91 illik rəqabət

Bu gün Türkiyə “Super Liqa”sında növbəti “Beşiktaş” – “Qalatasaray” derbisi baş tutacaq. SportLine.az 337-ci duel ərəfəsində derbinin tarixinə nəzər salıb.

İki İstanbul klubunun görüşündə ilk qolu 22 avqust 1924-cü ildə Refik Osman Top vurub. “Beşiktaş”ın şərəfini qoruyan futbolçu, həm də komandasının 2-0 hesablı qələbəsində pay sahibi olub.

“Qalatasaray” isə “Qara qartal”ın qapısına, təxminən, 1 il sonra, 31 iyul 1925-ci ildə yol tapıb. Həmin oyunda 6-2 hesabı ilə qalib gələn “Cim-Bom”un ilk qoluna Mehmet Leblebi imza atıb.

RƏQABƏTİN BOMBARDİRLƏRİ

Ümumiyyətlə, 91 illik derbi tarixində ən çox qol “Beşiktaş”ın “Baba” ləqəbli futbolçusu Hakkı Yetənin aktivindədir. O, “Qalatasaray”ı 61 oyunda 29 dəfə məyus edib.

“Sarı-qırmızılar”da isə 31 matçda 21 qol vuran Gündüz Kılıç derbinin ən məhsuldar futbolçusu hesab olunur.

Liqa oyunlarında “Qalatasaray”lı Hakan Şükür (10 qol) və “Beşiktaş”lı Feyyaz Uçar (9 qol) bombardirlərin siyahısında liderdir.

BÖYÜKHESABLI QƏLƏBƏLƏR

Derbi tarixinin ən böyükhesablı qələbəsi “Cim-Bom”un aktivindədir. 30 iyun 1940-cı il tarixində keçirilən görüşdə “Qalatasaray” “Beşiktaş”ı 9-2 hesabı ilə məğlub edib.

“Beşiktaş”ın böyükhesablı qələbəsi isə 18 mart 1933 və 29 dekabr 1940-cı illərdə qeydə alınıb. Həmin vaxt “Qara qartal” “Cim-Bom”un qapısından 5 cavabsız top keçirib.

DERBİ TARİXİNDƏ İLK DƏFƏ

2007-2008 mövsümündə baş tutan “Qalatasaray” – “Beşiktaş” qarşılaşması derbi tarixində ilk dəfə tamaşaçısız keçirilib. “Aslan”ın 5 oyunluq cəzası səbəbilə “Ali Sami Yen”dəki oyuna azarkeş buraxılmayıb.

HƏR İKİ KOMANDADA ÇIXIŞ  EDƏN FUTBOLÇULAR

“Beşiktaş” – “Qalatasaray” rəqabəti tarixində hər iki komandanın formasını geyinən futbolçular olub. Ali Çoban, Mirsad Kovaçiç, Saffet Sancaklı, Sərgən Yalçın, Ahmet Yıldırım, Mehmet Aksu, Emre Aşık, Adrian İlie, Okan Buruk, Ayhan Akman, Mehmet Yozqatlı, Gökhan Zan, Sərdar Özkan, Burak Yılmaz, Dani Nounkeu, Cenk Gönən və başqaları belə oyunçulardandır...

REKORD

“Super Liqa” tarixində azarkeş rekordu da bu derbiyə təsadüf edib. 22 sentyabr 2013-cü il tarixində “Atatürk Olimpiya Stadionu”nda keçirilən qarşılaşmanı 76 min 127 azarkeş canlı izləyib.

Qeyd edək ki, cari mövsümün ilk derbisi bu gün Bakı vaxtı ilə 22:00-da start götürəcək.