də görmüsünüz ki, 17-18 yaşında Avropa Liqasının qrup mərhələsində oynayanlar olur. Bu da həmin yeniyetmənin istedadının açılmasında, onun böyük futbolu hiss etməsində əvəzsiz rol oynayır. Bir istedadlı uşağın peşəkar futbolçuya çevrilməsi üçün onunla məşğul olan mütəxəssislərin özlərinin işə peşəkar yanaşması, ona can yandırması vacibdir. Eyni zamanda hər yaş dövrünə uyğun ayrı-ayrı mütəxəssislər olmalıdır.

-          Azərbaycanda bu sahənin ən böyük problemini nədə görürsünuz?

-          Bir-neçə gün bundan əvvəl, elə bu barədə öz aramızda müzakirələr aparırdıq. Dəfələrlə öz təkliflərimi vermişəm. Klublardakı uşaq məşqçilərinin kimliyinə, öz işinin öhdəsindən necə gəlməsinə mütləq diqqət yetirmək lazımdır. Hər şey ordan başlayır. Uşaq futboluna dırnaqarası baxmaqla inkişafa nail olmaq mümkün deyil. Əksinə, olan-qalan istedadları da məhv edəcəyik, geriyə gedəcəyik. Əsas şərt məşqçinin kateqoriyasının olması deyil. İndi kateqoriyaya yiyələnmək bir qədər asanlaşıb. Hamı kursları bitirir, müxtəlif lisenziyalar alır və özünü uşaq məşqçisi hesab etməyə başlayır. Gənc mütəxəssislərin məşq prosesləri nisbətən yaşlı və təcrübəlilər tərəfindən nəzarətdə saxlanılmalıdır. Bu məsələdə klublarla AFFA-nın işbirliyinə də ehtiyac var. AFFA-da yaradılan müəyyən bir qrup mütəxəssislər, klub məşqçilərindən görülən işlərlə bağlı yazılı və şifahi hesabatlar tələb etməklə, problemlərlə mütamadi maraqlanmaqla ümimi işə yardım etmiş olarlar. Problemlərin həllinə sözdə yox, əməldə çalışmaq mütləqdir. Bizdə ən böyük problem mütəxəssislərin inkişafının da ləng getməsi, uşaq futbolunda çalışanların bu sahəyə “bataqlıq” kimi baxması və burdan qurtulmağa çalışmasıdır. Məlum məsələdir ki, bütün klubların şəraiti və maddi şərtlər “Qarabağ”, “Qəbələ” və “Neftçi”də olduğu kimi deyil. Misal üçün, bir məşqçi 15-16 yaşlı uşaqlarla işləyir və 300-400 manat maaş alır. Belədə məcbur olur ki, özünə əlavə iş və gəlir yeri axtarsın. Bununla da həmin mütəxəssis çalışır ki, tez bir zamanda yuxarı yaş qruplarında özünə iş tapsın. Çünki orada maddi vəziyyət, maaş bir qədər yüksəkdir. Nəticədə, o, öz işinin dərinliklərini öyrənməkdən daha çox, özünə gün ağlamaqla məşğul olur. Bir məşqçinin öz işinə mükəmməl bələd olması üçün minimum 5-6 il bir yaş qrupunda çalışması vacibdir. Söhbət klubda çalışanlardan gedir. Klub da onun maddi tələbatını qarşılamalıdır. Yalnız bundan sonra, biz vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edə bilərik. Gənc mütəxəssislər də belədə öz təcrübəsini artıracaq, işinin dərinliklərinə bələd olacaq. İnkişaf yalnız bundan sonra başlayacaq.

-          Sözlərinizdən belə başa düşdük ki, uşaq futbolundakı problemlərin həllinə məşqçilərdən başlamaq lazımdır...

-          Məşqçilərin xarici təcrübəni öyrənməsi, öz işlərində bu təcrübəni tətbiq etməsi vacibdir. Bir-neçə il bundan əvvəl “Qarabağ” uşaq məşqçilərini Hollandiyaya göndərmişdi. Bu çox müsbət addım idi. Əminəm ki, həmin proqrqam çərçivəsində Hollandiyaya gedənlər sonrakı fəaliyyətlərində mütləq hansısa yeniliklər tətbiq edib, orada gördüklərindən yararlanıblar. Amma bunu davamlı etmək lazımdır. Hər il mütəxəssislərimizi, cavan məşqçiləri xarici təcrübə ilə tanış olmaq üçün Avropa ölkələrinə göndərmək yaxşı olardı. Mən özüm də xarici klublardakı iş şəraiti ilə, məşq prosesi ilə tanış olmaq üçün müxtəlif vaxtlarda səfərə çıxmışam. Azı bir ay hansısa klubun düşərgəsində yer almaqla bir çox müsbət dəyişikliklərə nail olmaq mümkündür. Oradakı bazadakı şəraiti, müxtəlif yaş qruplarının məşq prosesini gördükdən sonra fərqi hiss edirsən. Əks halda biz yeniliklərdən xəbər tutmaq, onları öz futbolumuza tətbiq etmək imkanından məhrum olacağıq. Hamımızın gözünün önündədi ki, “Bakı”nın “Atletiko” ilə əməkdaşlığından klub nə qədər fayda götürdü. Bu əməkdaşlıq çərçivəsində “Bakı”da çalışan gənc mütəxəssislər tez-tez Madrid klubun bazasında olurdular, uşaq komandaları ora gedib, müxtəlif yoxlama oyunları keçirirdilər. Görün “Bakı” klubunun nə qədər yetirməsi ortaya çıxdı, hazırda Lremyer Liqa klublarında oynayırlar. Bu faktın özü xarici təcrübənin nə qədər vacib olduğunun göstəricidir. Klublar uşaq futbolunun inkişafını istəyirlərsə, bu məqamı mütləq nəzərə almalıdılar.

-          Siz özünüz futbolumuzun gələcəyini necə görürsünuz?

-          Mən nikbinəm. Azərbaycanda həmişə istedadlı futbolçular olub, indi də var. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, uşaq futboluna daha ciddi və peşəkar yanaşmalıyıq. Belə olan halda yaxın 3-5 ildə Azərbaycan futbolu mütləq yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

 Bu dəfəki yazımızda oxucularımıza daha bir mütəxəssisin fikirlərini çatdırdıq. Həmsöhbətimiz PRO kateqoriyalı məşqçi Azər Bağırov həm uşaq futbolundakı problemləri sadaladı, həm də problemlərdən çıxış yolu tapmaq üçün öz təkliflərini səsləndirdi. SportLine.az araşdırmaları davam etdirəcək. Növbəti yazılarımızda da, problemlərin üzərinə birlikdə işıq salacağıq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir