Azərbaycan Şahmat Federasiyasının prezidenti Dünya Kubokunun açılış mərasimində iştirak edib
FIDE-nin vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Gürcüstanın Batumi şəhərində qadınlar arasında keçirilən Dünya Kubokunun açılış mərasimində iştirak edib.
Federasiyanın mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, tədbirdə AŞF rəhbəri ilə yanaşı, Gürcüstanın dövlət və hökümət rəsmiləri, Gürcüstan Şahmat Federasiyasının rəhbəri Akaki İaşvili, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, eləcə də digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində nitq söyləyən FIDE prezidenti Dünya Kubokunda ən güclü qadın şahmatçıların iştirak etdiyini söyləyib. Mahir Məmmədov isə Gürcüstanın mötəbər şahmat yarışına ev sahibliyi etməsini önəmli hadisə adlandırıb və yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib.
Ardınca püşklə ilk mərhələdə şahmatçıların hansı fiqurlarla mübarizə aparacaqları müəyyənləşib. Tək rəqəmi seçən şahmatçıların qara fiqurlarla yarışacağı məlum olub.
Dünya Kubokunda Azərbaycan 4 şahmatçı ilə təmsil olunacaq. Püşkatmanın nəticələrinə görə, ilk mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan olan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.
Dünya Kubokunun mükafat fondu 691 250 ABŞ dollar təşkil edir. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, yarışda 47 ölkədən ümumilikdə 107 şahmatçı mübarizə aparacaq.