Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycan Şahmat Federasiyası (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib.
Bu barədə Sportline.az-a federasiyadan məlumat verilib.
İclasda çıxış edən qurumun prezidenti Mahir Məmmədov dövlət tərəfindən şahmata daim diqqət və qayğının göstərildiyini xatırladıb. Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən İddiaçılar Turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra Nicat Abasovun İddiaçılar Turnirində iştirak edən üçüncü azərbaycanlı şahmatçı olduğu bildirilib.
Yeniyetmə şahmatçı Xaqan Əhmədin FIDE-nin Şahmat Akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov və Boris Qelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilib.
İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi və qadın şahmatçılardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub. Federasiyanın loqosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb.