Avropa çempionatında daha iki medal
Azərbaycanın qadın güləşi üzrə seçmə komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatını 4 medalla başa vurub.
Sportline.az xəbər verir ki, komanda üzvləri 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Bu gün zərif cins nümayəndələrindən Jalə Əliyeva 62 kq çəki dərəcəsində Avropa çempionluğu əldə edib. Mübarizəyə 1/4 final mərhələsindən başlayan Əliyeva Fransa təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. O, yarımfinalda polşalı Paulina Malqorzata Danişə də çətinlik çəkmədən qalib gəlib. Finaldakı rəqib isə serbiyalı Anna Fabian olub. Bu görüşdə də nəyə qadir olduğunu göstərən Gəncə güləş məktəbinin yetirməsi 6:2 hesablı qələbə qazanaraq qızıl medal qazanıb.
53 kq çəkidə isə Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə 12:7 hesabı ilə qalib gəlsə də, yarımfinalda almaniyalı Anastasiya Blayvasa sonuncu xal prinsipinə əsasən uduzub. Bürünc medal qarşılaşmasında isə o, rumıniyalı Beatris Ferentə tam üstünlüklə - 11:1 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, daha öncə Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.