Avropa çempionatı: Azərbaycanı 23 güləşçi təmsil edəcək

Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının (AWF) mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, bir həftə davam edəcək yarışa ümumilikdə 23 pəhləvan yollanacaq.

Martın 18-də AWF vitse-prezidenti Namiq Əliyevin də izlədiyi sərbəst güləş üzrə millinin məşqində sınaq xarakterli görüşlər keçirilib. Beynəlxalq dərəcəli hakimlərin idarə etdiyi qarşılaşmalardan sonra yığmanın yekun heyətinə aydınlıq gətirilib. Beləliklə, Macarıstanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) güləşəcək.

Martın 14-dən Budapeştdə təlim-məşq toplanışı keçən qadın güləşi üzrə milli cəmi 3 idmançı ilə təmsil olunacaq. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) qitə birinciliyində mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə milli isə yarışın son günlərində çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatında I-S kateqoriyalı hakimlər - Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.