Ağ-qara tarix: “Neftçi” 81-ci ilində əzəmətini qaytarmaq üçün nə etməlidir?

80 illik yubiley tədbirlərinə davam edən “Neftçi” ölkənin ən qocaman və ilklərə imza atmış klubu olmağın fəxarətini yaşamaqdadır. Biz isə Sportline.az olaraq, sizinlə birlikdə, “xalq komandası”nın keçdiyi yola işıq salmaqda davam edirik. İndiyə qədər “Ağ-qara tarix” silsiləsindəki 11 yazıda 80 illik tarixə mümkün qədər əhatəli və yeni faktlar aşkarlayacaq şəkildə nəzər salmağa çalışdıq.

Ötən üç ay ərzində, “Neftçi”nin yaranması: Tarixi zərurət, sosial, yoxsa inzibati sifariş?!”, “80 ildə nə qazanıldı, nə itirildi?”, “Neftçi”nin “bürünc ili”: Azərbaycan futbolunun şanlı səhifəsi”; “Neftçi” nə üçün Tbilisi “Dinamo”su və “Ararat” qədər böyük uğurlar qazana bilmədi?”; “Müstəqilliyin ilk illəri: “Neftçi”yə yeni rəqiblərin peyda olması”; “Neftçi” avrokuboklarda: İlklər, rekordlar və antirekordlar”; “Yada düşər xatirələr: Veteranlar nə danışır, “Neftçi” onlar üçün nə deməkdir?”; “Neftçi” Avropa Liqasının qrup mərhələsində: Ən yeni tarix”; “Neftçi”nin azarkeş problemi: Tribunalar niyə boşalıb?”; “İdarəetmə sisteminin dəyişməsi: “Neftçi” üçün yeni dövr, yoxsa böhranın başlanğıcı?”; “Neftçi”nin uşaq komandalarının vəziyyəti, uğurlar, problemlər” sərlövhəli yazılarımızda həm ötən günləri, tarixi qarşılaşmaları yenidən xatırlamağa çalışdıq, həm də klubun qarşılaşdığı problemlərə toxunmaqla, onların aradan qaldırılması yollarını axtardıq. 

“Neftçi”nin həm tarixi, həm, uğurları, həm də, Azərbaycan futbolunda tutduğu yer bu klubun daim gündəmdə olması üçün yetərlidir. “Ağ-qara” rənglərə könül verib-verməməsindən asılı olmayaraq, Azərbaycanda yaşayan istənilən futbol azarkeşi “Neftçi”nin taleyinə biganə deyil. Çünki, güclü “Neftçi”, elə güclü Azərbaycan futbolu deməkdir. 80 illik yubiley tədbirləri bitəndən sonra belə, “Neftçi” mətbuatın diqqətində olacaq, bu klub haqqında xəbərlər və digər məzmunlu yazılar manşetlərin bəzəyinə çevriləcək. Bu səbəbdən də “Ağ-qara tarix” silsiləsindən 12-ci yazımızı “Neftçi”nin keçmişinə yox, gələcəyinə həsr etməyi qərara aldıq. Sportline.az bu dəfə “Neftçi”nin yaranışının 81-ci ilində çempion olması, itirdiyi əzəmətini geri qaytarması üçün nələrin tələb olunduğunu araşdıracaq.

Azarkeşlər tribunaya qayıtmalı...



Günü bu gün də, “Neftçi” azarkeşlərinin sayı kifayət qədərdir. Amma, həmin azarkeşlərin əhəmiyyətli qismi passivdir, “ağ-qaralar”ın oyunları zamanı tribunalarda görünmürlər. Belələri ya, ümumiyyətlə “Neftçi”nin oyunlarına baxmır, yalnız nəticələrlə maraqlanır, ya da, qarşılaşmaları televiziya ekranlarından izləməyə üstünlük verirlər. Bu isə “Neftçi”nin oyunları zamanı tribunalarda acınacaqlı vəziyyətin yaranmasına səbəb olur. Düzdür, ayrı-ayrı fanat qruplarının sayəsində doğma meydandakı oyunlar zamanı sükut pozulur, zəif də olsa, azarkeş dəstəyi hiss edilir. Di gəl ki, həmin dəstəyin bir-neçə il bundan əvvəl adət etdiyimiz, “xalq komandası”nın adına və tarixinə yaraşan səviyyədə olduğunu demək mümkünsüzdür. Günümüzün reallığında azarkeş amilinin komandanın oyununa təsirini heç kim dana bilməz. “12-ci oyunçu”nun dəstəyi “Neftçi” futbolçularının ruhlandırılması üçün hər nə qədər vacibdirsə, rəqibin təzyiq altında saxlanılması, hakimlərin də meydan sahiblərinə qarşı daha diqqətli davranması üçün azarkeşlərin tribunaları doldurması mütləqdi.

... Bunun üçün isə heyət mütləq gücləndirilməlidir

“Toyuq birinci əmələ gəlib, yoxsa yumurta” sualına cavab vermək mümkünsüzdür. Elə Azərbaycan futbolunun reallığında da əvvəl güclü komanda, sonra güclü azarkeş, yoxsa, əksinə dilemmasına cavab tapmaq xeyli müşkül məsələdir. Komanda güclənməli, nəticələrini yaxşılaşdırmalıdır, ondan sonra azarkeşlərin sayı artacaq, onlar tribunanı doldurmağa başlayacaqlar. Günümüzün şərtləri bunu diqtə edir. Zəif komandaya könül verənlərin sayı az olur, nəinki ondan üz döndərənlərin, küsüb gedənlərin. “Neftçi”nin sadiq azarkeşlərinin xətrinə dəymək istəməzdik. Amma son bir-neçə ilin statistikası bunu göstərir. “Xalq komandası”nın nəticələri pisləşdikcə azarkeşlərin də sayı sürətlə azalmağa başlayıb. Onların geri qaytarılması üçün “Neftçi”nin heyəti mütləq gücləndirilməli və sabitlik yaradılmalıdır. Legionerləri 3-5 aylıq Bakıya gətirmək, sonra onları yola salıb başqalarıyla əvəzləmək yolverilməzdir. Belədə komanda nəticə qazanmağa, turnir cədvəlində ilk sıralara iddia etməyə də çətinlik çəkir. Deməli, “Neftçi” rəhbərliyi “toyuq və yumurta” məsəlində olduğu kimi, azarkeş və heyət problemini mümkün qədər paralel həll etməyə çalışmalıdır. Azarkeşlərlə aparılan təbliğat işləri gücləndirilməli, “Neftçi”yə itirilmiş inam bərpa olunmalıdır. Uğursuz nəticələrə görə tribunalardan qaçaq düşənlərə izah edilməlidir ki, 80 yaşlı klubun əzəmətinin bərpası üçün onların hər birinin dəstəyinə ehtiyac var. Azarkeşlər bilməlidir ki, onların verdiyi dəstək, soyuqda-istidə tribunalara getməsi, 90 dəqiqə susmadan öz varlığını hiss etdirməsi cavabsız qalmayacaq, “Neftçi” qazandığı qələbələrlə “ağ-qara” rənglərə könül verənləri sevindirəcək. 

Düzdür, qısa müddətdə bütün bu problemləri həll etmək elə də asan deyil. Ona görə də “Neftçi” rəhbərliyi gələn mövsümün strategiyasını indidən müəyyənləşdirməli, gələcəyə hesablanmış qətiyyətli addımlar atmalıdır. Hazırkı heyətdəki çatışmazlıqların səbəbləri araşdırılmalı, yayda həmin boşluqları dolduracaq transferlər mövsüm bitmədən gözaltı edilməlidir. Və sözsüz ki, onların əllərinin işdən, azarkeşlərin isə tribunadan soyumaması üçün “Neftçi” yubiley ilini titulla və avrokuboklara vəsiqə ilə başa vurmalıdır.

Elxan Abdullayevin seçim etməsi mütləqdir!


Tarixə nəzər salanda həm klubda, həm də millidə işləyən mütəxəssislərin uğur qazanması halına elə də çox rast gəlinmir. Çünki klub və yığma fərqli anlayışlardı. Düzdür, yığma məşqçilərinin işi mövsüm ərzində elə də çox olmur, onlar yalnız çempionata fasilə veriləndə sıx qrafiklə məşğul olurlar. Amma bu məqamın əks tərəfi də var. Klub çalışdırıcıları xüsusilə də Azərbaycanda yığmanın oyunu və ya təlim-məşq toplanışı ilə bağlı yaranacaq fasiləni səbrsizliklə gözləyirlər. Yaranmış fürsətdən yararlanıb, komandanın oyununu analiz etmək, nöqsanlar üzərində işləmək, yoxlama görüşlərində yeni taktiki variantları sınamaq məhz həmin fasilə müddətində daha əlverişlidir. Amma, “Neftçi” və onun baş məşqçisi Elxan Abdullayev bu şansdan məhrumdur, digərlərinə nəsib olan xoşbəxtlik onlar üçün əlçatmazdır. Səbəb isə çox sadədir. Həmin müddətdə Elxan Abdullayev də millinin düşərgəsinə yollanır, Robert Prosineçkinin yardımçısı vəzifəsinin öhdəsindən gəlməklə məşğul olur. Klubda qalan futbolçular isə onun nəzarəti olmadan məşq edirlər. “Neftçi”də baş məşqçinin köməkçilərinin sayı yetərincə olsa və onlar Abdullayevi əvəzləmək üçün can-başla səy göstərsələr belə, baş məşqçinin özünün bilavasitə hazırlığa rəhbərlik etməsinin effekti tamam başqadır. Təsadüfi deyil ki, ötən ilin payızında millinin Norveç və Çexiya ilə oyunları ila əlaqədar yaranmış fasilədən digər klublarımız yetərincə yararlansalar da, “Neftçi” bundan məhrum olmuş, nəticələrini yaxşılaşdırmaq üçün Elxan Abdullayevin rəhbərliyi ilə yetərincə hazırlaşa bilməmişdi.

Odur ki, cənab Abdullayevin ən geci mövsüm bitəndən sonra seçim etməsi qaçılmazdır. “Neftçi” son bir-neçə mövsümdə yaşadığı uğursuzluqları unutdurmaq, yenidən ölkə çempionatında və avrokuboklarda iddialarını bərpa etmək istəyirsə, komandanın baş məşqçisi millidəki işindən ayrılmalıdır. Belədə baş məşqçi vaxtını və enerjisini bütünlüklə “Neftçi”yə sərf edər, diqqətini komandanın problemlərinə yönəltməklə onların həlli yollarını daha tez tapar.

“Neftçi” tarixinə və öz yetirmələrinə daha çox sahib çıxmalıdır

80 yaşlı klubun muzeyinin olması, orda ötən illəri əks etdirən foto-videogörüntülərin, qazanılan kubok və mükafatların nümayiş etdirilməsi də çox mühüm məsələdir. Belədə “Neftçi”yə dəvət olunan legionerlər də ilk imkandaca həmin muzeylə tanış olar və böyük tarixi olan kluba gəldiyini anlayıb, öz işinə daha məsuliyyətlə yanaşar. Eyni zamanda futbolda ilk addımlarını atan yeniyetmə və gənclərin “Neftçi”nin tarixindən və böyüklüyündən xəbər tutması üçün belə bir muzeyin yaradılmasına ehtiyac var. Bu yaxınlarda “Neftçi”nin qazandığı kubokların fərqli məkanlardan saxlanılmasıyla bağlı yaranmış mübahisə və narazılıqlara da məhz bu üsulla son qoyular. 

Tarixə göstərilən ehtiramla yanaşı “Neftçi”nin uşaq məktəblərində yetişən istedadlara, klubun “öz köynəyindən” çıxanlara diqqət daha da artırılmalıdır. Bu gün Premyer Liqada “Neftçi”yə rəqib olan klubların heyətində yetərincə belə futbolçular var. İstedadları əlindən buraxmaqla “Neftçi” həm də öz rəqiblərini gücləndirmiş olur. Özü isə heyətdəki çatışmazlıqlardan, limitin gətirdiyi problemlərdən əziyyət çəkir. Halbuki əvəzedici heyətdə və aşağı yaş qruplarında fərqlənənləri xüsusi nəzarətə götürməklə, onlara daha qayğı ilə yanaşmaqla “ağ-qaralar” az qala hər mövqedə öz yetirmələrinin köməyindən yararlana, əlavə xərcə düşmədən heyətində rəqabət yarada bilər.

Göründüyü kimi, uğura aparan yol o qədər də daşlı-kəsəkli, keçilməz deyil. Xüsusən də, “Neftçi” kimi ilklər müəllifi, 80 illik tarixi ilə öyünən “xalq komandası” üçün. Şübhə etmirik ki, “Neftçi” rəhbərliyi bu yazıda qeyd olunan məqamları diqqətə almaqla, “flaqman”ın əvvəlki şöhrətini tezliklə özünə qaytarmağı bacaracaq!

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.