Avropa çempionatı: Hacı Əliyev mübarizəyə başlayır

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gələcək.

65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macarıstanlı Daniel Antalın müqavimətini qırmağa çalışacaq.

Əşrəf Aşırov (79 kq) eyni raundda bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək.

Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.