Ağırlıqqaldırma üzrə seçmə komandaların məşqçilər heyətinin yeni tərkibi açıqlanıb
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının İdarə Heyətinin qərarına əsasən, rusiyalı mütəxəssis Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib.
Sportline.az xəbər verir ki,Maxtı Makkayev uzun müddət Rusiya yığmasında çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar.
Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək. Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.
Qeyd edək ki, qadınlardan ibarət komandanın baş məşqçisi isə Sərdar Həsənov olacaq. Onun köməkçisi Əfqan Bayramovdur.