Argentina millisinin oyunçusunun şəxsi əşyalarını oğurlayıblar

Argentina Olimpiya komandasının baş məşqçisi Xavyer Maskerano yarımmüdafiəçi Tiaqo Almadanın milli komandanın məşq bazasından şəxsi əşyalarının oğurlandığını bildirib.

Sportline.az xəbər verir ki, TyC Sports 40 yaşlı çalışdırıcının sözlərinə bu cür yer verib.

"Dünən kimsə məşq bazamıza girərək bizi qarət etdi.Tiaqo Almadanın əşyaları oğurlanıb.Bizdən hər yerdə akkreditasiya tələb edirlər, amma sonra belə şeylər olur".

Maskerano mərakeşli azarkeşlərin törətdiyi iğtişaşlar səbəbindən matçın dayandırılmasından iki saat sonra başa çatan mübahisəli Argentina - Mərakeş matçından (1:2) da danışıb.

"Bu gün onlar 7 dəfə meydançaya qaçdılar, sonra bizə fişənglər atdılar. Bizə dedilər ki, görüş 2:2 hesabı ilə başa çatıb.Nə biz, nə də Mərakeş millisi olanlardan sonra oynamaq istəmirdik" deyə Markerano bildirib.

Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunlarının Argentina-Mərakeş açılış matçı 2:1 hesabı ilə Afrika təmsilçisinin xeyrinə yekunlaşıb.