LAYİHƏ: “Neftçi”nin uşaq komandalarının vəziyyəti: uğurlar, problemlər

Martın 18-də Premyer Liqanın 23-cü turu çərçivəsində “İnter”lə qarşılaşan “Neftçi” həmin oyunda 80 illik yubiley tədbirlərinə start verdi. Meydana klubun nostalji qoxulu klassik ağ-qara rəngli forması ilə çıxan “Neftçi” qazandığı qələbə ilə azarkeşlərini sevindirməyi bacardı. Bu qələbə sayəsində xalını 26-ya yüksəldən “xalq komandası” yubiley ilində avrokuboklarda iştirak, qitə miqyaslı yarışlarda Azərbaycanı təmsil etmək üçün yaxşı şans qazandı. Artıq “ağ-qara” rənglərə könül verən azarkeşlər gələcəyə daha nikbin baxır, ölkənin ən qocaman klubunun 80 illiyini qeyd etdiyi mövsümü major notlarla bitirəcəyinə inanırlar. 

SportLine.az indiyədək oxucularına təqdim etdiyi silsilə yazılarda “Neftçi”nin 80 ildə keçdiyi keşməkeşli yollara birlikdə nəzər saldıq, tarixi uğurları bir daha xatırladıq. Keçmişə nəzər saldıqdan sonra əmin olduq ki, eniş-yoxuşlu yollarla irəliləyən, ən çətin məqamlarda belə varlığını qoruyan, Azərbaycanı uğurla təmsil edən “Neftçi” ölkənin idman həyatında əvəzolunmaz yer tutur. Təsadüfi deyil ki, müstəqilliyini bərpa edən Azərbaycanın milli komandası beynəlxalq miqyasda çıxış etməyə başlayandan bəri “Neftçi”nin yetirmələri üçrəngli bayrağımız əks olunmuş formanı qürurla daşımış, seçmə komandaların onurğa sütununu təşkil etmişlər.

Keçmişin səhifələrini hər dəfə vərəqlədikcə bu məqamları aydın görmək mümkündür. “Neftçi” Azərbaycan milli komandalarına ən çox futbolçu vermiş klubdur. Sovetlər dönəmində olduğu kimi, müstəllik tariximizin də az qala bütün tanınmış futbolçuları “Neftçi”nin məktəbini keçmiş, futbolda ilk addımlarını məhz ağ-qara formada atmışlar. Keçmişi fəxrlə xatırlamaq, hər nə qədər xoşdursa, gələcəyi sağlam təməllər üzərində qurmaq da o qədər vacibdir. “Neftçi” öz ad-sanını, Azərbaycan futbolunda tutduğu əhəmiyyətli yeri qorumaq üçün öz ənənələrinə də sadiq qalmaqla yanaşı, yeni istedadların tapılıb üzə çıxarılmasına, uşaq və yeniyetmələrin düzgün inkişafına, aşağı yaş qruplarında seleksiya və məşqlərin müasir tələblərə uyğun, peşəkar mütəxəssislər tərəfindən aparılmasına da ciddi önəm verməlidir. Elə bu səbəbdən də, bu günkü yazımızda “Neftçi”nin əvəzedicilərinin və aşağı yaş qrupları üzrə komandalarının vəziyyətinə nəzər yetirəcəyik.

Ənənələr davam edir

Ümumi götürsək, “Neftçi”nin futbolçularının adına yenə də Azərbaycanın bütün milli komandalarının heyətində rast gəlirik. Bu göstəricinin xüsusilə aşağı yaş qrupları üzrə millilərdə yüksək olması sevindiricidir. Əsas millinin baş məşqçisi Robert Prosineçki Almaniya ilə oyunun hazırlıqlarına “Neftçi”nin iki üzvünü dəvət etmişdi. Təəssüflər olsun ki, Ruslan Abışovla Namiq Ələsgərov zədə səbəbindən millinin düşərgəsini tərk etdi. Bakıda toplanış keçən 21 yaşadək futbolçulardan ibarət millimizə çağırılanlar arasında “Neftçi”li Fəhmin Muradbəyli və Sənan Əlizadə də var idi. İslam Oyunlarında iştirak edəcək U-23 milisinin düşərgəsinə isə, “Neftçi”dən 3 futbolçu yollanıb: Məqsəd İsayev, Maksim Vaylo və Rahil Məmmədov.

Estoniyada təlim-məşq toplanışı keçən U-19 millimizin heyətində isə, “Neftçi”lilərin sayı beşdir: Pilağa Mehdiyev, Bahadur Həziyev, İbrahim Əliyev, Kamran İbrahimov və Rəhman Daşdəmirov. Sonuncu rəqəm xüsusilə diqqəti cəlb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan futbolunun gələcəyi məhz gənc və yeniyetmə futbolçuların uğurlu çıxışından asılıdır. Yaxın gələcəkdə əsas millinin ağır yükünü və məsuliyyətini daşıyacaq 19 yaşadək futbolçulardan ibarət seçməmizin heyətində “Neftçi”nin 5 yetirməsinin olması vacib məqamdı. Deməli, “Neftçi” ölkə futbolunun gələcəyi üçün yeni-yeni adların kəşfində və onların düzgün inkişafında əsas pay sahibi olmaqda davam edir.

Gələcəyə ümidlə baxmaq üçün əsaslar olsa da...

“Neftçi”nin əsas komandası mövsümə uğursuz başladı və ilk iki dövrədə itirdiyi vacib xallar səbəbindən turnir cədvləndə də xeyli gerilədi. Təsadüfi deyil ki, avrokuboklara vəsiqə qazanmaq şanslarını qoruyan “flaqman”ın ilk “üçlüyə” düşməsi xeyli çətin görünür. Paytaxtın “İnter” klubu qarşıdakı 5 turda bir qələbə qazanmaqla “Neftçi”nin bürünc medala olan ümidlərinin üzərindən xətt çəkə bilər. Amma əvəzedicilərin çempionatında və aşağı yaş qrupları üzrə yarışlarda vəziyyət sevindiricidir. Hətta əminliklə demək olar ki, “Neftçi” yarışdığı turnirlərin hamısında medallara iddialıdır. Hazırda “Neftçi”nin əvəzediciləri, U-19-dan U-14-ə qədər bütün komandaları yarışdıqları çempionatlarda turnir cədvəlinin ilk üç pilləsindən birini “özəlləşdiriblər”. Kiçik araşdırma aparmaqla vəziyyəti aydınlaşdıra bilərik. Əvəzedicilərin yarışında “ağ-qaralar” 23 oyundan 42 xal toplamağı bacarıblar. Məhz bu xalların sayəsində “Neftçi” “Qəbələ” və “Qarabağ”dan sonra 3-cü pillədədir. Samir Əliyevin çalışdırdığı komanda 2-ci yerdəki “Qarabağ”dan cəmi bir xal geridə qalır. “Neftçi” ilə “Qarabağ”ın rəqabəti U-19 liqasında da hiss olunur. 19 yaşadək futbolçuların yarışdığı çempionatda da “Neftçi” 1-ci pillədəki Ağdam təmsilçisinin izləyicisidir və “Qəbələ”ni qabaqlayır. 


U-17 və U-14 liqasında isə, “Neftçi” liderdir. 20 oyundan 47 xal toplayan “Neftçi”nin 17 yaşadək futbolçulardan ibarət komandası 1-ci pilləni güzəştə getmək fikrində deyil. 14 yaşadək futbolçuların yarışdığı çempionatda isə “Neftçi” 16 oyuna 42 xal toplamaqla liderlik edir. U-16 komandasının da iddiaları tükənməyib. 19 oyuna 42 xal toplayan “Neftçi” 2-ci pilləni tutur və liderdən cəmi bir xal geri qalır. “Neftçi”nin U-15 komandası isə 18 oyuna topladığı 37 xalla 3-cü yerdədir və mükafatçılar sırasında yer alacağı şübhəsizdir. 

... Problemlər də var

Sözsüz ki, “Neftçi”də uşaq futbolunun vəziyyətinin, aşağı yaş qrupları üzrə komandaların şəraitinin ideal olduğunu demək mümkünsüzdür. Xüsusilə, hazırkı şəraitdə problemlərin aşkarlanması və həll edilməsinə ciddi ehtiyac var. Hazırda paytaxtımızda onlarla futbol məktəbi fəaliyyət göstərir. Həmin məktəblər özlərinə müxtəlif cəlbedici adlar seçir, xarici klubların adından istifadə etməklə valideynlər arasında çaşqınlıq yaradılar. Müəyyən ödəniş qarşılığında istedadı ilə seçilən yeniyetmələri öz ətraflarına toplayan həmin məktəblər Azərbaycan futbolunun gələcəyini də məhv edirlər. Süni örtüklü yararsız meydançalarda qeyri-peşəkar məşqçilərin başçılığı altında keçirilən məşğələlər uşaqları həm fiziki, həm də mənəvi baxımdan ciddi zərbələrə məruz qoyur, onları top oyununun sehrindən məhrum edir. Valideynlər isə, artıq maddi xərcə düşmək istəmədiklərindən yolun yarısından qayıtmağa üstünlük verirlər. İtirən isə, Azərbaycan futbolu olur. Belə yerdə ölkə futbolunun flaqmanı sayılan “Neftçi”nin üzərinə böyük yük düşür. Klubun müasir tələblərə cavab verən akademiyasının yaradılmasına, həmin akademiyanın bazasında futbol təmayüllü məktəbin formalaşdırılmasına ehtiyac var. Məhz “Neftçi”nin həmin akademiyası yaradıldıqdan sonra Azərbaycan paytaxtında uşaq futbol məktəbləriylə bağlı hərc-mərcliyə son qoymaq olar. Xarici təcrübədən yararlanmaqla, həmin akademiyaya istedadıyla fərqlənən uşaqlar toplanılmalı, onların təkcə futbolla məşğul olmasına deyil, təhsilinə və səhəttinə, sağlam təfəkkürlü idmançı kimi yetişməsinə nəzarət edilməlidir. Peşəkarların nəzarəti altında düzgün inkişaf edən həmin istedadlar yaxın gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna fayda verməyə başlayacaqlar.

Hazırda isə, “Neftçi”də uşaq komandalarının yetərincə ciddi problemləri var. Klubun bazasında yalnız əsas komandanın hazırlığı üçün şərait yaradılıb. Bakıxanovda, “İsmət Qayıbov adına stadion”un yerində inşa edilən təlim-məşq bazasında isə işlər yekunlaşmayıb. Belədə, “ağ-qaralar”ın azyaşlıları hər dəfə məşq üçün şəhərin mərkəzindən Mərdəkandakı “Dalğa Arena”ya qədər uzaq məsafəni qət etməyə məcbur qalırlar. Bu isə, yetərincə ciddi zaman və enerji itkisinə səbəb olur, məşqlərin effektini əhəmiyyətli dərəcədə azaldır. 



Keçmişini unudanın gələcəyi də olmaz deyiblər. Sevindirici haldır ki, “Neftçi”nin keçmişi unudulmur, qazanılan tarixi uğurlar xatırlanır. Amma həmin uğurların davamını gərirmək də vacib missiyadır. Bunun üçün isə, uşaq futboluna diqqəti artırmaq, azyaşlı futbolçuların problemlərini həll etmək zəruridir.

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.