LAYİHƏ: İdarəetmə sisteminin dəyişməsi: “Neftçi” üçün yeni dövrün, yoxsa böhranın başlanğıcı?

2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə yüksələn “Neftçi” Azərbaycan futbol tarixinə yeni səhifə yazmaqla yanaşı, hədəflərini də böyütdü. Artıq Avopa Liqasının qrup mərhələsi “xalq komandası” üçün keçilmiş yola çevrildi. Azarkeşlər və idman mətbuatı növbəti mövsümdə “Neftçi”dən Çempionlar Liqasının qrupuna yüksəlməyi, Avropanın nəhəng klublarını Bakıya gətirməyi gözləyirdi. Avroliqada qrup mərhələsini Milanda “İnter”lə 2:2 hesablı heç-heçə və “Partizan”la oyunlarda qazanılan 2 xal sayəsində nikbin tərk edən “Neftçi” yenidən qitəmiqyaslı yarışlara iddialı qayıtmaq əzmində idi. Komanda “iki cəbhə”də mübarizə aparsa da, mövsümü əla başa vurdu. 2013-cü ilin mayında “ağ-qaralar” ölkə kubokunu başı üzərinə qaldırdı və ardıcıl 3-cü dəfə qızıl medalları heç kimə güzəştə getmədi. Mövsümün “qızıl dubl”la başa vurulması komandanın özünə inamını və əhval ruhiyyəsini də xeyli yüksəltmişdi. Təəssüflər olsun ki, bu ruh yüksəkliyi sonda özündən razılığa səbəb oldu...

“İsgəndər bəy silləsi” və serblərin badalağı



Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqib bizim üçün arzuolunan idi. Hamı bir ağızdan: “püşk üzümüzə güldü, “Neftçi” ən azı ötən ilki uğuru təkrarlayacaq” deyirdi. Albaniya çempionu “Skenderbeü” APOEL qədər adlı-sanlı, təhlükəli rəqib deyildi. Azarkeşlər kimi məşqçilər və futbolçular da bu səddi “tək ayaqla” keçəcəyimizi zənn edirdilər. Amma bizim saydığımızla albanların saydığı üst-üstə düşmədi və “Neftçi” elə ilk səddəcə “ilişdi”. Avrokuboklardan erkən uzaqlaşma “Neftçi”də yeni təlatümlərə və böhrana səbəb oldu. Albaniyadan qayıdan kimi istefa verən Böyükağa Hacıyev Tərlan Əhmədovla Nazim Süleymanovun qısamüddətli fəaliyyətindən sonra yenidən baş məşqçi postuna qayıtdı.

“Ağ-qaralar” mövsümün sonunda ölkə kubokunun qalibi kimi yenidən Avropa Liqasında çıxış etmək hüququ qazandılar. Amma, bu dəfə komandanın elə də uzağa gedəcəyi gözlənilmirdi. “Neftçi”də maddi problemlərin olduğu haqda iddialar səslənsə də, rəhbərlik tərəfindən belə iddialar təkzib olunurdu. Heyəti gücləndirmək üçün lazımı addımların atılmaması isə, bu söylənənlərin ciddiliyindən xəbər verirdi.

Avropa Liqasında ilk rəqibi – Sloveniya təmsilçisi “Koper”i və daha sonra Gürcüstan “Çixura”sını keçməyi bacaran “Neftçi”nin qarşısına köhnə tanışı “Partizan” çıxdı. Belqraddakı oyun “ağ-qaralar” üçün asan keçmədi. Amma ilk 17 dəqiqədə Denis Silvanın dublu ilə böyük üstünlük qazanan “Neftçi” hər kəsi təəccübləndirməyi bacardı. Təəssüf ki, türkiyəli hakimlərin də “yardımı” ilə bu qələbəni qorumaq mümkün olmadı və serblər 3:2 hesablı qələbəyə sevindilər. Bakıdakı cavab oyunu isə yetərincə gərgin atmosferdə və Respublika stadionunun yaşıl ota həsrət qumsal örtüyündə keçirildi. Serblər bu dəfə “Neftçi”ni 2:1 hesabıyla məğlub etməklə Avropa Liqasının qrup mərhələsinə yollandılar. “Ağ-qaralar”ı isə, irəlidə böyük dəyişikliklər gözləyirdi.

Müşahidə Şurasının yaranmasına doğru

AFFA İcraiyyə Komitəsi 2013-cü ilin avqustunda keçirdiyi toplantıda Premyer Liqada çıxış edən klubların hər birinə İdarə Heyəti formalaşdırmağı tapşırmışdı. Həmin qərar “Sumqayıt”da dərhal həyata keçirilsə də, digərləri bu istiqamətdə fəallıq nümayiş etdirmirdilər. Azərbaycan futbolunda yenilik sayılan bu qərarın mənfi, yaxud müsbət dəyişikliklərə səbəb olacağını da təxmin etmək çətin idi. 

Nəhayət ki, 2015-ci ilin mart ayının 31-də “Neftçi”də Müşahidə Şurasının yaradılmasına doğru əməli addımlar atılmağa başladı. Həmin gün keçirilən iclasda AFFA-nın, eləcə də “Neftçi”nin əsas sponsoru olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev dəyişikliklər barədə məlumat verdi. Həmin məlumatda bildirilirdi ki, "Neftçi" Peşəkar Futbol Klubunun "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilməsi haqqında qərar qəbul olunub. Çingiz Abdullayev yeni yaradılan Müşahidə Şurasının sədri təyin edilib.

Daha sonra yeni yaradılmış Müşahidə Şurasının üzvlərinin adları açıqlandı. “Neftçi”nin artıq sabiq prezidenti sayılan Sadıq Sadıqovla yanaşı veteran futbolçular Mübariz Zeynalov və Səmədağa Qurbanov, SOCAR-ın Ekologiya İdarəsi rəisinin ümumi məsələlər üzrə müavini Cəbrayıl Cəbrayılov, SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və tanınmış aktyor Bəhram Bağırzadə şuraya üzv seçildi.

2015-ci ilin oktyabrında keçirilən iclasda isə, “Neftçi”nin Müşahidə Şurasına daha üç üzv qəbul olundu. Yenilər arasında veteran futbolçu Əsgər Abdullayevlə yanaşı tanınmış bəstəkar Fərhad Bədəlbəyli və ədliyyə zabiti Mehdi Nəcəfov yer alırdı. Bundan iki ay əvvəl isə, futbol veteranı Mübariz Zeynalov 70 yaşında dünyasını dəyişmişdi. Sadıq Sadıqov isə işlərinin çoxluğunu əsas gətirərək Müşahidə Şurasından ayrılmışdı.

Müşahidə Şurası nəyi dəyişdi?

Müşahidə Şurası Qəbələdə keçirilən kubokun final matçından sonra baş məşqçi Arif Əsədovu istefaya göndərməklə bağlı qərar çıxardı. Xatırladaq ki, finalda “Neftçi” “Qarabağ”a 0:3 hesabıyla uduzmuşdu. Komandanın Avstriyadakı təlim-məşq toplanışına aparılması və avrokuboklara hazırlıq əvəzedici heyətdəki baş məşqçi postunu əsas komandaya dəyişən Samir Əliyevə tapşırıldı. Buna paralel olaraq, rəhbərlik heyətdəki legionerlərin böyük əksəriyyətinin göndərilməsinə qərar verdi və komandada gəncləşdirmə siyasətinə başlanıldı. Həm Samir Əliyevin təcrübəsizliyi, həm də heyətin birdən-birə böyük islahatlara məruz qalması komandanın çıxışına təsirsiz ötüşmədi. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Çernoqoriyanın “Mladost” komandasıyla qarşılaşan “Neftçi” iki görüşün heç birində uduzmasa da, qalib gəlməyi də bacarmadı. Rəqib məhz “Bakcell Arena”da vurduğu iki qol sayəsində növbəti mərhələyə yüksəldi.

Avrokuboklarla erkən vidalaşan “Neftçi”nin ölkə çempionatında da işləri qaydasında getmirdi və tezliklə Samir Əliyev daha təcrübəli Əsgər Abdullayevlə əvəzləndi. Amma bu dəyişiklik belə heyəti zəifləmiş, özünəinamı sarsılmış “Neftçi”nin böhrandan çıxmasına yetərli olmadı. Abdullayevin təcrübəsi “Neftçi”yə epizodik qələbələr və qış fasiləsində Bakıda keçirilən “CBC Sport Kuboku”nu qazandırmaqdan başqa heç nəyə yaramadı. 2016-cı ilin martın 5-də “Qəbələ” ilə oyun Abdullayev üçün “Neftçi”nin baş məşqçisi postunda sonuncu oldu. Ardıcıl 4-cü məğlubiyyət yolların ayrılmasını zəruri etmişdi. Mövsümün sonuna qədər “Neftçi”yə müvəqqəti baş məşqçi təyin olunan Vəli Qasımov bu posta Müşahidə Şurasının iyunun əvvəlində keçirilən iclasında rəsmən təsdiqləndi. Onun qarşısına yeni transferlərə komandanı gücləndirmək, Premyer Liqada iddialı olmaq və avrokuboklarda mümkün qədər irəliləmək tapşırığı qoyulmuşdu. 

Avropa Liqasında ilk rəqib Malta təmsilçisi “Baltsan” idi. Zəif rəqibi səfərdə məğlub edən “ağ-qaralar” evdə böyük çətinliklərlə üzləşsələr də, mərhələni adlaya bildilər. Amma növbəti turdakı rəqib keçilməz oldu. Makedoniya təmsilçisi “Şkendiya” ilə Bakıdakı oyunda hesab açılmadı. “Şkendiya” səddini adlamaq üçün “Neftçi”yə səfərdə qollu bərabərlik də kifayət edirdi. Amma Besart İbraiminin 31-ci dəqiqədə vurduğu qola cavab vermək mümkün olmadı və “Neftçi” avrokuboklarla yenə də erkən vidalaşdı.

Müşahidə Şurasına inamın sarsılması və növbəti radikal dəyişikliklər

“Neftçi” Vəli Qasımovla Premyer Liqaya da inamsız başladı. Düzdür, “ağ-qaralar” ilk turda Şüvəlanda keçirilən AZAL-la oyundan 3 xalla dönə bildilər. Növbəti üç turda isə, “Neftçi” əsl kabus yaşadı. “Zirə”yə 0:1, “Qarabağ”a 0:3 hesabıyla uduzan “ağ-qaralar” üçün “Qəbələ” ilə qarşılaşma əls fiasko idi. Masazırda keçirilən oyunda “Neftçi” ölkə çempionatları tarixində ilk dəfə 8 cavabsız topla məğlubiyyətə uğradı. Həmin görüşü xəstəxana palatasında izləyən Vəli Qasımov üçün də, bu qarşılaşma “Neftçi”də sonuncu idi.

“Qəbələ” ilə oyundan 4 gün sonra Vəli Qasımovla yanaşı klubun icraçı direktoru Elnur Məmmədov, eləcə də onun idman məsələləri üzrə müavini Mübariz Xudiyev klubdan uzaqlaşdırıldı. Baş məşqçi postu milli komandada Robert Prosineçkinin köməkçisi olan Elxan Abdullayevə tapşırıldı. Bundan az sonra Orxan Hüseynzadə klubun icraçı direktoru, İslam Abbasov inzibatçısı vəzifəsinə təyin olundu.

Bu təyinatlardan sonra “Neftçi”nin Müşahidə Şurasının fəaliyyətində nisbətən zəifləmə hiss edilməyə başladı. Xeyli vaxtdır ki, şura üzvləri əvvəlki tək intensiv toplanmır. Klub daha çevik idarəetmə mexanizmlərinin tələbinə uyğun, icraçı direktor Orxan Hüseynzadənin bilvasitə nəzarətinə verilib. Noyabrın sonlarında Bəhram Bağırzadənin istefasından sonra isə şuraya yeni üzvün seçiləcəyi ilə bağlı səslənən ehtimallar hələ də özünü doğrultmayıb.



Hazırda “Neftçi”nin, Müşahidə Şurasının formalaşmasından sonra yeni bir keçid dövrünə qədəm qoyduğunu söyləmək olar. Qış fasiləsində heyəti yenidən köklü dəyişikliklərə məruz qalan “Neftçi” iddialarını bərpa etməyə, avrokuboklara vəsiqə qazanmağa çalışır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.